Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 1918: 15 sentyabra doğru...

1918: 15 sentyabra doğru...

09.09.2022 [10:47]

Əvvəli ötən sayımızda...

1918-ci il... Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi...

Tarixi mənbələrimizdə həmin hadisələrlə bağlı geniş informasiyalar var. Və o hadisələri yaşamış Nağı bəy Şeyxzamanlının  xatirələri isə ən etibarlı mənbələrdən biri olaraq qalır.

Nağı bəy Şeyxzamanlı gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əks-inqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.

“Yeni Azərbaycan” N.Şeyxzamanlının 1918-ci il hadisələri ilə bağlı xatirələrini ixtisarla təqdim edir:

Günün birində bu millət özünü ələ alacaq və ətrafını hədələməyə başlayacaqdır. Bizim təşvişimiz bu gün üçün deyil, sabah üçündür cavabını verdim. Ənvər Paşa “Bilirsinizmi ki, rus çarı devrildikdən sonra hakimiyyətə gələn Kerenski, müharibəni qələbəyə qədər davam etdirəcəyini bütün dünyaya elan edərək həm bizi, həm də almanları narahat etmişdir. Çar üsul-idarəsinin çürük olduğunu almanlar və biz bilirdik. Halbuki, Kerenski idarə etdiyi hökumətə deyil, 80 milyon rusa arxalanırdı” dedi. Paşa daha sonra mənə Qafqaz İslam ordusunun yaradılmağa başlandığını və yüksək rütbəli zabitlərlə təmin olunacağını, bunun üçün bir komissiya qurulduğunu anlatdı və “Sizin də komissiyada olmağımızı uyğun saydıq”. İndi isə sizə gələcək Qafqaz İslam Ordusu komandanı şahzadə “Fərrux ilə tanış edəcəyəm” dedi. İçəriyə gənc bir zabit girdi. Ənvər Paşa bizi tanış etdi. Sonra birlikdə yavərin otağına keçdik. Orada da bir az söhbət etdikdən sonra ayrıldıq. Şahzadə ilə bir daha görüşə bilmədim. Daha sonra Ömər Faiqlə Məclisi Məbusana (Deputatlar məclisi - C. Q., M. Ə.) getdik. Orada məclis rəisi Hacı Adil bəylə tanış olduq. Axşam Pera Palas mehmanxanasında hökumətin senzur idarəsi ilə mətbuatın anlaşması məqsədi ilə hökumət tərəfindən veriləcək axşam yeməyinə dəvət edilmişdik. Hacı Adil məndən məclis barədə fikrimi soruşdu. Mən də “Bəy əfəndi Məclisində 24 çalmalı saydım. Onların burada nə işi var?” deyə soruşdum. Hacı Adil bəy “İndi çox yaxşı vəziyyətdədir. İlk məclisimizdə 24 çalmasız tapa bilməzdiniz” dedi. Sonra mənə Qafqaz haqqında suallar verdi. Cavablarını bildiyim qədər verdim. Ən axırda isə Bakı milyoneri, xeyriyyəçi Hacı Zeynalabdin Tağını soruşdu. Ona Hacı haqqında bildiklərimi anlatdım (təfsilatı Ankarada nəşr edilən “Azərbaycan” dərgisində verilmişdir).

