Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunub
17.12.2016 [12:29]
Millət vəkilləri “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsini də birinci oxunuşda qəbul ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra 2017-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin qəbul olunması məsələsinə baxılıb.
Çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər və tövsiyələr hökumət tərəfindən ətraflı təhlil edilib. Onun sözlərinə görə, ümumi büdcə konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin həlli üçün maliyyə təminatının artırılması mümkün olub: “Mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulur. Bəzi deputatlar Gənclər Fondunun vəsaitinin digər illərə nisbətən 2017-ci ildə kəskin azalması ilə bağlı narahatlıqlarını bildirmiş, həmin vəsaitin cari ildəki səviyyədə saxlanılmasını təklif etmişdilər. Qeyd edim ki, 2012-2016-cı illərdə dövlət büdcəsindən məqsədli olaraq Gənclər Fonduna 24,6 milyon manat, yəni bir ilə orta hesabla 4,9 milyon manat vəsait ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatını yaxşılaşdırmaq üçün həmin illərin dövlət büdcəsindən üst-üstə 74 milyon manat vəsait ayrılıb. 2017-ci ilin dövlət büdcəsində gənclər siyasətinə aid olan xərclər cari ildəki səviyyədə, yəni 11,5 milyon manat səviyyəsində saxlanılır. Bunları nəzərə alaraq, deyə bilərəm ki, dövlət büdcəsi layihəsindən Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır. Əlavə vəsaitin ayrılması məqsədəuyğun hesab edilmir”.
Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib.
İclasda həmçinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də səsə qoyularaq qəbul olunub. Deputatlar həmçinin Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarını təsdiqləyiblər.
Millət vəkilləri daha sonra Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə ediblər. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Məcəlləyə edilən dəyişikliklər barədə məlumat verib. O bildirib ki, qanun layihəsində ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən üç il müddətində ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Prezidentinin Fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışının, buğda ununun və çörəyin istehsalının və satışının, quş ətinin satışının üç il müddətində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar layihəyə daxil edilib.
Qeyd edilib ki, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti beş ilə qədər artırılır. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənmiş vergilərin müddətinin 45 gündən 20 günədək endirilməsini əks etdirən düzəlişlər də qanun layihəsində öz əksini tapıb. Həmçinin layihədə topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarlar da müəyyən edilib.
Müzakirələrdə çıxış edən millət vəkilləri Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə əlaqədar fikirlərini bildiriblər. “Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər bəzi işçilərin vergiyə cəlb edilməsi üçün deyil. Burada söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir”. Bunu isə vergilər naziri Fazil Məmmədov millət vəkillərinin fikirlərinə münasibət bildirərkən deyib. F.Məmmədov qeyd edib ki, bu gün ölkədə işsizliyin səviyyəsi ilə bağlı nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil: “Ölkədə işləyənlər çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var. Əgər kimsə bağda bağban saxlayırsa, demək, onun sosial vəziyyəti yaxşıdır. Milyonlarla vəsaiti olanlar var ki, evindəki xəstəyə xidmət etməsi üçün 5 tibb bacısı işlədir. Belə şəxslər niyə vergi ödəməməlidirlər? Əgər məsələ sosial təbəqəyə aid edilirsə, burda söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir”.
Müzakirələrdən sonra Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul olunub.
İclasda həmçinin Azərbaycanın İsveçrə Federal Şurası və Lixtenşteyn Knyazlığı ilə imzaladığı bir sıra sənədlər Milli Məclisin dünən keçirilən iclasında ratifikasiya olunub. Bu sənədlər haqqında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.
İclasda həmçinin “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər məsələsi də müzakirə olunub. Bu haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib. Bildirilib ki, bu dəyişikliklərlə avtomobillərin parklanması ilə bağlı qaydalarda yenilik edilir. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.
“Tarif Şurası avtomobillərin parklanma yerləri ilə bağlı vahid qiymət müəyyənləşdirməlidir”. Bu təklifi sözügedən dəyişikliklərin müzakirəsi zamanı YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib. S.Novruzov parklanma yerlərində qiymətlərin yüksək olduğunu bildirib: “Hər saatına da bir manat ödəniş tələb olunur. Hər hansı şəxs gündə 8 saat olmaqla həftə ərzində beş gün işləyirsə, deməli, avtomobilini yaxınlıqda olan parklanma yerində saxlamağa görə həftədə 40 manat pul ödəməlidir. Bu, ay ərzində 200 manata yaxın pul edir. Deməli, bir vətəndaş avtomobilinin saxlanmasına görə əməkhaqqının 30-40 faizini ödəməlidir. Buna görə də heç kim orada maşın saxlamır. Məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın. Digər tərəfdən, hökumətin tikdiyi, təhvil verdiyi dayanacaqlar boş qalır. Ona görə də qiymətlərə baxmaq lazımdır. Kim hansı qiyməti istəyirsə, onu da müəyyənləşdirir. Bir ticarət obyektinin gəlirləri yaxşıdırsa, müştəriləri çoxdursa, parklanmanın saatını 2 manat edir. Digəri isə başqa qiymət müəyyənləşdirir. Bu baxımdan yeraltı parklanma yerlərinin istifadəsindən dövlətə gələn rüsum qeydiyyata alınmalıdır. Ödənilən vəsait də avtomoatik müəyyənləşdirilməli, dövlətə vergi verilməlidir. Kim parkomatı hara istəyirsə, ora da qoyur. Kim haradan istəyir, oradan da pul götürür. Bunun dövlətə xeyri yoxdur, əlavə olaraq yollarda tıxac yaradır, vətəndaşlara problem yaradır”.
Millət vəkilinin sözlərinə görə, elə qiymət müəyyənləşdirilməlidir ki, vətəndaşlar orada maşın saxlasınlar.
Spiker Oqtay Əsədov isə S.Novruzovun fikrinə münasibət bildirərkən deyib ki, xarici ölkələrdə ticarət mərkəzlərində parkomat yerlərinin çoxu pulsuzdur: “Bəzilərində isə pulludur. Ümumiyyətlə, bu məsələ mənə də aydın deyil. Bununla bir daha maraqlanarıq, dövlət təşkilatlarıdırsa, bununla bağlı müraciət hazırlayarıq”.
İclasda həmçinin “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib. 5 fəsil, 27 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov bildirib ki, hazırda qüvvədə olan 17 maddədən ibarət qanun 1994-cü ildə hazırlanıb. Bu gün bu qanun müvəffəqiyyətlə işləyir. Ancaq nəzərə almaq lazımdır ki, 1995-ci ildə biz ilk milli Konstitusiyamızı qəbul etmişik. Konstitusiyamızda da Azərbaycan Silahlı Qüvvələrinin statusu ilə bağlı xüsusi maddələr öz əksini tapıb. Eyni zamanda, hərbi doktrinanı, milli konsepsiyamızı, “Milli təhlükəsizlik haqqında” qanunu qəbul etmişik. Bu kimi hərbi qanunların qəbulu və ya edilən dəyişikliklər, ümumiyyətlə, bugünkü vəziyyət yeni qanun layihəsinin hazırlanmasını tələb edirdi.
Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, hərbi qanunvericilikdə mövcud olan bütün dəyişikliklər nəzərə alınıb.
Z.Əsgərov həmçinin bildirib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi, yaranan gərginliklə paralel olaraq Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır. Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı Sərəncam milli təhlükəsizlik maraqlarına xidmət edir.
Qanun layihəsi müzakirə olunduqdan sonra birinci oxunuşda qəbul edilib.
İclasda həmçinin bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34

