Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Manat son 5 ildə bölgədə ən dəyərli valyutaya çevrilib

Manat son 5 ildə bölgədə ən dəyərli valyutaya çevrilib

17.08.2010 [09:32]

Azərbaycan hökuməti tərəfindən həyata keçirilən effektiv pul siyasəti milli valyutanın regionda aktiv pul aləti kimi çəkisinin yüksəlməsinə səbəb olmaqdadır
Avqustun 15-də Azərbaycanın milli valyutası olan manatın tədavülə buraxılmasından 18 il ötdü. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadi siyasətinin başlıca elementlərindən biri dövlətin atributlarından olan milli valyutanın - manatın dövriyyəyə buraxılması ilə bağlı idi. Azərbaycan milli iqtisadiyyatının yaradılması və maliyyə sisteminin formalaşdırılması ilə bağlı həyata keçirilən siyasət, eyni zamanda, müstəqil pul vahidinin dövriyyəyə buraxılması zərurətini də meydana çıxarmışdı. 1992-ci ilin əvvəllərində Azərbaycan Milli Bankının (indiki Mərkəzi Bank) yaradılmasından sonra milli valyutanın tədavülə buraxılması istiqamətində tədbirlərə başlandı.
Keçmiş iqtidarın yarıtmaz siyasəti manatın dəyərdən düşməsinə səbəb olmuşdu...
1992-ci il avqustun 15-də Azərbaycanın milli pul nişanları olan 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr - xırda pullar dövriyyəyə buraxıldı. Həmin ilin dekabr ayında 5, 1993-cü ilin fevral ayında 500, həmin ilin mart ayında isə 50, 100 və 1000 manat dəyərində olan yeni pul əskinasları tədavülə çıxarıldı. Amma bu dövrdə həyata keçirilən pul siyasəti öz effektini vermədi və manat, eləcə də, qəpik sikkələr dəyərini itirdi. Bunun başlıca səbəbi isə hakimiyyətdə olan qüvvələrin düzgün siyasət həyata keçirməməsi idi.
Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz və milli iqtisadiyyatın inkişafı üçün deyil, öz şəxsi maraqları üçün çalışan insanların yarıtmaz fəaliyyəti, ən əsası isə hökumətin müstəqil iqtisadi strategiya müəyyənləşdirə bilməməsi nəticəsində Azərbaycanın maliyyə sistemində ciddi böhran meyilləri baş verməyə başladı. İqtisadiyyatın bütün sahələrində böhran tendensiyasının dərinləşməsi maliyyə-valyuta bazarını sarsıtdı ki, bu da milli valyutanın da dəyərinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu. Dövriyyəyə buraxılmasının heç bir ili tamam olmamış manat öz dəyərini 100 dəfəyə yaxın itirməyə başladı. Həmin illərdə inflyasiyanın 1800 faizə çatması milli valyutanın bölgədə ən dəyərsiz pul alətinə çevrilməsi ilə nəticələnmişdi.
ümummilli lider Heydər Əliyev milli valyutanın dəyərinin güclənməsinə dərin əsaslar yaradan qərarlar qəbul etdi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi iqtisadiyyatın aparıcı sahələrindən olan maliyyə bölməsində, xüsusilə də, valyuta bazarında mühüm dönüş yarandı. Ulu öndərin qətiyyəti, gərgin zəhməti və həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasəti nəticəsində 1993-cü ilin yarısından başlayaraq ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, iqtisadiyyatda yaranmış geriləmə proseslərinin və milli valyutanın dəyərdən düşməsinin qarşısının alınması istiqamətində sistemli tədbirlər reallaşdı. Manatın dəyərinin qorunması üçün Milli Bank (indiki adı Mərkəzi Bank - red.) qarşısında təxirəsalınmaz preventiv tədbirlər həyata keçirmək barədə ciddi tapşırıq qoyuldu. ümummilli liderin iqtisadiyyatda tənəzzülün aradan qaldırılması və Azərbaycanın iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi siyasət öz mühüm bəhrəsini göstərməyə başladı. ölkədə maliyyə sabitliyi təmin olundu, valyuta bazarına ciddi şəkildə nəzarət gücləndirildi.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan manatının dövriyyəyə buraxıldığı ilk illərdə, yəni 1992-ci və 1993-cü illərdə manat tamamilə yeganə ödəniş vasitəsi deyildi. Yəni, milli valyuta ilə bərabər, rubl da paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Bu isə Azərbaycanın milli valyutasının dəyərinin və iqtisadi gücünün məhdudlaşdırılmasına səbəb olurdu. Manat demək olar ki, tam müstəqil valyuta növü deyildi. Həmin dövrdə müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu cür maliyyə nizamsızlığına da son qoydu. Dahi şəxsiyyət müstəqil dövlətin əsas atributlarından olan milli pulun dəyərinin güclənməsinə dərin əsaslar yaradan qərarlar qəbul etdi.
ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı qeyd olunan sahədə mühüm rol oynadı. Həmin Fərmana əsasən manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da, Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi. Onu da xatırladaq ki, manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən respublikamızın pul vahidinin manat olduğu müəyyən edildi və ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olundu.
Ulu öndər milli valyutaya dərin inamı və etibarı təmin etdi...
Həyata keçirilən bütün bu davamlı islahatlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun bölgədə ən dəyərli pul vasitəsinə çevrilməsinə xidmət edən məqsədyönlü siyasətin başlıca istiqamətlərini təşkil edirdi. Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişaf dinamikasını və maliyyə bazarının hüdudlarının genişlənməsini nəzərə alaraq daha böyük nominala malik pul əskinaslarının dövriyyəyə buraxılmasını da təmin etdi. ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar dövriyyəyə buraxıldı.
Yeri gəlmişkən, ümummilli liderin həyata keçirdiyi pul siyasətinin ən mühüm nailiyyətlərindən biri milli valyutaya olan dərin inamın, etibarın və ümumxalq rəğbətinin yaranmasından ibarət idi. Belə ki, 1992-1993-cü illərdə milli pul vahidləri öz nominal dəyərinə uyğun deyil, daha çox müxtəlif adlarla, məsələn, “məmməd”, “qız qalası”, “nizami” kimi milli atributumuza yaraşmayan loru ifadələrlə səsləndirilirdi. 1994-cü ildən sonra bu cür intizamsızlıqlar da aradan qalxmağa başladı.
Azərbaycan manatının ən dəyərli valyutaya çevrilməsi 2000-ci illərin əvvəllərində başladı və bu dövrdə manat dəyərinə görə, bir çox xarici dövlətlərin dönərli valyutalarını geridə qoydu. ABŞ dolları dəyərinə görə, valyuta birjalarında manatdan aşağı qiymətə dəyişdirildi. ümummilli lider Heydər Əliyevin siyasi varisi İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadiyyatında yeni inkişaf erasının başlanması maliyyə-valyuta sisteminə də öz mühüm təsirini göstərdi və manat bu dövrdə daha etibarlı valyutaya çevrildi. Milli valyuta 2003-2005-ci illlərdə daha da möhkəmlənərək regionda öz mövqeyini gücləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən denominasiya siyasəti manatın məzənnəsini daha da möhkəmləndirdi
Prezident İlham Əliyev respublikamızdakı dinamik inkişaf templərinin tələblərini, eyni zamanda, milli valyutanın daha yüksək dəyərli pul vasitəsinə çevrilməsini nəzərə alaraq manatın denominasiyasının həyata keçirilməsinə qərar verdi. ölkə başçısının 7 fevral 2005-ci il tarixli Fərmanı ilə pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) qərara alındı. Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nişanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi.
Azərbaycan yeganə ölkələrdəndir ki, denominasiyadan sonra milli valyutası dəyərini hər il artırıb və bu proses davamlı xarakter alıb. Məsələn, 5 il əvvəl pul islahatları başlayanda və ilk yeni banknotlar dövriyyəyə buraxılanda manatın dollarla nisbətdə dəyəri 0, 92 qəpik təşkil edirdi və həmin dövrdə ABŞ pulu ümumilikdə dünya maliyyə bazarlarında əsas aparıcı valyuta növü idi. Azərbaycan hökumətinin ölkədə güclü sabitlik potensialı yaratması və mükəmməl məzənnə siyasəti yürütməsi denominasiyanın ilk ilindəcə öz effektiv nəticələrini göstərdi. Manat digər xarici valyutalarla nisbətdə nəinki öz mövqeyini sabit qoruyub saxladı, hətta 2 faizə yaxın nisbi dəyər qazandı.
Azərbaycanın yeni milli valyutası son 5 ildə həm dollar, həm avro, həm də digər valyutalar qarşısında öz məzənnəsini möhkəmləndirərək ən aktiv pul alətinə çevrilib. Bu müddət ərzində milli valyuta dollarla nisbətdə 20 faizə yaxın möhkəmlənib və 1 dollar 0, 84 qəpiyə bərabərdir. Avro isə son 5 ildə manat qarşısında 50 faizdən də artıq dəyərini itirib. 2007-ci ildə 1 avro almaq üçün 1 manat 50 qəpik tələb olunurdusa, indi bu rəqəm 95 qəpiyə bərabərdir.
Azərbaycan hökuməti tərəfindən həyata keçirilən pul siyasətinin səmərəliliyinin artırılması milli valyuta olan manatın yerli maliyyə bazarı ilə yanaşı, regionda aktiv pul aləti kimi çəkisinin yüksəlməsinə səbəb olmaqdadır. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda, milli valyutanın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənməkdədir. Respublikamızın iqtisadiyyatının və maliyyə bazarının həddindən artıq güclü və sağlam olması maliyyə sistemində davamlılığı artırır və milli valyutanın aktiv, aparıcı dəyər aləti kimi mövqeyini möhkəmləndirir.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1150 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31