Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan yüksək inkişaf və tərəqqi dövrünü yaşayır

Naxçıvan yüksək inkişaf və tərəqqi dövrünü yaşayır

12.03.2010 [09:51]

Dövlət Proqramından irəli gələn tapşırıqların uğurla həyata keçirilməsi nəticəsində Muxtar Respublikanın sosial-iqtisadi inkişafında yüksək nailiyyətlər əldə edilib
ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz son illərdə iqtisadi artım üzrə dünyada lider dövlətə çevrilib. 2009-cu ildə də iqtisadiyyatın bütün sahələrində irimiqyaslı islahatların sistemli və düşünülmüş şəkildə davam etdirilməsi Azərbaycanı dünyanın ən islahatçı ölkəsi kimi tanıdıb. 2009-cu ildə Azərbaycanda ümumi Daxili Məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. İlin yekunlarına görə, ölkədə orta illik inflyasiya səviyyəsi 1,5 faiz olub ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən təxminən 10 dəfə azdır. Bu, bir daha onu göstərir ki, ölkəmizin uğurlarının təməlində düşünülmüş siyasət və düzgün qəbul edilmiş qərarlar dayanır. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” 23 noyabr 2003-cü il tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edib. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ötən dövr üçün regional inkişafın istiqamətverici sənədi olub.
Proqramda həmin illər ərzində ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilib. Proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Birinci proqramın əhatə etdiyi 5 il ərzində Azərbaycanda ümumi Daxili Məhsulun real həcmi 2,6 dəfə artıb, onun tərkibində qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil edib. ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olub. Bu illərdə əhalinin gəlirləri 4 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 45 faizdən 2008-ci ilin sonuna 11 faizə düşüb. 766 mindən çox yeni iş yerləri açılıb ki, bunun da 547,5 mini daimi iş yerləri olub.
Həmin proqramın məntiqi davamı kimi ölkə başçısı 14 aprel 2009-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev deyib: “2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu bir daha göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır. Yoxsulluğun səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb”.
Qəbul olunmuş Dövlət Proqramları Muxtar Respublikada 1996-cı ildən başlayan dinamik inkişafın daha da sürətlənməsinə təkan verib, inkişafın yeni istiqamətlərinin müəyyən edilməsi ilə səciyyələnib.
Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramlarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının Regional İnkişafı Proqramı (2005-2008-ci illər)” və 28 may 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların uğurla həyata keçirildiyi ötən 2004-2009-cu illər ərzində Muxtar Respublikanın sosial-iqtisadi inkişafında bütünlükdə, o cümlədən, sənaye istehsalı, investisiya qoyuluşu, tikinti və kənd təsərrüfatı sahələrində, rabitə, nəqliyyat, pullu xidmət bölmələrində, istehlak bazarının inkişafında yüksək nailiyyətlər əldə edilib.
Regional inkişaf proqramlarının icrası baxımından son 6 ildə Muxtar Respublikada yeni istehsal sahələrinin yaradılması, daxili bazarın tələbatının yerli məhsullar hesabına ödənilməsi sahəsində olduqca irimiqyaslı layihələr həyata keçirilib. Bu sırada irihəcmli çörək-bulka məmulatı istehsal müəssisəsi, taxılüyütmə, ət və ət məhsulları, quş əti, yumurta, süd və süd məhsulları, makaron, qənnadı məmulatları, halva, qənd, duz, dondurma, quru meyvə, meyvə şirəsi və konsentratı, şərab, tünd içkilər, tütün məmulatı, istixanalarda yetişdirilən tərəvəz məhsulları, paketlənmiş və qovrulmuş kənd təsərrüfatı məhsulları, müasir texnikaya əsaslanan mineral sudoldurma müəssisələri, balın pasterizasiyası və qablaşdırılması, çoxlu sayda kiçikhəcmli çörək və lavaş istehsalı müəssisələri, balıqyetişdirmə kimi müxtəlif səpkili istehsal şəbəkələrinin adlarını çəkmək olar.
Daxili bazarın tələbatı nəzərə alınmaqla əhalinin qış mövsümündə təzə meyvə-tərəvəzə olan tələbatının ödənilməsi məqsədilə ümumi tutumu 6120 ton olan soyuducu anbarlar tikilib istifadəyə verilib. Görülən bu uğurlu iş, eyni zamanda, kənd təsərrüfatı məhsulu istehsalçılarına həm satış, həm də mövsümlərarası saxlama üçün əlverişli şərait yaradıb.
