Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 3 aydan sonra...

3 aydan sonra...

19.08.2026 [10:45]

Ermənistan KTMT-dən rəsmən çıxacaqmı?

Təşkilat İrəvana noyabra qədər vaxt verdi

Bir neçə ildir ki, davam edən Ermənistan - KTMT müəmması sona çata bilər. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkov Ermənistanın təşkilatda gələcək iştirakı ilə bağlı rəsmi İrəvana çağırış edib. Masadıkov Ermənistanın KTMT-dəki fəaliyyət perspektivləri ilə bağlı yekun qərarın “ağlabatan müddətdə qəbul edilməli olduğu” mövqeyindən çıxış etdiklərini bəyan edib.

Həmin müddətin bitməsinə isə cəmisi 3 ay qalır. İrəvanın KTMT-də səsvermə hüququ məsələsinin noyabrda keçiriləcək sammitdə müzakirəyə çıxarılma ehtimalı böyükdür. Məsələ məhz noyabrın 11-də Moskvada dövlət başçıları səviyyəsində keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammitində gündəmə gətiriləcək. Xatırladaq ki, Ermənistan faktiki olaraq KTMT-nin bütün strukturlarında iştirakını dondurub. İrəvan bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalar zamanı müttəfiqlərinin müqavilə öhdəliklərini yerinə yetirmədiyi iddiası ilə əsaslandırır. 2024-cü ildən isə İrəvan qurumun heç bir hərbi təlimlərində iştirak etmir, toplantılarına qoşulmur, üzvlük haqqı ödəmir.

Rusiya “top”u İrəvana atır

Qeyd edək ki, Ermənistanın KTMT ilə münasibətlərindəki eniş həm də İrəvanın seçdiyi Qərbə inteqrasiya yolu ilə də əlaqələndirilir. Təsadüfi deyil ki, son bir ildə Rusiya və Ermənistan rəsmiləri arasında keçirilən bütün təmaslar xüsusi gərginliyi ilə seçilir. KTMT məsələsində isə Rusiya tərəfi “günahı” özündə görmür - əksinə, Ermənistanı ittiham edir. Rəsmi Moskva İrəvanın iddiasını manipulyasiya sayır və köhnə müttəfiqlərindən aralanmaq üçün bəhanə sayır. Bir müddət öncə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirmişdi ki, qurum ilə Ermənistan arasında heç bir münaqişə yoxdur. “Bunun 2021-ci ildən bəri davam etdiyi iddialar da kökündən yanlışdır. Uzun illərdir ki, bu regional təşkilat daxilində də Qarabağ məsələsinin sülh yolu ilə həlli üçün səylər göstərilib. Bu münaqişə KTMT-nin mandatı ilə əlaqəli deyildi və İrəvan bunu çox yaxşı başa düşür”, - deyə o qeyd edib. Vasilyev həmçinin əlavə edib ki, Moskva iki xalqın bir-biri ilə əlaqəli həyatını və taleyini təkcə onilliklər boyu deyil, həm də əsrlər boyu nəzərə alaraq Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərini qorumaq istəyir. O qeyd edib ki, “KTMT-yə üzv olan digər dövlətlərin də öz maraqları və Ermənistan Respublikası ilə öz münasibətləri var”.

Ermənistan kimə lazımlır: KTMT-yə, yoxsa...

Ermənistan 1992-ci ilin mayında Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalayan dövlətlər sırasındadır. Məhz bu müqavilə əsasında 2002-ci ildə KTMT yaradıldı. Ölkənin qurumun işindəki fəaliyyəti o qədər də nəzərəçarpacaq dərəcədə deyil - yəni, ordusunun sayı və ya gücü bu təşkilatda xüsusi yer tutmağa imkan vermir. Büdcəsinin məhdud olması isə ölkənin uzun illər özünə “müttəfiq” saydığı dövlətlərdən işlənmiş və ya köhnə silahları alması ilə nəticələnib. O ki qaldı üzvlük haqqına İrəvan burada da simvolik rəqəmlərlə özünü “xilas” etməyi bacarıb.

