Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünya birliyi Azərbaycanın təşəbbüslərini dəstəkləyir

Dünya birliyi Azərbaycanın təşəbbüslərini dəstəkləyir

15.07.2026 [12:34]

Elşən Alıyev

YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda qeyd etdiyi fikirlər Azərbaycanın müasir xarici siyasət kursunu, beynəlxalq əməkdaşlıq strategiyasını və regional təhlükəsizliyə yanaşmasını əks etdirən mühüm siyasi mesajlar kimi yadda qalıb. Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşlarından biri kimi siyasi nüfuzunu davamlı şəkildə gücləndirir. Şuşa isə artıq təkcə tarixi və mədəniyyət paytaxtı deyil, qlobal media dialoqunun və beynəlxalq fikir mübadiləsinin aparıldığı nüfuzlu platformaya çevrilib.

IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 nümayəndənin, 30 xəbər agentliyinin və 60-dan artıq media qurumunun, eləcə də 10 beynəlxalq təşkilat və təsisatın iştirakı Azərbaycanın yaratdığı platformaya olan marağın ildən-ilə artdığını nümayiş etdirir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya səfər etməsi Forumun artıq qlobal informasiya məkanının mühüm tədbirlərindən birinə çevrildiyini təsdiqləyir.

Forumun əsas məqsədi yalnız aktual beynəlxalq məsələlərin müzakirəsi deyil, həm də dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin Qarabağda aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olmasına şərait yaratmaqdır. İlk dəfə bölgəyə gələn qonaqların gördüyü dağıntılar artıq müasir şəhərlərlə, yeni yaşayış məntəqələri ilə, doğma torpaqlarına qayıdan insanların həyatını əks etdirən mənzərə ilə əvəz olunub. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin real nəticələrinin beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şuşa Qlobal Media Forumu informasiya diplomatiyasının da mühüm vasitəsinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və media rəhbərləri burada yalnız fikir mübadiləsi aparmır, həm də Qarabağ həqiqətlərini öz gözləri ilə görərək obyektiv informasiya əldə edirlər. Bu isə beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyinin daha dolğun şəkildə formalaşmasına mühüm töhfə verir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə dair vurğuladığı fikirlər də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bir daha qeyd edib ki, əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız. Müxtəlif sahələrdə formalaşmış əməkdaşlıq modeli bu gün regionun sabitliyinin əsas təminatçılarından biri hesab olunur.

Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd yalnız hüquqi baza deyil, həm də gələcək əməkdaşlığın strateji yol xəritəsidir. Azərbaycan və Türkiyə təkcə dost və qardaş deyil, həm də müttəfiq dövlətlərdir. Qarşılıqlı etimad, ortaq maraqlar və siyasi iradə bu münasibətlərin əsasını təşkil edir. Ortaq tarix və mədəniyyətlə yanaşı, qarşılıqlı hörmət və milli maraqların uzlaşdırılması uzunmüddətli strateji tərəfdaşlığın əsas şərtidir. Bu model bu gün region ölkələri üçün də əməkdaşlıq və sabitlik nümunəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan–ABŞ münasibətlərinə dair qeyd etdiyi fikirlər də mühüm siyasi əhəmiyyət daşıyır. Hazırda iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısı qeyd edib ki, bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik. Son dövrlərdə baş tutan yüksək səviyyəli görüşlər, yaradılmış işçi qrupları və imzalanmış sənədlər münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Ticarət və investisiyalar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, nəqliyyat bağlantıları, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq sahələrində həyata keçirilən layihələr iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi artan rolu da bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir.

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkəmizin müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına imkan yaradıb. Məhz bu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və qlobal əməkdaşlığa mühüm töhfələr verən dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Azərbaycan gələcəyə hesablanmış, milli maraqlara əsaslanan, sülhü, əməkdaşlığı və qarşılıqlı etimadı təşviq edən xarici siyasət yürüdür. Şuşa Qlobal Media Forumu isə bu siyasətin beynəlxalq ictimaiyyətə təqdim olunduğu, qlobal media nümayəndələri ilə açıq dialoqun qurulduğu və Azərbaycanın strateji baxışının dünyaya çatdırıldığı nüfuzlu platforma kimi ildən-ilə öz əhəmiyyətini daha da artırır.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31