Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Türk dünyasının birliyinə verilən növbəti mühüm töhfə

İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Türk dünyasının birliyinə verilən növbəti mühüm töhfə

01.08.2026 [20:30]

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlıq və qarşılıqlı etimad ən böyük siyasi kapital hesab olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri də məhz belə etimada, ortaq maraqlara və qardaşlıq dəyərlərinə söykənən münasibətlərin daha da möhkəmləndiyini bütün dünyaya nümayiş etdirdi. Səfər zamanı əldə olunan nəticələr göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr artıq təkcə dostluq münasibətləri deyil, strateji müttəfiqlik səviyyəsində inkişaf edir.

Prezident İlham Əliyevin mətbuata bəyanatı səfərin siyasi mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri təsadüfi deyil. Bu ifadə Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun, verdiyi sözə sadiqliyinin və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin bariz ifadəsidir. Məhz bu prinsip sayəsində ölkəmiz son illərdə həm Türk dünyasında, həm də daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi qəbul olunur.

Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər münasibətlərin gələcək inkişafı üçün möhkəm hüquqi baza yaratdı. İqtisadiyyat, investisiya, nəqliyyat, sənaye, təhsil və humanitar əməkdaşlıq sahələrini əhatə edən bu razılaşmalar iki ölkənin strateji maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir. Xüsusilə Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu fond vasitəsilə həyata keçiriləcək layihələr hər iki ölkənin iqtisadi inkişafına, yeni müəssisələrin yaradılmasına və məşğulluğun artırılmasına ciddi töhfə verəcək.

İssık-Kul gölünün sahilində inşa edilən "Bakı" hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın uğurlu nəticəsidir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihə təkcə turizm sahəsinə investisiya deyil, həm də ölkələrimiz arasında dostluğun canlı simvoludur. "Bakı" adının Qırğızıstanın ən məşhur turizm bölgəsində əbədiləşdirilməsi Azərbaycan brendinin beynəlxalq nüfuzunun artmasının daha bir göstəricisidir.

Qırğızıstanın Qarabağın bərpasına göstərdiyi dəstək isə xüsusi minnətdarlıq doğurur. Ağdam rayonunda "Manas" adına məktəbin tikilməsi qardaş ölkənin Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin real təzahürüdür. Bu məktəb yalnız təhsil ocağı deyil, eyni zamanda Türk dünyasının həmrəyliyinin, ortaq tarixinin və ortaq gələcəyinin rəmzidir.

Humanitar sahədə həyata keçirilən layihələr də münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımızın mənəvi yaxınlığını daha da gücləndirir. Belə layihələr siyasi münasibətlərə humanitar məzmun qazandırmaqla yanaşı, gələcək nəsillərin də bir-birinə daha sıx bağlanmasına xidmət edir.

Səfərin ən mühüm nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələnin əsasını qoyan Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərində tamhüquqlu iştirak etməsi ölkəmizin artan geosiyasi əhəmiyyətinin və Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin növbəti uğurudur. Bu qərar regionda nəqliyyat dəhlizlərinin inkişafına, ticarət dövriyyəsinin genişlənməsinə və Türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – I dərəcəli "Manas" ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi olan "Heydər Əliyev" ordeninə layiq görülməsi dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin rəmzidir. Bu təltiflər həm dövlət başçılarının qarşılıqlı etimadını, həm də iki xalq arasında sarsılmaz dostluğun mövcudluğunu nümayiş etdirir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionun deyil, bütövlükdə Türk dünyasının birliyinə mühüm töhfələr verən, təşəbbüsləri ilə seçilən nüfuzlu dövlətə çevrilib. Qırğızıstana dövlət səfərinin nəticələri də bir daha təsdiqlədi ki, ortaq tarixə, dilə, mədəniyyətə və dəyərlərə söykənən Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcəyi son dərəcə perspektivlidir. Əminliklə demək olar ki, bu strateji müttəfiqlik həm iki qardaş dövlətin inkişafına, həm də Türk dünyasında həmrəyliyin və əməkdaşlığın daha da güclənməsinə mühüm töhfələr verməyə davam edəcək.


Ceyhun Əliyev

Siyəzən RİHB-nın Yenikənd kənd iəd üzrə nümayəndəsi

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31