Qeyd edək ki, 2024-cü ildə Nikol Paşinyan ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu bəyan etsə də, Ermənistan ordusu təşkilatın hərbi strukturundan hüquqi baxımdan çıxarılmayıb. Məsələn, KTMT-nin rəsmi saytında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təşkilatın Hərbi Komitəsinin üzvü kimi göstərilir. Bu, Ermənistan ordusunun KTMT-də formal olaraq ən yüksək hərbi təmsilçilik səviyyəsində olduğunu göstərir.

Hərbi ekspertlər Ermənistanın KTMT-dəki fəaliyyətinin dondurulmasının hüquqi aspektlərini fərqli rakurslarla izah edirlər. Onların fikrincə, Ermənistanın “KTMT-də iştirakımı dayandırıram” deməsi ilə təşkilatdan çıxması eyni şey deyil - KTMT Nizamnaməsinin 20-ci maddəsinə görə üzv dövlət Nizamnamənin və təşkilatın qərarlarının tələblərini yerinə yetirmədikdə, KTMT-nin Şurası həmin dövlətin təşkilat orqanlarının fəaliyyətində iştirakını dayandıra bilər. Davamlı pozuntu halında isə üzvlükdən çıxarılma məsələsi qaldırıla bilər. Amma Nizamnamədə “üzv dövlət özü birtərəfli qaydada fəaliyyətimi dondururam və üzvlük öhdəliklərimi yerinə yetirmirəm” formasında xüsusi “dondurma” mexanizmi yoxdur. Bu mənada, Ermənistanın hazırkı vəziyyəti hüquqi baxımdan belə xarakterizə oluna bilər - Ermənistan KTMT-dən çıxmayıb; təşkilatda iştirakını siyasi olaraq dayandırıb və faktiki olaraq fəaliyyətsiz üzvə çevrilib.

O ki qaldı, Rusiyanın İrəvanı ciddi-cəhdlə qurumda saxlamaq istəyinə, siyasi analitiklər burada da bəzi məqamları önə sürürlər. Belə ki:

- Ermənistan Rusiya ilə qurumun üç dini cəhətdən eynidinli ölkəsindən biridir;

- Ermənistan Rusiyanın cənub sərhəddi üçün hava-su kimi vacib xarakter daşıyır;

- Ermənistan hərbi baza olaraq Rusiya üçün mühüm əhəmiyyətə malikdir.

Başqa sözlə, Rusiya anlayır ki, Ermənistanın itiriləcəyi təqdirdə KTMT yaradılan zaman müəyyənləşdirilən hədəfdən yayınacaq - qurum Rusiyanın hərbi doktrinasının reallaşmasına xidmət göstərməyəcək. Onsuz da Rusiya-Ukrayna müharibəsinin fonunda KTMT üzvü olan ölkələrin əksəriyyətinin mövqeyi Rusiyadan fərqlənir. İndiki halda isə Ermənistanın da itirilməsi KTMT-ni anti-Rusiya birliyinə də çevirə bilər...

Ermənistan cəmiyyətinin münasibəti yekcins deyil...

Ermənistanın KTMT-dəki gələcəyi ilə  bağlı ölkə daxilində də münasibət fərqlidir. Məsələn, Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasından olan üzvü Sarqis Xandanyan bildirib ki, “Bizi KTMT-də iştirakımızı artırmağa məcbur edə biləcək heç bir səbəb və ya hal yoxdur”.

Hakim Mülki Müqavilə fraksiyasından olan başqa bir deputat  Artur Ovannisyan isə bildirib ki, “Ermənistan müzakirələr aparıldıqdan və qərarlar qəbul edildikdən sonra ölkənin KTMT-dən çıxarılması məsələsi ilə bağlı mövqeyini bildirəcək. Hazırda belə bir qərar yoxdur. Hazırkı qərarımız KTMT üzvlüyünü dondurmaqdır və yaranan problemlərin hələ də həll olunma şansının qalmasına ümid edirik. Əks təqdirdə, biz Ermənistanın milli maraqlarına uyğun hərəkət edəcəyik”.

Respublika Partiyasının İcra Orqanının üzvü Eduard Şarmazanov isə deyib ki, Ermənistanla KTMT arasındakı uçurum heç bir tərəfin maraqlarına uyğun deyil. O, Ermənistanın KTMT-dəki aktiv üzvlüyünün tərəfdarı olduğunu deyərək KTMT-dəki tərəfdaşlarının Ermənistan cəmiyyətinin suallarına cavab verməli olduğunu söyləyib. 

P.İsmayılov

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31