Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanda jurnalist və siyasətçinin ölümünə göz yuman Avropa Parlamentinin ikiüzlülüyü...

Ermənistanda jurnalist və siyasətçinin ölümünə göz yuman Avropa Parlamentinin ikiüzlülüyü...

29.01.2019 [09:48]

Olmayan hadisəyə görə Azərbaycanı ittiham edən AP və digər qərəzli beynəlxalq təşkilatlar Ermənistanda həbsxanada aclıq edən Yeqizaryanın ölümü qarşısında niyə susqunluq nümayiş etdirirlər?
Xəbər verildiyi kimi, Ermənistan həbsxanasında aclıq edən siyasətçi və jurnalist Mqer Yeqizaryan yanvarın 26-da ölüb. Bununla bağlı bu ölkənin ədliyyə naziri Artak Zeynalyan bəyanatla çıxış edib. Onun sözlərinə görə, aclıq aksiyası zamanı iki dəfə xəstəxanaya aparılan “Erməni qartallar-vahid Ermənistan” ictimai təşkilatının sədr müavini və “Haynyus.am” internet portalının xəbər bölməsinin rəhbəri infarktdan ölüb. Erməni mətbuatında dərc olunan xəbərlərdə nazirin bəyanatının gecikdiyi bildirilir və iki gün sonra açıqlama verilməsi ilə əlaqədar şübhələr yer alıb. Ədliyyə naziri bildirib ki, jurnalist aclıq aksiyasını yanvarın 17-də dayandırıb və səhhəti pisləşdiyindən həmin ayın 26-da ölüb. Yeqizaryanın oğlu isə bu bəyanatın doğru olmadığını bildirib. Ölən şəxsin oğlu Vazqen Yeqizaryanın ölkənin baş nazirinə ünvanladığı açıq məktubda deyilir: “Nikol Paşinyan, bu cinayət işində sizin rolunuzu müəyyən etmək, yəqin ki, heç vaxt mümkün olmayacaq. Lakin siz “nəyin bahasına olursa olsun, bu adamı məhkum etmək lazımdır” prinsipi ilə hərəkət etmisinizsə, onda mənim anamın və qardaşımın yaşadıqları əzabları sizin xanımınıza və oğlunuza da arzulayıram. Xatırladıram ki, bu məsələdə icraçı olan şəxslər sizə tabedirlər”.
Ermənistan mətbuatı yazır ki, artıq ölkə daxilində bu hadisəyə görə N.Paşinyanın istefası tələbi də səsləndirilir. Məlumata görə, M.Yegiazaryan siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. Həbsxanada aclıq aksiyası elan edən siyasətlə, eyni zamanda, jurnalist fəaliyyəti ilə məşğul olan bu şəxsin ölümünə görə erməni mətbuatı tərəfindən N.Paşinyan ciddi tənqid atəşinə tutulsa da, baş nazir susmağı üstün tutur. Bunun müqabilində keçirdiyi son toplantıların birində konkret şəkildə olmasa da, üstüörtülü olaraq onun siyasətinə qarşı hər hansı şəkildə etiraz edənlərə və aksiya keçirənlərə, onun əleyhinə yazanlara xəbərdarlıq etməkdən də çəkinməyib. N.Paşinyanın özünü arxayın aparmasına səbəb, çox güman ki, Avropa Parlamenti başda olmaqla, Qərbdəki bir sıra beynəlxalq qurumların Ermənistan hakimiyyətinin qanunsuz əməlləri qarşısında səssiz qalmasıdır.
Xatırladaq ki, “Erməni qartalları, Vahid Ermənistan” partiyasının sədr müavini, “haynews.am” saytının məsul redaktoru və sahibi Mger Yegiazaryan Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən ötən ilin dekabr ayında saxlanılıb. Saxlanıldıqdan bir neçə gün sonra, 5 dekabr 2018-ci il tarixində qondarma ittihamlarla və siyasi fəaliyyətinə görə həbs olunduğunu əsas gətirərək aclıq aksiyasına başlayan M.Yegiazaryan 2019-cu il yanvarın 17-də Nubaraşen həbsxanasında komaya düşüb və həkimlər onun bioloji cəhətdən ölümünü qeydə alıblar. Aclıq aksiyasının 44-cü günündə vəfat edən 51 yaşlı M.Yegiazaryanın ölümündə indiki hakimiyyətin, xüsusilə baş nazir N.Paşinyanın günahlandırılması da səbəbsiz deyil. Bu hadisənin 10 günə yaxın gizlədilməsi, bununla belə onun aclıq aksiyası keçirdiyi müddət ərzində hakimiyyətin müvafiq qurumları tərəfindən heç bir reaksiyanın verilməməsi və aksiyanı dayandırmaq, ən azından onun ölümünün qarşısını almaq üçün məcburi tədbirlər görülməməsi bu qəbildən olan haqlı narazılıqlardandır.
Ermənistanda haqqında məhkəmə qərarı olmayan bir vətəndaşın, habelə siyasət və jurnalist fəaliyyəti ilə məşğul olan bir şəxsin ölümünə göz yumulmasına baxmayaraq, Qərbin, o cümlədən Azərbaycanda baş verən adi məişət hadisəsinə də reaksiya verən bəzi Avropalı siyasətçilərin susması, təbii ki, təəccüb doğurur. Ən azı ona görə ki, bu yaxınlarda M.Hüseynovun məsələsi ilə bağlı dayanmadan bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər və mətbuat orqanları Ermənistanda baş verənlərin üstündən sükutla keçməyi üstün tuturlar.
