Vannacci fenomeni: İtaliyada nə baş verir və Avropanın sağa dönüşü nə deməkdir?
19.08.2026 [10:15]
Əslində, məsələ Vannaccidə deyil
Burada daha mühüm bir məqam var: Vannaccinin uğurunu yalnız onun xarakteri, çıxışları və sərt fikirləri ilə izah etmək olmaz, çünki oxşar proses Avropanın başqa ölkələrində də gedir. Fransada, Almaniyada, Niderlandda, Avstriyada, İsveçdə və digər ölkələrdə sağ və millətçi partiyalar əvvəlki illərlə müqayisədə daha çox səs toplayır. Az əvvəl aparılmış bir mötəbər araşdırmanın nəticəsinə görə, son milli seçkilərdə Avropa ölkələrində seçicilərin 23 faizindən çoxu ifrat sağ partiyalara səs verib. On il əvvəl bu göstərici təxminən 10 faiz idi. Belə rəqəmlərə sadəcə statistik məlumat kimi baxmaq olmaz. Bu, Avropa cəmiyyətində ciddi dəyişiklik baş verdiyini göstərir. İnsanların bir hissəsi əvvəlki siyasi sistemdən razı deyil. Onlar miqrasiya siyasətindən narazıdırlar. Bəziləri Avropa İttifaqının həddindən artıq gücləndiyini düşünürlər, digərləri öz milli mədəniyyətlərinin və ənənələrinin sürətlə dəyişməsindən narahatdırlar. Başqa bir qrup isə iqtisadi problemlərə görə hakim partiyaları günahlandırır. Bütün bu narazılıqlar bir yerdə toplananda yeni siyasi qüvvələr üçün böyük imkan yaranır.
İnsanlar niyə əvvəlkitək səs vermirlər?
Avropada uzun illər iki böyük siyasi istiqamət aparıcı rol oynayıb: sosial-demokrat və mərkəz-sol qüvvələr bir tərəfdə, mühafizəkar və mərkəz-sağ qüvvələr digər tərəfdə. Son illər isə bu bölgü əvvəlki qədər işlək görünmür, çünki seçicinin gündəlik həyatı dəyişib: miqrasiya artıb, iqtisadi problemlər yaranıb, enerji qiymətləri yüksəlib, müharibə Avropanın təhlükəsizlik anlayışını dəyişib. Avropa İttifaqının qərarları ilə milli hökumətlərin qərarları arasında mübahisə yaradan təzadlar artıb. İnsanlar sosial şəbəkələr vasitəsiylə əvvəlkindən daha çox məlumat alır, siyasi liderlərlə birbaşa əlaqə qururlar.
Belə vəziyyətdə seçici əvvəlki kimi yalnız böyük partiyaların televiziya çıxışlarına baxaraq qərar vermir. Bir siyasətçi sosial şəbəkədə bir neçə dəqiqəlik çıxışla milyonlarla insana yetişə bilir. Vannacci də məhz bundan yararlanır. Onun sərt danışıq tərzi, mübahisəli fikirləri və özünü “siyasi sistemin qaydalarından qorxmayan adam” kimi təqdim etməsi müəyyən insanlar üçün cəlbedicidir.
Avropada mübarizə indi yalnız sol və sağ arasında getmir, sağın öz daxilində də ciddi mübarizə başlanıb. Bir tərəfdə daha klassik, Avropa İttifaqı ilə əməkdaşlığa hazır, iqtisadi məsələlərdə daha praqmatik mühafizəkarlar dayanır, digər tərəfdə isə daha sərt millətçi, daha çox milli suverenlik tələb edən, miqrasiyanın ciddi şəkildə məhdudlaşdırılmasını və Brüsselin səlahiyyətlərinin azaldılmasını istəyən qüvvələr var. Vannacci ikinci istiqamətin sərt nümayəndələrindən biridir. Bu səbəbdən onun yüksəlişi Meloni üçün həm təhlükə, həm də xəbərdarlıqdır. Baş nazir Vannaccinin seçicilərini geri qazanmaq üçün daha sərt siyasət yürüdə bilər.
