Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ən böyük stadionumuz - 71

Ən böyük stadionumuz - 71

16.09.2022 [11:03]

MÜŞFİQƏ

50-ci illərə qədər futbol üzrə SSRİ çempionatının oyunlarını keçirməkdən ötrü Bakıda iki stadion var idi. Bunlardan biri keçmiş “Azərbaycan” mehmanxanasının yerindəki “Dinamo”, ikincisi isə Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadion idi.

Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə adlandırılan yeganə futbol arenasıdı. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qalıb.

Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Stadionun layihə müəllifləri İ.Qonsiorovsk, P.İsayev və A.Sergeyev olublar.

Stalinin adını daşıyıb

Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan “S” hərfini xatırladır. Bu da o illərdə SSRİ-yə rəhbərlik edən İosif Stalinin təxəllüsünün kiril əlifbasındakı baş hərfi ilə bağlı olub. 1951-ci ilin sentyabr ayının 16-da İosif Stalinin adını daşıyan bu stadionun təntənəli açılışı baş tutdu. Stalin xəstə olduğunu bildirərək, tədbirə oğlunu göndərmişdi.

Stadion 1953-cü ilədək Stalinin adını daşıyıb. Onun vəfatından sonra bura Leninin adı verildi. 1993-cü ildən isə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başladı. Dünyada hakimin adını daşıyan yeganə futbol arenası olan Tofiq Bəhramov adına Respublika stadionu indiyədək minlərlə qolun şahidi olub.

Tofiq Bəhramov ingilislərin gözündə necə qəhrəman oldu?

Tofiq Bəhramov komandamızın formasını çox az bir müddətdə geyinsə də, bütün dünya onu yaxşı tanıyır. Futbolçu karyerası alınmayan Tofiq Bəhramov sonradan dünyaca məşhur hakim olur. Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır. 1966-cı il iyulun 30-da Bəhramov adını əbədi olaraq dünya futbol tarixinə yazdırır. “Uembli” stadionunda 83 min tamaşaçının izlədiyi İngiltərə - Almaniya görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirib. Buna baxmayaraq, final fitindən sonra bütün dünya heç baş hakimin adını belə çəkmirdi, hamı Tofiq Bəhramovdan danışırdı. Oyunun əsas vaxtının 2:2 hesabı ilə başa çatdığını nəzərə alsaq, əsəblərin necə tarıma çəkildiyini təsəvvür etmək çətin deyil. 100-cü dəqiqədə İngiltərə millisinin oyunçusu Herstin vurduğu top tirə dəyəndən sonra qapı xətti üzərində yerə düşüb geri qayıtdı. “Uembli” sükuta qərq olmuşdu. Hər kəs hakimin hansı qərar qəbul edəcəyini gözləyirdi. Bəhramov tərəddüd etmədən mərkəzi göstərərək, 18 saniyəlik sükuta son qoydu. Həmin qarşılaşmada İngiltərə Almaniyanı 4:2 hesabıyla məğlub edərək ilk və hələlik sonuncu dəfə dünya çempionu adını qazandı. Bəhramov ingilislərin gözündə qəhrəman səviyyəsinə yüksəlsə də, eyni zamanda, almanların düşməninə çevrildi.

2004-cü ilin 14 oktyabrında dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu izləmək üçün Bakıya gəldilər. Həmin gün əfsanəvi hakimin şərəfinə ucaldılan abidənin açılış mərasimi də keçirildi.

Yenidənqurmadan sonra açılışı olub

2012-ci il avqustun 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edib.

Qeyd edək ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilib.

 Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulub. Yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülüb.

Burada əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulub, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilib.

FİFA və UEFA bayraqları altında təşkil edilən dünya və Avropa çempionatlarının seçmə oyunlarının keçirildiyi Respublika Stadionu indi artıq beynəlxalq əhəmiyyətli idman qurğusuna çevrilib.

Paylaş:
Baxılıb: 775 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31