Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı maraqlar və ədalət...

Bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı maraqlar və ədalət...

19.08.2026 [11:58]

Bakı yeni nizamda güc mərkəzləri ilə münasibətlərin konturlarını özü müəyyənləşdirir

Prezident İlham Əliyevin bu ilin 6 ayında səsləndirdiyi prioritetlər...

2026-cı ilin arxada qalan dövrünün ən diqqətçəkən məqamlarından biri Azərbaycan ilə Avropa qitəsi arasında münasibətlərin dinamik, işgüzar və hətta yeni bir mərhələyə qədəm qoyması oldu. Son ayların geosiyasi mənzərəsi göstərir ki, Azərbaycan-Avropa münasibətləri artıq yalnız enerji tərəfdaşlığı və iqtisadi əməkdaşlıq çərçivəsində izah edilə bilməz. Avropada təhlükəsizlik arxitekturasının dəyişməsi, yeni nəqliyyat və enerji marşrutlarının aktuallaşması, Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırıb. Bakı isə bu prosesdə özünü yalnız regional tərəfdaş kimi deyil, orta güc statusunda aparıcı güc mərkəzləri arasında əlaqələndirici rol oynaya bilən aktor kimi təqdim edir.

Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri onun həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarına eyni dərəcədə önəm verməsidir. Bakı ayrı-ayrı Avropa dövlətləri ilə birbaşa siyasi, iqtisadi və enerji əlaqələrini inkişaf etdirməklə yanaşı, Avropa İttifaqı ilə də ayrıca institusional dialoqa, regional və beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığa əhəmiyyət verir. Prezident İham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Avropa Komissiyasını nəzərdə tutaraq bildirdi ki, “Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər. Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər”.

Bu yanaşma Azərbaycanın xarici siyasətində əsas məqamdır - Bakı əməkdaşlıq imkanlarını qlobal dünyaya təqdim edir, qarşılıq görəndə isə bu əməkdaşlıq real məzmun qazanır.

Avropanın Bakı ilə yeni strateji xətti

Vurğulandığı kimi, son səkkiz ayda Avropanın yüksək səviyyəli rəsmilərinin Bakıya səfərləri və Azərbaycanla bağlı səsləndirilən mesajlar münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Çexiya, Latviya, Serbiya, İtaliya, Almaniya və bu kimi dövlətlərin rəhbər şəxsləri, Avropa Komissiyasının Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın yeni iqtisadi dönəmdə rolunu ən yüksək səviyyədə qiymətləndirir. Bu təmaslarda enerji əməkdaşlığının genişləndirilməsi ilə yanaşı, Azərbaycanın Avropanın yeni nəqliyyat və bağlantı strategiyasındakı rolu da xüsusi vurğulanır. Bakı artıq Avropa üçün Şərqlə Qərbi birləşdirən mühüm geosiyasi və geoiqtisadi platforma kimi nəzərdən keçirilir.

Xüsusilə Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarlarına çıxarılması, yaşıl enerjinin ixracı, elektrik bağlantılarının qurulması və Orta Dəhlizin inkişafı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyini əhəmiyyətli dərəcədə genişləndirir. Avropalı liderlərin Bakıda verdiyi mesajlar göstərir ki, Aİ Cənubi Qafqazda formalaşan yeni nəqliyyat arxitekturasında Azərbaycanın fəal iştirakını strateji üstünlük hesab edir. Bu yanaşma Azərbaycanın çoxvektorlu xarici siyasətinin və regional təşəbbüslərinin nəticəsidir. Bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri çərçivəsində baş tutan mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, “Biz sizin (Antonio Koşta - red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var”. Dövlətimizin başçısı qeyd etdi ki, biz əməkdaşlığımızın çox fəal mərhələsindəyik.

Bakı Avropa üçün gələcək inkişaf mərhələsi yaradır 

Bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakı səfəri zamanı keçirilən mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur”.

Bəli, Azərbaycan Avropa İttifaqı üçün də cəlbedici tərəfdaşdır - Brüsselin marağı daha böyükmiqyaslıdır.