İkili standarlar nümayiş etdirən və qeyri-obyektiv məlumatlara əsaslanaraq baş verməyən məsələyə görə Azərbaycanı hədəfə götürən, qətnamə çıxaran Avropa Parlamentinin növbəti dəfə Ermənistanda törədilən ağır cinayətə göz yummasının səbəbləri barədə suala cavab verən Milli Məclisin deputatı Azay Quliyev də bildirib ki, Avropa Parlamenti başda olmaqla, özünü “demokratiya, insan hüquqlarının müdafiəçisi” kimi göstərən Qərbdəki müvafiq qurumların heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib: “İnsan hüquq və azadlıqlarının hər gün kobud şəkildə pozulduğu Ermənistandakı bu biabırçılıq qarşısında Qərbin nüfuzlu dairələrinin susması ikili standartların bariz nümunəsidir. Qəribə olan odur ki, Ermənistanda partiya sədrinin müavini Mger Yegiazaryanın aclıq aksiyasından sonra həbsxanada ölməsinə, Azərbaycanla bağlı haqsız ittihamların yer aldığı qətnamələr qəbul etməyə vərdiş edən Avropa Parlamenti başda olmaqla, beynəlxalq təşkilatların heç biri reaksiya verməyib. Halbuki siyasi mövqeyinə görə N.Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbsə atılan, istintaqı davam edən və hələ cinayəti sübut olunmayan jurnalistin və partiyanın rəhbər şəxsinin ölümü Ermənistanın əksər mətbuat orqanları tərəfindən “siyasi qətl” kimi qiymətləndirilib və N.Paşinyan bu cinayətdə birbaşa iştirakda günahlandırılır. Ermənistanın daxilində bu qədər etiraz və ittihamlar səslənməsinə baxmayaraq, Azərbaycana qarşı tələm-tələsik qətnamə qəbul etməyə adət etmiş Avropa Parlamentinin bu siyasi qətlə reaksiya verməyə tələsməməsi ikiüzlü, riyakar siyasətin göstəricisidir”.
Bu yaxınlarda M.Hüseynovun məsələsi ilə bağlı bəyanatlarla çıxış edən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər və media orqanlarının Ermənistanda baş verən siyasi qətl qarşısında susmasına toxunan A.Quliyev deyib ki, bu cür anormal münasibət sözügedən təşkilatların, o cümlədən beynəlxalq ictimaiyyətin ikili standartlardan çıxış etdiyini bir daha ortaya qoyur: “Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür etmək çətin olmazdı. Analoji hadisə Azərbaycanda olsaydı, indi susmaqla əslində N.Paşinyana dəstək verən Avropa Parlamenti və digər qurumlar nəinki Avropanı, bütün beynəlxalq ictimaiyyəti ayağa qaldırmışdı”.
Jurnalistin ölümündə birbaşa günahı olan N.Paşinyan hakimiyyətinin hələlik Qərbin heç bir nüfuzlu təşkilatı tərəfindən tənqid olunmamasına münasibət bildirən Milli Məclisin üzvü Elman Məmmədov da Qərbin, o cümlədən Azərbaycanda baş verən və heç bir siyasi motivi olmayan hadisələrə dərhal reaksiya verən Avropa Parlamentinin təkidlə susmasından təəccübləndiyini bildirib: “Bu cinayətdə birbaşa N.Paşinyan hakimiyyəti günahkardır və baş verən hadisənin siyasi qətl olması ortadadır. Bu, dövlətin öz vətəndaşını necə öldürməsinin əyani bir nümunəsidir. Çünki dövlət, müvafiq strukturlar və vəzifəli şəxslər üçün azadlıqdan məhrumetmə yerlərindəki vətəndaşın həyatını və təhlükəsizliyini qorumaq əsas öhdəliklərdəndir. Amma Ermənistanda tamam başqa münasibətin şahidi oluruq. Bir ay yarımdır aclıq aksiyası keçirən vətəndaşın ölümünün qarşısını almaq üçün müvafiq qurumlar, cəzaçəkmə müəssisəsinin rəhbərliyi qismində dövlət ciddi addım atmayıb. Amma çox təəssüf ki, nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti bu siyasi qətlin günahkarı olan Paşinyan hakimiyyətini ittiham etməkdən çəkinir”.
Beynəlxalq qurum nümayəndələrinin, Avropanın nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları və media orqanlarının Ermənistanda baş verən siyasi qətl qarşısında susmasına gəlincə, deputat bildirib ki, bu hadisə bir daha sübut etdi ki, Avropa Parlamenti obyektivlikdən uzaqdır və maraqlarına uyğun olduqda cinayətə də göz yumur: “Ermənistanda insan hüquqları və söz azadlığı sahəsində bu qədər özbaşınalığın tüğyan etməsi, hətta hələ haqqında məhkəmə qərarı olmayan bir vətəndaşın, siyasətçinin, ən əsası da jurnalistin ölümünə göz yumulması işğalçı dövlətdə normal, demokratik cəmiyyət quruculuğuna doğru dəyişiklik olmadığını sübut etmək üçün kifayətdir. Lakin həmişə olduğu kimi, bu dəfə də söhbət Ermənistandan getdiyindən Azərbaycanı tənqid etmək üçün növbəyə dayanan bəzi beynəlxalq təşkilatlar, ermənipərəst siyasətçilər, həmçinin bir çox QHT-lər cəzaçəkmə müəssisələrində cinayət və özbaşınalığın hökm sürdüyü orataya çıxdığı halda belə susurlar. Halbuki bu fakt sübut etdi ki, yeni hakimiyyətin dövründə də Ermənistanın cəzaçəkmə müəssisələri keçmiş cinayətkar rejimin qaydaları ilə idarə olunur. Ermənistanda, demək olar ki, bütün sahələrdə əvvəlki hakimiyyətin qayda-qanunları hökm sürür, korrupsiya, özbaşınalıq və qətllər davam edir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31