Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Strateji Yol Xəritəsinə əsasən kiçik və orta sahibkarlığın inkişafı milli iqtisadiyyatın daha da möhkəmlənməsinə sanballı töhfə verəcək

Strateji Yol Xəritəsinə əsasən kiçik və orta sahibkarlığın inkişafı milli iqtisadiyyatın daha da möhkəmlənməsinə sanballı töhfə verəcək

10.12.2016 [11:06]

Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir
Qlobal miqyasda iqtisadi inkişafla bağlı mənfi meyillərin müşahidə edildiyi indiki mərhələdə milli dövlətlərin, ələlxüsus da iqtisadiyyatı bu və ya digər dərəcədə neft amili ilə bağlı olan ölkələrin öz potensiallarını nəzərə almaqla yeni strateji hədəflər müəyyənləşdirmələri böyük aktuallıq daşıyır. Bu mənada son 13 ildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atan Azərbaycanın seçdiyi yeni iqtisadi model, davamlı islahatlar kursu təqdirəlayiqdir. Ölkəmizdə yeni şəraitdə iqtisadi prioritetlərlə bağlı verilən mühüm qərarlar, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar meydana çıxan çağırışları effektiv şəkildə önləməyə və bundan sonra da inkişafın ardıcıllığını təmin etməyə hesablanıb. Bu baxımdan Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da xüsusi aktuallıq kəsb edir.
Azərbaycanın strateji hədəflərindən biri qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun inkişafı ilə bağlıdır
Yeni iqtisadi şəraitdə Azərbaycanın qarşıya qoyduğu hədəflər sırasında qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun dinamik inkişaf etdirilməsi xüsusi yer tutur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı bəhs olunan Fərmanla təsdiqlənən strateji yol xəritələrindən biri də məhz özəl sektorda yaxın, orta və uzunmüddətli dövrdə məhsul istehsalı ilə bağlıdır.
Azərbaycanda özəl sektorun imkanlarının artırılmasının, o cümlədən də kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalının dəstəklənməsi ölkəmizin reallıqlarından irəli gəlir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan bütün sahələrdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edir. Bu cəhətdən ölkəmizdə qlobal çağırışlar və daxili imkanlar nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü iqtisadi kurs da istisna deyildir. Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söhbət açaraq bildirib: “Sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilir. Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır”.
Qısa müddətdə güclü milli sahibkarlar ordusunun formalaşması ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsidir
Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsi müəyyənləşdirilərkən son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl sektorun imkanlarının davamlı olaraq genişləndirilməsi, bu sahədə formalaşan baza əsas götürülüb. Başqa sözlə desək, müvafiq Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilən hədəflər özəl sektorun geniş potensialına adekvatdır.
Son 13 ildə sahibkarlığın inkişafına davamlı olaraq dəstək göstərilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin inkişafının yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Sahibkarlıq subyektlərinin maliyyə təminatının gücləndirilməsi ölkədə özəl bölmənin inkişafında xüsusi rol oynayır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara göstərilən maliyyə dəstəyinin artmasından və cari il də daxil olmaqla 2 milyard manata çatmasından məmnunluq ifadə edərək vurğulayıb: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində hazırda ölkə iqtisadiyyatının 80 faizdən çoxunun özəl bölmədə formalaşdığını vurğulayaraq bunu respublikamızda həyata keçirilən siyasətin nəticəsi kimi qiymətləndirib: “Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir”.
Yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır
Müvafiq Strateji Yol Xəritəsinin müəyyənləşdirilməsi həm də belə bir vacib amillə şərtlənir ki, yeni iqtisadi şəraitdə ölkəmizdə sahibkarlıq subyektlərinin dəstəklənməsinə tamamilə yeni yanaşma tətbiq olunur. Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarını daha da artırmalarına əlverişli iqtisadi mühit formalaşdırır. Ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb.
Ekspertlərin qənaətinə görə, yeni şəraitdə həyata keçirilən islahatlar müvafiq Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilən hədəflərə çatmaq üçün geniş imkanlar açır. Məmnunluqla vurğulamaq yerinə düşər ki, aparılan islahatlar ölkədə sahibkarlığın inkişafına yeni impuls verib. Çoxminli sahibkarlar ordusu dövlətin göstərdiyi hərtərəfli qayğıdan ruhlanaraq yeni şəraitdə ölkədə iqtisadi fəallığın artmasına öz töhfələrini vermək əzmi nümayiş etdirirlər. Sahibkarlar dövlət başçısından gələn təşəbbüsləri dəstəkləyərək yeni istehsal müəssisələrinin yaradılmasına fəal şəkildə investisiyalar yönəldirlər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində sahibkarların ölkədə gedən proseslərə fəal şəkildə qoşulmalarını xüsusi diqqətə çatdıraraq bunu onların məsuliyyətlərinin artması kimi səciyyələndirib: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da, əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.
Sənayedə və aqrar sektorda istehsal imkanlarının genişlənməsində özəl bölmənin rolu daha da artacaq
Son illərdə Azərbaycan respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir.
Ölkəmizdə sənayenin inkişafına təkan verən mühüm amillərdən biri isə, heç şübhəsiz ki, özəl bölmədir. Sahibkarlıq subyektlərinin texniki və maliyyə imkanları artdıqca onların sənayenin müxtəlif sahələrinə sərmayələr yönəltmələri də genişlənir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib ki, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Qeyd edək ki, sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalıb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb.
Hazırda sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin və intensiv metodların tətbiqində fəal şəkildə iştirak edirlər. Son vaxtlar respublika miqyasında sahibkarlıq subyektləri tərəfindən taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasında uğurlu nəticələr qazanılıb. Bundan başqa, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə sahibkarların fəal iştirakı ilə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.
Deyilənlərdən də göründüyü kimi, yeni iqtisadi şəraitdə sahibkarlar istər sənayedə, istərsə də aqrar sektorda yeni istehsal imkanlarının yaradılmasında fəal iştirak edirlər. Şübhə yoxdur ki, müvafiq Strateji Yol Xəritəsinin müəyyənləşdirilməsi bu prosesə yeni impuls verəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31