Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan bütün dünyada yüksək rəqabətqabiliyyətli ölkə kimi qəbul olunur

Azərbaycan bütün dünyada yüksək rəqabətqabiliyyətli ölkə kimi qəbul olunur

30.09.2017 [11:54]

Qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar respublikanın rəqabət qabiliyyətinin gücləndirilməsinə, mövcud infrastrukturdan və potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxarıb
Son illərdə Azərbaycanın mənzərəsi qlobal miqyasda meydana çıxan çağırışlara adekvat olan mükəmməl islahatlarla səciyyələnir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən həyata keçirilən bu islahatlar davamlı xarakter daşımaqla yanaşı, çoxşaxəlidir və sosial-iqtisadi inkişafla bağlı müxtəlif istiqamətləri əhatə edir. Öz növbəsində konseptual əsaslarla, respublikanın mövcud iqtisadi potensialı, maliyyə imkanları, insan resursları nəzərə alınmaqla həyata keçirilən islahatlar Azərbaycanın inkişafında yaxşı nəticələr qazanılmasını şərtləndirib. Hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf göstəricilərinə malik olan ölkələri sırasında yer alır.
Aparılan islahatların məqsədyönlülüyünün nəticəsi olaraq milli iqtisadiyyatımız xarici mənfi təsirlərin artdığı yeni şəraitdə də inkişaf templərini saxlayır. Cari ilin əvvəlindən qeyri-neft iqtisadiyyatının 1,7 faiz genişlənməsi, strateji valyuta ehtiyatlarının 3 milyard dollar artması, həmçinin qeyri-neft sənayesində, aqrar sektorda kifayət qədər yüksək göstəricilərin əldə olunması Azərbaycanı güclü və inamla inkişaf edən dövlət kimi səciyyələndirir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdə güclü iqtisadi inkişaf sosial sferanın prioritetliyinin təmin olunmasına geniş imkanlar açır.
Azərbaycanın uğurları beynəlxalq səviyyədə etiraf olunur
Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycana bütün dünyada böyük hörmətə layiq ölkə imici qazandırıb. Artıq respublikamızın uğurlu inkişafı nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunur. Xəbər verildiyi kimi, bu günlərdə Dünya İqtisadi Forumu “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Sənədə əsasən, Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
Nüfuzlu Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır. Bir sıra kateqoriyalar üzrə isə ölkəmizin mövqeyi daha əhəmiyyətli dərəcədə möhkəmlənib. Məsələn, institutlar indikatoru üzrə respublikamız mövqeyini 15 pillə yaxşılaşdıraraq 33-cü pilləyə yüksəlib. Ölkəmiz əmtə bazarının səmərəliliyi indikatoru üzrə 19 pillə, əmək bazarının səmərəliliyi kateqoriyası üzrə 9 pillə, maliyyə bazarının inkişafı indikatoru üzrə isə 18 pillə irəliləyib. Ölkəmiz ən yaxşı göstəriciyə biznesin mürəkkəbliyi indikatoru üzrə nail olub. Burada respublikamızın mövqeyi 20 pillə yaxşılaşıb.
Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasət də “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda yüksək qiymətləndirilib. Sənəddə dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Ölkəmiz MDB məkanında liderliyini yenə də qoruyub
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı dəyərləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov ölkəmizin dünyada rəqabət qabiliyyətinin artmasına xüsusi diqqət çəkib. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta “G20”-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qeyd edək ki, qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.
Vüqar Bayramov sənədə əsasən Azərbaycanın reytinqinin iki pillə yüksəlməsini təqdirəlayiq hal kimi dəyərləndirib. İqtisadçı alim respublikamızın regionda ən rəqabətqabiliyyətli ölkə olduğunu vurğulayaraq bildirib: “Sevindirici haldır ki, Azərbaycan MDB ölkələri arasında ən rəqabətqabiliyyətli ölkədir. Eyni zamanda, Azərbaycan həm də qonşu İran və Türkiyə ilə müqayisədə rəqabət qabiliyyətinə görə daha öndədir. Beləliklə, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə regionun ən aparıcı ölkəsidir. Neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksək olması və bunun dünyanın ən aparıcı iqtisadi forumu tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, əslində Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsinə, mövcud infrastrukturdan və potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxardıb”.
Ölkəyə yeni investisiyaların cəlb edilməsinə münbit zəmin yaranıb
İqtisadçı ekspert Vüqar Bayramov Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyinin yaxşılaşmasının ölkə iqtisadiyyatının mövcud potensialının qiymətləndirilməsi baxımından da vacib olduğunu bildirib. Vüqar Bayramov vurğulayıb ki, qlobal rəqabətlilik hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması, eyni zamanda, ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi üçün geniş imkanlar açır. “Rəqabət qabiliyyəti ölkənin əsas iqtisadi gücünü, potensialını nümayiş etdirən göstəricilərdən biri olmaqla yanaşı, həm də investisiya mühitinin səviyyəsindən xəbər verir. Bu baxımdan Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda mövqeyini yaxşılaşdırması ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi üçün geniş imkanlar açır. Adətən investorlar sərmayə qərarları verən zaman bu cür hesabatlarda ölkənin yerinə xüsusi diqqət yetirirlər”, - deyə V.Bayramov bildirib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31