Bu illərdə qeyri-ərzaq mallarının istehsalının genişləndirilməsi daxili bazarın həmin məhsullar üzrə idxaldan asılılığını xeyli məhdudlaşdırıb. Hazırda Muxtar Respublikada yeni istehsal sahələri olmaqla ayaqqabı, müxtəlif çeşidli tikili mallar, plastik materiallar, müxtəlif borular, kərpic, dekorativ üzlük daşlar, beton, qum-çınqıl, saydinq, yağlı və yağsız boyalar, polietilen torba və stolüstü örtüklər, mineral gübrə, mebel, çuğun və əlvan metallar, polipropilen kroşkadan toxunmuş parça, geniş çeşiddə məişət metal məmulatları, tikinti üçün müxtəlif aksessuarlar, minik avtomobilləri istehsalı müəssisələri fəaliyyət göstərməkdədir.
Yeni istehsal müəssisələrinin yaradılmasına, infrastrukturun və kommunal xidmətin yaxşılaşdırılmasına, müxtəlif təyinatlı sosial obyektlərin inşasına dövlət investisiyalarının yönəldilməsi bu illər ərzində daim diqqətdə saxlanılıb və son 6 ildə Muxtar Respublikada ümumi Daxili Məhsulun həcminin 4,7 dəfə, onun adambaşına düşən payının 4,5 dəfə yüksəlməsinə nail olunub, bütün maliyyə mənbələri hesabına istifadə olunmuş investisiyaların həcmi 6,8 dəfə artıb.
Daxili bazarın ərzaq məhsulları üzrə əsas təminatçısı, eləcə də, qida emal sənayesinin xammal təchizatçısı mövqeyində çıxış edən kənd təsərrüfatında çalışan fiziki və hüquqi şəxslərə güzəştli dövlət kreditlərinin verilməsi, taxıl əkinçilərinə istifadə etdikləri yanacaq və gübrəyə görə subsidiyaların, hər hektar taxıl əkini sahəsi üçün dövlətin əlavə yardım etməsi, “Aqrolizinq” xidmət sahələrinin yaradılması bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalının dinamik artımına səbəb olub.
Bu illər ərzində Muxtar Respublikada kənd təsərrüfatında məhsul istehsalının ümumi həcmi 2,1 dəfə artıb, dənli və dənli-paxlalı bitkilərin istehsalı 27,5 faiz, kartof istehsalı 2,6 dəfə, tərəvəz istehsalı 1,1 dəfə, meyvə istehsalı 2,3 dəfə artıb.
İstehsal sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, infrastruktur sahələrinin inkişafına və yeniləşməsinə xüsusi önəm verilib, nəqliyyatın, rabitənin, energetika və kommunal təsərrüfatı sahələrində əsaslı işlər həyata keçirilib.
Naxçıvan Beynəlxalq Hava Limanının, Şahtaxtı sərhəd-keçid məntəqəsində yeni inşa edilmiş körpünün, Naxçıvan şəhərində və rayon mərkəzlərində yeni avtovağzalların istifadəyə verilməsi,  Bakı-Naxçıvan-Bakı müntəzəm avtomobil marşrutunun açılması, şəhərdaxili və beynəlxalq sərnişin daşınmasında xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni, iritutumlu yüksək komfortlu avtobusların istismara buraxılması nəqliyyat sektorunda xidmətin səviyyəsini əsaslı surətdə yaxşılaşdırıb, yük və sərnişin daşınmalarının həcminin artmasına imkan verib. Son 6 ildə nəqliyyatda yük daşınmasının həcmi 2,2 dəfə, sərnişin daşınması isə 3 dəfə artıb.
Naxçıvan Muxtar Respublikasının informasiya cəmiyyətinə keçid sistemi daxilində inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması yönündə davamlı tədbirlər görülüb, optik kabel magistrallarının tikintisi ilə böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə geniş imkanlar yaranıb. Bu dövrdə göstərilən rabitə xidmətinin həcmi 20,3 dəfə artıb, ümumi xidmətlərin 85 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb.
Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün regional proqramlar çərçivəsində mühüm tədbirlər həyata keçirilib, 87 meqavat gücündə Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyası tikilib istifadəyə verilib, yeni yarımstansiyalar inşa olunub, müxtəlif gücə malik transformatorlar quraşdırılıb, elektrik xətləri yeniləri ilə əvəzlənib. Görülən işlərin davamı olaraq Ordubad rayonunda gücü 20 meqavat olan Biləv Su Elektrik Stansiyasının inşası aparılır. Bütün bu görülən tədbirlər Muxtar Respublikanı elektrik enerjisi idxalçısından enerji ixracatçısına çevirib.
Muxtar Respublikanın yaşayış məntəqələrinin bütövlükdə qazlaşdırılması başa çatdırılıb.
Naxçıvan şəhərinin və rayon mərkəzlərinin su və kanalizasiya sistemlərinin yeniləşdirilməsi sahəsində əməli işlər davam etdirilir.
Yerli istehsalın genişləndirilməsi ilə daxili bazarın təmin olunmasında yaranmış pozitiv şərait, ən əsası isə əhalinin həyat səviyyəsinin dinamik yüksəlişi hesabına alıcılıq qabiliyyətinin davamlı olaraq artması istehlak bazarının fəaliyyətini daha da canlandırıb və bunun nəticəsində son 6 ildə Muxtar Respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,9 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 6,2 dəfə çoxalıb.
Bu illər ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 6, o cümlədən, ixracın həcmi 26,9, idxalın həcmi isə 3,3 dəfə yüksəlib.
İqtisadiyyatın davamlı inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması, o cümlədən, əməkhaqlarının, təqaüdlərin artırılması, ünvanlı sosial yardımların verilməsi, ümumilikdə əhalinin həyat səviyyəsinin ilbəil yüksəlməsinə imkan verib. Son 6 il ərzində əhalinin nominal pul gəlirləri 5,3 dəfə, adambaşına düşən pul gəlirləri isə 4,9 dəfə çoxalıb, orta aylıq əməkhaqqının məbləği 2010-cu ilin əvvəlinə 272,3 manat təşkil edib ki, bu da 7,1 dəfə artım deməkdir.
Sosial obyektlərin tikilməsi, yenidən qurulması və əsaslı təmir edilməsi sahəsində proqram çərçivəsində bu illər ərzində davamlı iş aparılıb. Onlarla yeni məktəb, səhiyyə obyekti-xəstəxana, həkim ambulatoriyası, feldşer-mama məntəqəsi tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Qədim İpək Yolunun bir hissəsi olan Naxçıvan-Sədərək avtomobil yolunun ən yüksək dünya standartlarına uyğun şəkildə tikintisi aparılıb, respublika əhəmiyyətli avtomobil yollarının yenidən qurulması həyata keçirilib.
Muxtar Respublika iqtisadiyyatında əldə olunmuş sabit artım tempi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, onun rəqabət gücünün artırılması və iqtisadi fəallığın yüksəldilməsi yeni iş yerlərinin yaradılması üçün əlverişli zəmin yaradıb. 2003-cü il oktyabr ayının 1-dən 2010-cu il yanvar ayının 1-dək Muxtar Respublikada 41815 yeni iş yeri yaradılıb ki, onun da 27133-ü və ya 64,9 faizi daimi iş yerləridir. 2009-cu ildə açılan 4742 yeni iş yerinin isə 3458-i və ya 72,9 faizi daimi iş yerlərinin payına düşür.
Regionların sosial-iqtisadi inkişafı üzrə 6 il ərzində görülmüş irimiqyaslı işlərin yekunu və bu gün ölkədə aparılan uğurlu, məqsədyönlü iqtisadi siyasət, ölkənin mövcud maliyyə ehtiyatları və davamlı yüksələn iqtisadi durum yeni proqramda icrası nəzərdə tutulmuş tədbirlərin bütünlüklə və vaxtından əvvəl həyata keçiriləcəyinə əsaslı zəmin yaradır. Naxçıvanda səfərdə olarkən cənab Prezident İlham Əliyev ölkədə, o cümlədən, Muxtar Respublikada aparılan uğurlu işlər haqqında deyib: “Azərbaycanda və Naxçıvanda həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli, həm də gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Bu, bizim uğurlarımızın təməl prinsipidir. Məhz bu möhkəm təməl əsasında biz irəliyə gedirik”.
Sara ƏZİMOVA
Paylaş:
Baxılıb: 1457 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31