Bu zamanlar hər gün qurulacaq ordu ilə əlaqədar komissiyanın işində yaxından iştirak edərək müraciət edənləri yoxlamadan keçirdikdən sonra qeydə alırdıq. Ancaq görüşdüyüm siyasi xadimlərdən “İttihat və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal paşaların Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərinin isə buna razı olmadıqlarını öyrəndim. Mən demək olar ki, hər gün Ənvər Paşa ilə görüşdüm. Görüşümüzün birində özümü topladım və Ənvər Paşanın mənim xatirimi istədiyindən istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda Ənvər Paşa. Eşitdiyimə görə sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm Qafqaza gedəcək hərbi qüvvənın başına Nuru paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70%-i biz azəri türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır. Bir də Paşam, sizin Qafqaza gedəcək hərbi qüvvələrə komandan təyin etdiyiniz şahzadəni hər axşam Pera Palas mehmanxanasının salonunda içki içib rəqs etdiyini görürəm. Qafqazda belə hərəkətləri xoşlamırlar”. Ənvər paşa məndən “Hacı bəy, sizin orada içki içmirlərmi?” deyə soruşdu. Mən isə bu suala “İçirlər Paşam, ancaq pivə kimi zəif alkoqollu içki olan şərab, “Vodka” deyilən sərt içkidən isə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş olmaq üçün deyil” cavabını verdim. Məni dinləyən Ənvər Paşa “çox yaxşı” dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin içki içib-içmədiklərinin də yoxlanmasını əmr etdi və sonra mənə “Nağı bəy, Nuru çox gəncdir, necə olar?” dedi Mən də dərhal “Paşam, Nuru Paşanın Trablis-qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlumat ala bilmədim. Rus mətbuatının Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı bəhs edən materialları Qafqazda oxumuşdum. Və bir də Paşam, sizin qardaşınız olması yetər” dedim. Ənvər paşa “Yaxşı sabah söhbət edərik” dedi və ayrıldıq.

Ertəsi gün Hərbi Nazirliyə gələndə dərhal məni Ənvər Paşanın yanına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni yenə də gülərüzlə qarşıladı və “Bəli, Nağı bəy, istədiyiniz oldu” dedi. Mən də “Paşam, çox sevindim və sabah bütün Qafqaz türkləri də sevinəcəklər” dedim. Ənvər Paşa məndən Azərbaycanda İsa Aşurbəyov adlı bir nəfəri tanıyıb-tanımadığını soruşdu. Mən də “Çox yaxşı tanıyıram, Paşam. Zəngin bir ailəyə mənsub, vətənpərvər bir şəxsdir” dedim. Ənvər Paşa ayrıca Aşurbəyovun türkiyəli Rüşəni bəy adında bir dostu olduğu və bunların mücadilə üçün pul istədiklərini söylədi. Rüşəni bəyi tanımırdım. Ancaq işin içinə pul məsələsi girincə iş dəyişmişdi. Ənvər paşaya “Paşam, iş dəyişdi. İsa bəy bakılıdır. Bütün Qafqaz təşkilatlarının məsrəfləri Bakıdan təmin edilməkdədir. Azərbaycanda, hələ Azərbaycanın mərkəzində pul məsələsi düşünülə bilməz. İsa bəy bunu məndən yaxşı bilir. Göndərməyin, mən məsuliyyəti öz üzərimə götürürəm. Bu işdə nə isə bir anlaşılmazlıq var” dedim. Ənvər Paşa mənim sözlərimi qəbul etdi və pul göndərilmədi. Bu zaman içəri bir paşa girdi. Ənvər paşa “bax istədiyin Nuru bu” deyərək bizi tanış etdi. Nuru paşa ilə birlikdə İslam ordusunun qərargahına gəldik.