Amma bu halda da Vannacci deyə bilər ki, hakimiyyət mənim söylədiklərimi təkrarlayır. Meloni daha mərkəzçi mövqe tuta bilər, bu halda isə Vannacci onun sağındakı seçiciləri öz ətrafında toplamağa çalışacaq. Yəni hansı istiqamətə yönəlməsindən asılı olmayaraq Meloninin qarşısında yeni siyasi rəqabət meydanı açılır.
Miqrasiya məsələsi niyə bu qədər vacibdir?
Vannacci kimi siyasətçilərin güclənməsində miqrasiya probleminin xüsusi rolu var, çünki miqrasiya yalnız sərhəd məsələsi deyil. Bu məsələ iş yerlərinə, mənzil qiymətlərinə, sosial xidmətlərə, təhlükəsizliyə, məktəblərə, səhiyyəyə, şəhərlərin görünüşünə və insanların öz ölkələrinin gələcəyi barədə düşüncələrinə qədər uzanır. Məhz buna görə miqrasiya mövzusu siyasətə çox güclü təsir göstərir. Bir insan iqtisadi problemdən narahat olar, amma bu narahatlığı miqrasiya məsələsi ilə əlaqələndirə bilər. Başqa biri mədəni dəyişiklikdən narahat ola bilər, digəri isə sərhədlərin kifayət qədər qorunmadığını düşünə bilər. Radikal sağ partiyalar bütün bu narahatlıqları bir siyasi şüar altında birləşdirə bilir. Vannaccinin gücü də müəyyən qədər buradan gəlir.
Bəs bütün Vannacci seçiciləri radikaldırmı? Xeyr. Bu məsələdə diqqətli olmaq lazımdır. Radikal sağ partiyaya səs verən hər bir insanı radikal adlandırmaq düzgün olmaz. Bir seçici yalnız miqrasiya siyasətinə görə belə partiyaya səs verə bilər; başqası hakimiyyətdən narazıdır, ona görə də yeni partiyanı sınamaq istəyir; üçüncü biri Avropa İttifaqının siyasətindən narazıdır; dördüncü isə sadəcə siyasi sistemdə dəyişiklik istəyir. Deməli, Vannaccinin seçicilərinin davranışını yalnız ideologiya ilə izah etmək mümkün deyil, burada narazılıq da böyük rol oynayır. İnsanların bir hissəsi özünü siyasi sistemdə kifayət qədər təmsil olunmuş saymır. Onlar deyirlər ki, bizim rastlaşdığımız problemlər haqqında siyasətçilər açıq danışmırlar. Vannacci məhz həmin boşluğu doldurur.
Avropa üçün təhlükə, yoxsa demokratik rəqabət?
Burada daha bir vacib sual ortaya çıxır: radikal sağın yüksəlişini Avropa demokratiyası üçün təhlükə saymaq lazımdırmı?
Bu suala birmənalı cavab vermək çətindir. Demokratiyada insanların istədikləri siyasi qüvvəyə səs vermək hüququ var. Əgər bir partiya qanun çərçivəsində fəaliyyət göstərir, seçkilərdə iştirak edirsə, onun seçicilərinin mövcudluğu siyasi sistemin bir hissəsidir. Amma siyasi qüvvələrin hansı dəyərləri müdafiə etdiyinə də diqqət yetirmək lazımdır. Əsas məsələ fikir ayrılığının mövcudluğu yox, siyasi mübarizənin hansı çərçivədə aparılmasıdır. Əgər siyasi rəqabət seçicilərin real problemləri ətrafında mübahisə şəklində gedirsə, demokratiya bundan güclənə bilər; yox, əgər cəmiyyətdə düşmənçilik, ayrı-seçkilik və zorakılıq təşviq edilirsə, vəziyyət tamam başqa xarakter alır. Ona görə başlıca məsələ radikal sağın mövcudluğunu qadağan etmək yox, bu qüvvələrin güclənməsinə səbəb olan sosial-siyasi problemləri anlamaqdır.