- Birincisi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşlardan biridir. Cənub Qaz Dəhlizi, təbii qaz ixracının genişləndirilməsi və yaşıl enerjinin Avropaya çatdırılması perspektivləri Bakının enerji xəritəsindəki rolunu uzunmüddətli xarakterə çevirir.

- İkincisi, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməklə Avropanın Asiya bazarlarına çıxışını şaxələndirən mühüm logistika mərkəzinə çevrilir.

- Üçüncü mühüm amil Azərbaycanın siyasi və geosiyasi mövqeyidir. Bakı eyni vaxtda Avropa İttifaqı, Türkiyə, Mərkəzi Asiya, Çin və digər aktorlarla əməkdaşlıq edə bilən, müxtəlif regional platformaları bir-birinə bağlayan ölkədir. Bu xüsusiyyət Azərbaycanın Avropa üçün yalnız enerji və tranzit deyil, həm də geosiyasi tərəfdaş kimi əhəmiyyətini artırır.

Xüsusilə postmüharibə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanı Avropa üçün daha vacib tərəfdaşa çevirib. Regional kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan sülh gündəliyi, Zəngəzur dəhlizi, Orta Dəhlizin inkişafı və Avropanın Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi kimi məsələlər Bakının strateji əhəmiyyətini bir qədər də artırır.

Avropanın təhlükəsizlik və bağlantı xəritəsində yeni strateji mərkəz

Avropanın diqqətini Bakıya yönəldən əsas amillərdən biri də Azərbaycanın irəli sürdüyü sülh və təhlükəsizlik konsepsiyasıdır. Prezident İlham Əliyev ötən dövrdəki çıxışlarında hər zaman bölgədə sülhün formalaşdığını və ən yaxşısının sülh olduğunu bəyan edib. Və son 8 ayda gedən proseslər bir daha göstərdi ki, regionda əbədi sülhün bərqərar olması qaçılmazdır. Bakı Cənubi Qafqazda yalnız münaqişənin nəticələrini aradan qaldırmağa deyil, həm də regionu davamlı sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məkanına çevirməyə çalışır. Bu yanaşma Avropanın mövcud geosiyasi reallıqları fonunda formalaşan yeni ehtiyacları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin verdiyi sülh və təhlükəsizlik, eləcə də əməkdaşlıq mesajları Avropa üçün bir ümiddir.

Səbəbi isə bəllidir - hazırda Avropa üçün təhlükəsizlik anlayışı yalnız hərbi təhlükəsizliklə məhdudlaşmır. Hərbi təhlükəsizlikdən qaynaqlanan enerji təminatının şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarının yaradılması, ticarət yollarının təhlükəsizliyi və təchizat zəncirlərinin dayanıqlılığı da Avropanın strateji gündəliyinin mühüm hissəsidir. Məhz bu məqamda Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi regional siyasət xüsusi əhəmiyyət qazanır. Bakı Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafında, Xəzər üzərindən keçən nəqliyyat bağlantılarının genişləndirilməsində və enerji marşrutlarının şaxələndirilməsində əsas aktorlardan biridir. Avropa anlayır ki, qlobal qarşıdurmaların dərinləşdiyi bir vaxtda təhlükəsiz və etibarlı ticarət xəttinin mövcudluğu strateji üstünlükdür. Bu mənada Azərbaycanın yaratdığı bağlantı imkanları Köhnə Qitə üçün bir növ “nəfəslik” rolunu oynayır.

Ona görə də Avropanın Bakıya münasibətində enerji amili ilə yanaşı, Azərbaycanın sülh yaradan, təhlükəsizliyi təmin edən və Şərqlə Qərb arasında etibarlı körpü formalaşdıran ölkə kimi artan çəkisi də həlledici rol oynayır. Bu faktı ilk dəfə açıq şəkildə dilə gətirən avropalı lider isə Almaniya Federal Kansleri Fridrix Merts oldu. Berlində baş tutan mətbuat konfransında Merts Prezident İlham Əliyevə xitabən “Cənab Prezident, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar... Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

3500 kilometrlik vahid boru kəməri sistemləri - təbii qazın Avropaya nəqlində əsas arteriya