Günlər keçir. Nuru paşanın ştab rəisi miralay (polkovnik -C.Q., M.Ə.) Nazim bəylə birlikdə (İstiqlal savaşı zamanı Sakaryada şəhid olmuşdur) gərgin bir şəkildə çalışır və kadrları tamamlayırdıq. Mən vəziyyətdən çox razı idim. Nuru paşa həm özü işləyir, həm də bizi işlədirdi. Bu arada bir görüşümüz zamanı Ənvər Paşanı çox məmnun gördüm və bundan cəsarət alaraq “Paşam, sizdən Hüsaməddin bəyin rütbəsinin bir dərəcə artırılmasını xahiş dəyişdim” dedim. Ənvər Paşa “Nağı bəy, əsir düşən bir zabitin necə əsir düşdüyü tədqiq edilməlidir. Baxarıq günahı necədir?” dedi. Mən dərhal “Paşam, bizim orada görüşdüyümüz iş nəzərə alınırmı? Ruslar ilə mücadiləmizdə Hüsaməddin bəyin böyük rolu vardır” dedim. İki gün sonra Ənvər Paşa məni hüzuruna çağırdı. Dərhal etdim. Gülər üzlə “Nağı bəy, Hüsaməddin bəyin raportunu aldım və çox məmnun qaldım. İstifadə edəcəyik. Özünün də rütbəsini bir dərəcə yüksəltdim” dedi. Sevindim və ona təşəkkür etdim. Hüsaməddin bəy raportunda general Əli Şıxlinskidən bəhs edirdi. Ənvər Paşaya “Paşam, Dünya müharibəsində biz azərilərdən dörd general rus ordusunda ordu komandanı olmuşdular. Yalnız bir gürcü generalı korpus komandanı ola bilmişdir. Azərilərdən ordu komandanı Səməd bəy mehmandarlı rus-yapon müharibəsində korpus komandanı olaraq ən yüksək nişanım almışdı. İkinci general Əli ağa Şıxlinskidir. O, rus ordusunun artileriya üzrə müfəttişi idi. Üçüncü general Xan Naxçıvanskidir. Dördüncüsü isə Xan İrəvanskidir. Bu generallar bizim ruslarla mücadiləmizdə heç bir rol oynamadılar” dedim. Qeyd komissiyasının işi davam edir, ancaq mən bu arada heç bir fikir bildirmirdim. Əslində qeyd olunanlardan heç kimi tanımırdım. Ancaq bir gün əslən qafqazlı olan Tahir adında bir müəllimin imam olaraq orduya daxil olmaq məqsədi ilə müraciət etdiyini gördüm. Etiraz etdim və dedim ki: “Qafqaza gedən ordu deyil ki, imamı olsun. Orada müəllim əfəndilərə iş yoxdur. Çünki oradakı müəllimlərə Dünya müharibəsində iştirak etmək qadağan olunmuşdur. Bir cümə axşamı Ənvər Paşa mənə “Nağı bəy, sabah sultan tərəfindən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib sizi götürəcəkdir” dedi. Cümə günü deyilən vaxtı avtomobil gəlib məni Yıldız sarayına apardı. Sultan Rəşad namazda idi. Biz bir başqa otaqda söhbət edərək gözləyirdik. Sultanın namazdan çıxdığını bizə xəbər verdilər. Bayıra çıxdıq. Bəhriyyə orkestri marş çalır, vəkillərlə mən də sıraya düzülmüşdük. Sultan yanında da Ənvər Paşa salam almış vəziyyətdə bizə doğru gəlirdilər. Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümüşü papaqla gözə çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sultan Ənvər Paşaya məni göstərərək