Vannaccinin yüksəlişindən yalnız Vannacci haqqında nəticə çıxarmaq böyük səhv olardı. Ənənəvi siyasi partiyalar özlərinə başqa sual verməlidir: niyə insanlar yeni və sərt danışan siyasətçilərə üz tuturlar? Əgər seçici özünü eşidilməmiş hiss edirsə, bundan yaranan siyasi boşluğu kimsə dolduracaq. Əgər insanlar sərhədlərin qorunmasını tələb edirlərsə, bu tələbata cavab verən siyasi qüvvə ortaya çıxacaq. Əgər xalq milli maraqların daha güclü qorunmasını istəyirsə, bu istəyi ifadə edən siyasətçi də meydana çıxacaq. Bu məsələləri uzun müddət görməzliyə vurmaq həmin problemləri aradan qaldırmır, əksinə, siyasi boşluğu daha sərt qüvvələrin doldurmasına şərait yaradır.
Vannacci fenomeninin başlıca dərsi
Vannaccinin gələcəkdə İtaliyanın ən böyük siyasi liderlərindən birinə çevrilib-çevrilməyəcəyini bu gün heç kim dəqiq deyə bilməz. Onun partiyası böyüyə də, zəifləyə də bilər, Meloni ilə rəqabət apara da bilər, hətta gələcəkdə hansısa koalisiyanın tərkibinə daxil ola da bilər. Bütün bunlar zamanı gələndə məlum olacaq. Amma bir şey artıq aydındır: Vannacci fenomeni yalnız Vannacciyə bağlı deyil, bu, Avropada insanların siyasətdən nə gözlədiyini göstərən bir işarədir. İnsanların bir hissəsi daha güclü dövlət istəyir, bir qismi sərhədlərin daha ciddi qorunmasını istəyir. Bir hissə milli kimliyin qorunmasına böyük əhəmiyyət verir, başqa bir hissə Avropa İttifaqının gələcəkdə hansı rolu oynayacağını yenidən dəyərləndirmək istəyir. Bu kimi neçə-neçə tələbata ənənəvi partiyalar cavab verməsə, onları yeni partiyalar ödəyəcək. Vannacci də məhz bu siyasi boşluqda meydana çıxıb.
Avropanın qarşısında indi çox maraqlı, eyni zamanda çətin seçim dayanır. Bir tərəfdə illərdir formalaşmış siyasi system, digər tərəfdə həmin sistemdən narazı qalan və dəyişiklik tələb edən milyonlarla insan var. Bu iki tərəf arasında məsafə böyüdükcə Vannacci kimi siyasətçilərin meydana çıxması təəccüblü olmayacaq. Ona görə də Vannaccinin yüksəlişinə yalnız “İtaliyada daha bir sağçı siyasətçi ortaya çıxdı” kimi baxmaq məsələnin mahiyyətini kiçiltmək olar. Əsl məsələ İtaliyada bir generalın siyasətə gəlməsi deyil, məsələ ondadır ki, Avropada seçicinin bir hissəsi artıq əvvəlki siyasi cavablarla kifayətlənmir. Bu narazılıq düzgün başa düşülməsə, siyasi mənzərə daha çox dəyişəcək. Ənənəvi partiyalar seçicinin suallarına real cavablar verməsə, həmin suallara daha sərt cavab verənlər meydana çıxacaq.
Vannacci artıq həmin qapını açıb. İndi başlıca sual onun nə qədər böyüyəcəyi yox, Avropanın bu siyasi dəyişiklikdən hansı nəticəni çıxaracağıdır.
Kəramət Qənbərov,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, Beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər
üzrə tədqiqatçı
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