Yüksələn münasibətlərin ana xətti isə mübahisəsiz olaraq enerji dialoqudur. Hazırki mənzərədə geosiyasi transformasiyalar, qlobal enerji bazarlarında baş verən dəyişikliklər Azərbaycanın strateji əhəmiyyətini Avropa üçün daha da yüksəldir. Ölkənin malik olduğu təbii ehtiyatlar, inkişaf etmiş nəqliyyat infrastrukturu, etibarlı tərəfdaş imici və praqmatik xarici siyasət kursu onu regionun sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında əsas iştirakçı kimi ön plana çıxarır. Sirr deyil ki, Aİ tarixinin ən mühüm tranformasiyalarından birini keçməkdədir. Rusiya-Ukrayna müharibəsi, nəticə etibarı ilə qlobal təchizat zəncirlərinin pozulması, enerji bazarlarındakı təluatümlər və bu mənada Aİ-nin özünün enerji təminatını həyata keçirmək üçün yaşadığı çətinliklər köhnə qitənin siyasi gündəminə təsirlər edir. Baş verənlər Avropa İttifaqının yeni beynəlxalq reallıqlar fonunda dayanıqlı inkişaf modeli cıza bilmədiyini göstərdi. Nəticədə Brüssel enerji təhlükəsizliyinin, nəqliyyat bağlantılarının və kritik xammal təchizatının şaxələndirilməsini strateji prioritet elan edərək Avrasiyanın yeni geoiqtisadi xəritəsinə fərqli prizmadan baxmağa başladı. Məhz bu dəyişən geosiyasi mühit Azərbaycanın Avropa üçün əhəmiyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.

Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfəri çərçivəsində baş tutan mətbuat konfransında bildirdi ki, “Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir”.

Fərqli məzmun, fərqli müstəvi - Avropa nəyi başa düşdü?

Amma bu münasibətlər də mühüm yollar keçib. Qeyd olunduğu kimi, Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar göstərdi ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri artıq əvvəlki mərhələdən fərqli məzmuna malikdir. Söhbət yalnız enerji əməkdaşlığının genişlənməsindən və ya iqtisadi layihələrin inkişafından getmir. Əsas məsələ ondan ibarətdir ki, Bakı ilə Brüssel arasında münasibətlər getdikcə daha çox qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq və geosiyasi reallıqların qəbul edilməsi prinsipləri üzərində qurulur. Bu isə Azərbaycanın orta güc statusunun Avropa siyasi məkanında da qəbul olunmasının mühüm göstəricisidir.

Bir neçə ildir ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində əsas prioritet enerji təhlükəsizliyi məsələsidir - yeni gündəm isə həm də qlobal iqtisadiyyatın transformasiyası, alternativ nəqliyyat marşrutlarına artan tələbat, Avropanın strateji təchizat zəncirlərini şaxələndirmək istəyi və Cənubi Qafqazın artan geosiyasi əhəmiyyəti fonunda tənzimlənir.

Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlərdən biri də məhz bu məntiqi təsdiqləyirdi. Azərbaycan bir daha nümayiş etdirdi ki, beynəlxalq əməkdaşlığın əsas şərti qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıqdır. Bakı illərdir vurğulayır ki, Avropa İttifaqı ilə münasibətlər yalnız birtərəfli gözləntilər üzərində deyil, qarşılıqlı maraqlar əsasında inkişaf etməlidir. Hazırkı geosiyasi reallıq göstərir ki, Brüssel də bu yanaşmanın alternativsiz olduğunu qəbul etməyə başlayıb. Bu qəbul isə Azərbaycanın artan siyasi çəkisinin və orta güc statusunun praktik nəticəsidir. Paralel olaraq bu qavrayış Azərbaycanın yerləşdiyi coğrafiyada sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın genişlənməsinə və əməkdaşlıq platformalarının inkişafına da töhfə verməsi faktını təsdiqləyir. Beləliklə,  Şuşa Qlobal Media Forumu Azərbaycanın yeni nizamda güc mərkəzləri ilə münasibətlərinin siyasi konturlarını da müəyyənləşdirdi. Dövlət başçısının mesajları göstərdi ki, Bakı gələcək əməkdaşlığı qarşılıqlı etimad, praqmatik yanaşma və geosiyasi reallıqların düzgün qiymətləndirilməsi üzərində qurmağa hazırdır.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31