“Bu kimdir?” deyə soruşur. Ənvər Paşa “Qafqaz vəkili Nağı bəydir” cavabını verir. Sultan mənim türkcə bilib-bilmədiyimi soruşur və sonra yanımızdakı pilləkənlərlə yuxarı çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə “Nağı bəy, Sultanın hüzuruna qəbul olunursunuz” dedi. Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni gözləri ilə süzdü və “Demək türkcə bilirsən” dedi. Mən də “Bəli Sultanın, mən türkəm” dedim. Sultan mənə “mən səni çərkəz zənn etdim” dedi. Mən dərhal “Qafqazda 5 milyon türk vardır. Bunların içərisində çərkəzlər 200000-ə qədərdirlər” dedim. Sultan Rəşad bu sözlərimdən məmnun olmadı və “demək zalım çar onları məhv edib tükətmiş” dedi. Sonra o, mənə anasının çərkəz olduğunu və çərkəzləri çox sevdiyini söylədi. Mən “Sultan həzrətləri, Rusiyada 35 milyon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü altında inləməkdə idilər. Allahın köməyi ilə Çarı devirəcək zəncirləri qopardıq. Məni vəkil edərək “get müsəlmanların hörmətli xəlifəsinə salamımızı çatdır” dedilər. “Hamımız sənə dua etməkdəyik” dedim. Bu sözlərimdən çox məmnun olan  Sultan Ənvər Paşaya tərəf döndü və “Nağı bəyə üçüncü dərəcəli məcidiyyə verin” dedi. O zaman əncir aldığım baqqalın məcidiyyələri yadıma düşdü. Ənvər Paşa “Sultan həzrətləri, Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qafqazdan qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin” dedi. Biz bayıra çıxdıqda Ənvər Paşa əlimi sıxdı və əmirlərə verilən üçüncü məcidiyyə nişanı ilə təltif edildiniz, təbrik edirəm” dedi. Bu zaman anladım ki, alacağım məcidiyyə deyil, məcidiyyə nişanıymış. “İttiham və Tərəqqi” Partiyasının mərkəzindən doktor Baba Şakir ilə doktor Nazim bəylər mehmanxanaya gələrək vizit vərəqələrini mənim üçün qoyub getmişdilər. Bu sualların hamısına doğru-düzgün, ətraflı cavab verdim. Baba Şakir bəy Xocalarla inqilabımızda necə dil tapa bildiniz “Sizi başa düşdülərmi?” deyə soruşdu. Ona belə cavab verdim: Xeyr, Xocalar toplaşaraq bir İslam Partiyası qurdular. Şərait istəyirik dedilər. İlk zamanlar əhəmiyyət vermədik. Bizim partiyamız, yəni Türk Ədəmi Mərkəziyyət Partiyası bütün milli mənafelərimizə cavab verən prinsipləri proqramında əks etdirdiyindən qüvvətli idi. Bütün ziyalılar, tacirlər və bütün hörmətli şəxslər partiyanın ətrafında sıx birləşdilər. Ancaq biz sonradan bu xocalıların əleyhimizə təbliğat apardıqlarının şahidi olduq. Onlar xalqa deyirdilər ki, Partiya lideri olan Nəsib bəy bir kitab nəşr edərək ətrafında gəncləri toplamış və Qurani Kərimin əleyhinə təbliğat aparır. Bunun qarşısını almaq məqsədi ilə biz böyük bir xalq toplantısı təşkil edib onları xalq qarşısında təkzibedilməz dəlillərlə məğlub etdik. Biz bu xalq toplantısında xalqın təzyiqi ilə belə bir qərar çıxartdıq. Xocalar, mollalar camelərdə oturaraq, nigah kəsəcək, cənazə mərasimini idarə edəcək, xalqın anlamaq istədiklərini izah edəcək və qətiyyən dünyəvi işlərə qarışmayacaqlar. Dini işlərimizlə onlar, milli işlərimizlə yalnız biz məşğul olacağıq. Bu qərardan sonra da onlar heç vaxt bizim milli işlərimizə mane olmadılar. Məsələ bununla da öz həllini tapmış oldu”.

Bir neçə gün sonra Nuru Paşanın hərbi mütəxəssislərdən ibarət kadrların təşkilini tamamladığı və hərəkətə hazır olduğu xəbərini aldım. “Nuru Paşanı Heydərpaşadan yola salırıq. Ənvər Paşa və yavərləri, digər paşalar və hökumət üzvlərindən bir neçə nəfər gözləmə salonundayıq. Qatar artıq yola düşməyə hazır və yola salanların hamısı perrona çıxırlar. Ənvər Paşa və qardaşı Nuru Paşa tək qalırlar. Mən də perrona çıxanlar arasında idim. Birdən məni çağırdılar, geri döndüm. Oradakılar məni “Sizi Nazir həzrətləri istəyir” dedilər, getdim. İki qardaş baş-başa dayanmışlar. Yaxınlaşıram. Ənvər Paşa bir əlini Nuru Paşanın, digər əlini isə mənim çiynimə qoydu və “Siz ikiniz də mənim qardaşımsınız. Sizə son sözüm bu” dedikdən sonra Qafqazda görəcəyimiz işlər haqqında təlimat verdi.”...

