Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir

14.02.2020 [09:25]

YAP İcra Katibliyində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransı keçirib
Fevralın 13-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransı keçirib.
Mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli əvvəlcə Agentlik tərəfindən əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, istehlakı hüquqlarının qorunması sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edilib ki, 2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri həyata keçirilib. Həyata keçirilən tədbirlər zamanı ümumilikdə 103 703.4 ton və 99 382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib, 629.3 ton, 9 734.9 litr və 152 ədəd məhsul məhv edilib, 33 273 ton məhsul isə utilizasiya edilib.
Koronavirus epidemiyası ilə əlaqədar Çindən bir sıra məhsulların idxalına qadağa qoyulub
Q.Təhməzli bildirib ki, son vaxtlar Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə Agentlik infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub. Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçib. “Bu ilin ötən dövrü ərzində 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub” - deyən Q.Təhməzli bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur. Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımdan xəstəlik dünyada çox geniş arealda yayılıb. Belə ki, Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenburq vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur. AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb. Eyni zamanda, agentlik sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb. Bununla yanaşı, yüksək patogen quş qripi və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Q.Təhməzli onu da diqqətə çatdırıb ki, yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib. Fevralın 10-dan 14-dək AQTA aidiyyəti qurumlarla birgə ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçirir.
Q.Təhməzli həmçinin deyib ki, bu il Azərbaycanda iki idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur: “Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulmuş idxal-karantin məntəqələrinin layihələnməsi həyata keçiriləcək”.
Onun sözlərinə görə, növbəti illərdə də Azərbaycanın digər sərhəd-keçid məntəqələrindən kənar yerlərdə belə məntəqələrin qurulması planlaşdırılır: “İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək”.
Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq
Bununla yanaşı, Azərbaycanda Qida Təhlükəsizliyi Klinikasının yaradılması da nəzərdə tutulub. Agentlik sədri söyləyib ki, AQTA-nın yaradacağı klinikanın nəzdində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji Araşdırmalar Mərkəzi” fəaliyyət göstərəcək. Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, biolojik agent qaynaqlı böhran vəziyyətində müvafiq koordinasiyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdid ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək.
Həmçinin Mərkəz tərəfindən quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, qara yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik 3 səviyyəli laboratoriyaların formalaşdırılması, xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək.
Toksikoloji Araşdırmalar Mərkəzi tərəfindən qida, bitki və heyvan sağlamlığı sahələrində istifadə edilən dərman vasitələri qaynaqlı kimyəvi təhlükələrin önlənməsi məqsədi ilə müvafiq təlimatların hazırlanması və icra edilməsi, eləcə də ölkə xaricindən və daxilindən qaynaqlana biləcək kimyəvi agent qaynaqlı təhlükələrin mütəmadi olaraq qiymətləndirilməsi və önlənməsi tədbirləri görüləcək.
Eyni zamanda Mərkəz kimyəvi zəhərlənmələrin qaynağının müəyyən edilməsi məqsədi ilə mənşəyi məlum olmayan kimyəvi maddə təyini, həmçinin biolojik materiallarda toksikoloji analiz laboratoriyalarının qurulması və işinin təşkil edilməsi, kimyəvi agent qaynaqlı təhlükələrə qarşı böhran vəziyyətinin idarə edilməsi və müvafiq koordinasiyanın həyata keçirilməsi, kimyəvi təhlükə səviyyəsinin yerində müəyyən edilməsi üçün müvafiq mobil laboratoriyaların işinin təşkili, kimyəvi agent qaynaqlı xəstəliklərdən və zəhərlənmələrdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması üzrə fəaliyyət göstərəcək.
Qida Təhlükəsizliyi İnstitutunun nəzdində “Süfrə” MMC yaradılması nəzərdə tutulur
Həmçinin Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində “Süfrə” MMC yaradılacaq. Q.Təhməzlinin sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələrin tətbiq edilməsidir: “Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadratmetrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq”.
AQTA sədri bildirib ki, bu layihəyə qatılmaları üçün dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət ediləcək: “Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün işlər pulsuz həyata keçiriləcək”.
Q.Təhməzli vurğulayıb ki, ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir. Agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir. Heyvan kəsimi məntəqələrində də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək. Bu, sırf qida təhlükəsizliyinin təmininə yönəlib”.
AQTA sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31