Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Süni intellekt həyatın hər sahəsini dəyişəcək” — Gənc olimpiadaçı Tunarla müsahibə

“Süni intellekt həyatın hər sahəsini dəyişəcək” — Gənc olimpiadaçı Tunarla müsahibə

20.05.2026 [18:43]

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt sahəsinə maraq göstərən gənclərin sayı da artır. Bu sahədə uğur qazanan məktəblilər arasında olimpiada və elmi müsabiqələrdə fərqlənən gənclər xüsusi diqqət çəkir. Həmsöhbətimiz 10-cu sinif şagirdi Tunar Əhmədzadə də məhz belə gənclərdəndir. O, “Sabahın Alimləri” müsabiqəsində bürünc medal qazanıb, AI olimpiadasında isə qızıl medala layiq görülüb. Süni intellektə marağından, qazandığı təcrübələrdən və gələcək planlarından danışan Tunarla həmsöhbət olduq:

— Özünü qısaca təqdim edərdinmi? Hazırda hansı məqsədlərlə çalışırsan?

— Adım Tunardır, hazırda 10-cu sinifdə oxuyuram. Əsas hədəfim 1-ci ixtisas qrupu üzrə hazırlaşıb kompüter elmləri sahəsində ali təhsil almaqdır. Xüsusilə süni intellekt mövzusu mənim üçün çox maraqlıdır və gələcəkdə bu istiqamətdə özümü inkişaf etdirmək istəyirəm.

— 1-ci ixtisas qrupunu və kompüter elmləri sahəsini seçməyə səni nə həvəsləndirdi?

— Problemləri analiz edib həll etməyi həmişə sevmişəm. 1-ci ixtisas qrupu həm riyazi, həm də texniki düşüncə tələb etdiyi üçün özümü bu sahəyə daha yaxın hiss edirəm. Kompüter elmləri isə süni intellekt kimi müasir texnologiyaların əsasını təşkil edir. Məhz buna görə bu istiqaməti seçmək qərarına gəldim.

— Süni intellekt mövzusuna marağın necə yaranıb? Bu sahədə səni ən çox təsirləndirən nədir?

— Məni ilk cəlb edən məqam süni intellektin öyrənə bilməsi və insan beyninin fəaliyyətini müəyyən qədər təqlid etməsi idi. Bununla yanaşı, bu sahənin fəlsəfi və etik tərəfləri də diqqətimi çəkir. Süni intellekt artıq həyatın demək olar ki, bütün sahələrinə təsir göstərir və gələcəkdə bu təsirin daha da artacağını düşünürəm. Bu da onu mənim üçün daha maraqlı edir.

— “Sabahın Alimləri” müsabiqəsində qazandığın bürünc medal sənə hansı təcrübələri qazandırdı?

— Bu müsabiqə mənə elmi tədqiqatın necə aparıldığını öyrətdi. Elmi məqalənin yazılması, metodologiyanın qurulması və araşdırmanın planlaşdırılması kimi vacib təcrübələr qazandım. Medal isə bu zəhmətin nəticəsi idi. Amma mənim üçün ən önəmlisi prosesin özü oldu. İlk dəfə sərbəst şəkildə elmi tədqiqat aparmaq mənə həm böyük təcrübə qazandırdı, həm də özüməinamımı artırdı.

— AI olimpiadasında qızıl medal əldə etmək üçün necə hazırlaşmışdın? Bu uğurun sirri nə idi?

— Python proqramlaşdırma dilini artıq bilirdim. Daha sonra maşın öyrənməsi və data analizi üçün lazım olan pandas, numpy, scikit-learn və matplotlib kimi kitabxanaların əsaslarını öyrəndim. Məncə əsas məsələ çox şey bilməkdən daha çox, mövcud alətlərlə maksimum nəticə əldə etməyi bacarmaqdır. Buna görə də olimpiadanın formatına uyğun ən çox istifadə olunan alətlərə fokuslandım. Nəzəriyyə ilə yanaşı, Kaggle platformasında praktiki məşqlər də edirdim.

— Riyaziyyat və informatika olimpiadalarında iştirak etmək düşüncə tərzinə necə təsir edib?

— Bu olimpiadalar mənə problemlərə analitik yanaşmağı öyrədib. Bir məsələni hissələrə ayıraraq həll etmək, stress altında düzgün qərar vermək kimi bacarıqlar qazandırıb. Riyaziyyat məntiqi düşüncəni, informatika isə alqoritmik düşünmə qabiliyyətini inkişaf etdirir.

— Gələcəkdə akademik sahədə karyera qurmaq istədiyini qeyd etmisən. Özünü gələcəkdə hansı istiqamətdə görürsən?

— Özümü gələcəkdə kompüter elmlərinin müəyyən bir sahəsində elmi fəaliyyətlə məşğul olan mütəxəssis kimi görürəm. Mənim məqsədim sadəcə mövcud bilikləri tətbiq etmək deyil, eyni zamanda bu sahəyə yeni biliklər qazandırmaqdır. Akademik mühit də bu baxımdan mənə daha uyğun görünür.

— Azərbaycanda süni intellekt və texnologiya sahəsinin inkişafını necə qiymətləndirirsən?

— Düşünürəm ki, Azərbaycanda bu sahəyə maraq göstərən və öyrənməyə həvəsli gənclərin sayı artır. Bu, böyük üstünlükdür. Elmi qurumların, universitetlərin və akademik mühitin verəcəyi dəstək və təşviqlər gələcəkdə ölkəmizin bu sahədə daha da inkişaf etməsinə kömək edə bilər.

— Hazırda üzərində işlədiyin və ya gələcəkdə həyata keçirmək istədiyin bir layihə varmı?

— Hazırda əsas diqqətimi biliklərimi daha da möhkəmləndirməyə yönəltmişəm. Gələcəkdə isə insan beynini mümkün qədər dəqiq simulyasiya edə bilən neyron modelləri üzərində işləmək istərdim. Bu, olduqca mürəkkəb olsa da, bir o qədər də maraqlı istiqamətdir.

— Elm və texnologiya sahəsində uğur qazanmaq istəyən şagirdlərə hansı tövsiyələri verərdin?

— İlk növbədə, maraq dairələrini erkən müəyyən etmələrini və davamlı şəkildə öz üzərlərində işləmələrini tövsiyə edərdim. Uğur birdən-birə gəlmir. Hər gün az da olsa yeni bir şey öyrənmək zamanla böyük fərq yaradır. Bundan əlavə, öyrəndikləri məlumatları daim sorğulasınlar və səhv etməkdən qorxmasınlar. Çünki insan ən çox səhvlərini anladığı zaman inkişaf edir.

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

 - Sağ olun.

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31