Bir sabah yenə Hərbi Nazirlikdən çağırıldım. Məni Ənvər Paşa görmək istəmişdi. Mən içəri girərkən o, yenə gülərüzlə “Nağı bəy hazırsınızmı?” dedi. Mən də “Paşam hər dəqiqə hazıram” cavabını verdim. Paşa mənə “axşam saat 5-də Rəşid paşa paraxodu ilə Göstəncəyə, oradan da Braylova, sonra Rumıniyadakı korpus ilə əlaqədar Trabzona gedib oradan Batuma gedəcəksiniz. Bir xahişiniz, istəyiniz varmı?” deyə soruşdu. Mən cavabında “tez getmək istəyirəm Qafqazda çox iş görmək lazım gələcək. İnşaallah Nuru paşa müvəffəqiyyət qazanacaqdır. Mən onun üçün hər cür fədakarlıqları edəcəyəm. Əmin ola bilərsiniz” dedim. O, bir an üzümə baxdıqdan sonra “Nağı bəy “Umuru Şərqiyyə” rəisi Əli Basxana iki dəfə Sizə pul təklif etmiş, ancaq qəbul etməmisiniz. Sizə pul lazım olacaqdır. Mən istəyirəm ki, Siz Qafqazda xüsusi işlərinizdə deyil, Nuru ilə bərabər çalışasınız” dedi. Mən də “Paşam, pulum var. İki aydır Türkiyə torpaqlarındayam, ayaq basdığım andan etibarən Sizin hesabınıza yaşayıram. Əgər pula ehtiyacım olsaydı əmin olun ki, istəyərdim. Batuma qədər yenədə Sizin hesabınıza gedəcəyəm. Qafqazda isə pula ehtiyacım olmaz. Paşam, Sizə söz verirəm, fəxri olaraq üzərimə götürdüyüm vəzifəmi davam etdirəcəyəm” dedim. Ənvər paşa ilə vidalaşıb ayrıldım.

Mən Türkiyədə İttihatçıları idealist bir insan xarakterinə malik olanlar kimi gördüm. Hamısında İslam Birliyi tərəfdarı kimi keyfiyyətlər gördüm. O, İslam Dünyasının varlığını hər şeydən, hər varlıqdan üstün tuturdu. Halbuki o, axırda ən böyük zərbəni müsəlman olan Ərəb Dünyasından yemişdir.

QƏZET İCMALI ERMƏNİ MÜHƏRRİRLƏRİNDƏN

A.İ.Petrosian “Abnovleniya” dərgisində Azərbaycan xalqına və onun müstəqil hökumətinin quruluşu dövründəki fəaliyyəti icmal olaraq belə fərqləndirmişdir. (Azərbaycan qəzeti, 15 noyabr 1919, Bakı, sayı 247).

“Qısa zamanda demokratiya ailəsi içərisində yer alan ilk demokrat müsəlman türk dövləti olan Azərbaycan və onun əhalisini təşkil edən azərbaycanlılar hər şeydən əvvəl siyasi varlıqlarını böyük bir məharətlə bütün dünyaya göstərdilər. Azərbaycan hökuməti mövcudiyyəti dövründə xalq və mələkət üçün bir çox işlər gördü. Quruluşunun hələ ilk ilində ibtidai və orta məktəb açdı; ilk Universitet qurdu və müxtəlif mədəniyyət müəssisələri təsis etdi, kitabxanalar, oxu odaları yaradıldı, müxtəlif qəzet və dərgilər nəşr olundu; rüşvətə qarşı şiddətlə mübarizə aparıldı; ölkədə xalq üçün zəruri məhsulların qiyməti aşağı salındı; rəsmi və sosial işlər ciddi nəzarət altına alındı; xalqın mənafelərinə ziyan vuran idarə işçilərini amansız şəkildə cəzalandırdı; yeni bir ordu qurdu; və ən mühümü xalq arasında din və millət fərqi aradan qaldırıldı.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31