Heydər Əliyev
yeni azerbaycan logo

29 il sonra...

16.09.2022 [10:16]

Zəngilanda ilk zəng!

Günel ABBAS

44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə start verildi. Aparılan sistemli işlərin  nəticəsi kimi çox keçmədən Zəngilan rayonunun Ağalı kəndi ilə Böyük Qayıdışın ilk qədəmləri qoyuldu. Böyük Qayıdışın start mərhələsi Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Zəngilan rayonunun Ağalı kənd orta məktəbində baş tutdu. İşğaldan azad olunmuş digər ərazilər kimi Ağalı məktəbi ilə bağlı da xoş xəbərlər gəlməyə davam edir. Sentyabrın 15-də Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb.

Məktəbin ilk günündə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Ağalıda dərslərin başlaması mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak ediblər.

Tədris ilinin başlanması tədbirində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub: “Uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu gün həqiqətən də fərqli Bilik Günüdür. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Bu gün həm qürurverici, həm də ümidvericidir. Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Ağalı sakini olan 14 müəllim tədris deyəcək. Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraciət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə, həmçinin məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq”.

O qeyd edib ki, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb: “Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq, bəlkə də bir az daha tez. Növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq. Bunlar böyük - 960 nəfərlik məktəblərdir. Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir. Füzuli peşə liseyinin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək”.

Nazir əlavə edib ki, şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək əhalinin planlaşdırılması, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin düzgün şəkildə köçürülməsi, o cümlədən müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində işlənilir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan rayonu Ağalı kənd orta məktəbinin açılış tədbirində çıxış edib. O bildirib ki, dövlətimiz tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb: “Əziz şagirdlər, bu əlamətdar günlə bağlı hər birinizi təbrik edir və dərslərinizdə uğurlar arzu edirəm. Gördüyünüz kimi, məktəbiniz yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlətimiz tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb. Siz də daha yaxşı oxumalı, gələcəkdə Azərbaycanın və dünyanın nüfuzlu universitetlərinə qəbul olmalısınız. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək “Təhsil millətin gələcəyidir!” Siz də bizim gələcəyimizsiniz və sizin savadlı olmağınız gələcəkdə Zəngilanın, Qarabağın və bütövlükdə Azərbaycanımızın inkişafına köməklik edəcək. Müəllimlərimizi də təbrik edir, onlara da bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm”, - o vurğulayıb. İyirmi doqquz ildən sonra işğaldan azad olunmuş torpaqlarımızda yeni məktəbdə ilk dəfə zəngin çalındığını deyən Vahid Hacıyev ölkə başçısına yaratdığı bu şərait üçün minnətdarlığını bildirib.

Ağalıda daha 150 ev tikilib

V.Hacıyev çıxışında Ağalı kəndi ilə bağlı daha bir müjdəli xəbəri diqqətə çatdırıb. Bildirib ki, hazırda Ağalıda 150 evin inşası başa çatıb, son işlər həyata keçirilir: “Həmin evlərə də ailələr köçürüləcəklər. Kəndin tikintisi ilə bağlı ikinci mərhələ də planda var. İkinci mərhələ üçün artıq ailələr müəyyənləşdirilib. Ümumilikdə, 1350 kənd sakini bura köçməklə bağlı niyyətlərini bildirib”.

Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31