Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Koronavirusun yayılmasının qarşısının alınması və xəstəliyə yoluxanların müalicəsi məqsədilə təxirəsalınmaz tədbirlər görülür

Koronavirusun yayılmasının qarşısının alınması və xəstəliyə yoluxanların müalicəsi məqsədilə təxirəsalınmaz tədbirlər görülür

04.03.2020 [09:36]

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq müvafiq qurumlar tərəfindən ölkədə koronavirusla bağlı ətraflı maarifləndirmə işləri də davam etdirilir
Məlum olduğu kimi, ilk yoluxma halı 2019-cu il dekabrın 31-də Çin Xalq Respublikasının əhalisi sıx olan Uxan şəhərində qeydə alınan koronavirusun yeni növü artıq dünyanın bir çox ölkələrinə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq 72 ölkədə virusa yoluxma halı qeydə alınıb. Çindən başqa, epidemiyanın daha çox yayıldığı ölkələr Cənubi Koreya və İtaliyadır. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək, beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. ÜST-nin məlumatına görə, Çində koronavirusdan təxminən 2,9 min nəfər ölüb, 44,4 min nəfər sağalıb, bütün dünya üzrə epidemiyaya yoluxanların sayı isə 80 mini ötüb.
BMT koronavirusun yayılmasına qarşı mübarizə üçün 15 milyon dollar ayırıb
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında koronavirus infeksiyası ilə əlaqədar bütün dünya üzrə xəstəlik və onun simptomları, bu virusun yayılmasına dair cari vəziyyət, həmçinin profilaktikası ilə bağlı görülən tədbirlər haqqında məlumatlar yerləşdirilir. Eyni zamanda, ÜST bu istiqamətdə bütün dünya ölkələrinin əhalisi üçün maarifləndirmə xarakterli reportajlar və materiallardan istifadəni tövsiyə edir. Saytda həmçinin ölkələr üzrə infeksiyanın yayılmasına dair operativ məlumatlar verilir.
Bundan başqa ÜST-nin saytında infeksiyadan fərdi qaydada qorunmaq üçün çoxsaylı tövsiyələr yerləşdirilib. Həmin tövsiyələrə görə, vətəndaşlar fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər. Ən təsirli tədbirlər arasında əllərin tez-tez yuyulması, öskürərkən və ya asqırarkən burun və ağızın dirsək, yaxud dəsmalla örtülməsi, insanlardan 1 metr məsafədə dayanmaq da var.
Eyni zamanda heyvanlarla birbaşa təmasdan, çiy ət, süd və termiki emaldan keçməyən digər məhsullara toxunmaqdan çəkinmək, əlavə olaraq heyvan mənşəli çiy və ya yarımbişmiş məhsulları yeməmək tövsiyə olunur. COVİD-19-un səthlərdə uzun müddət qalma ehtimalına gəlincə, koronavirus ailəsinin digər nümayəndələri kimi, yeni növ koronavirus da bir neçə saatdan bir neçə günə qədər səthlərdə canlı qala bilər. Mikroorqanizmlərin məhv edilməsi üçün səthi dezinfeksiyaedici vasitələrlə silmək tövsiyə edilir. Eyni zamanda, əlləri spirt əsaslı məhsullarla və ya sabunla yumaq, əllərlə gözlərə, ağıza və buruna toxunmamaq məsləhət görülür.
Onu da vurğulayaq ki, dünyanın bir çox ölkələrində koronavirusun yayılmasının davam etməsi artıq BMT tərəfindən bu istiqamətdə ciddi tədbirlər görülməsinə gətirib çıxarıb. Belə ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayrılmasına razılıq verib. Bu vəsait Ümumdünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilir.
Yeri gəlmişkən, koronavirusun yayılmasının qarşısının alınması üçün dünyanın ayrı-ayrı ölkələrində müxtəlif kütləvi tədbirlər dayandırılır. Belə ki, “MotoGP” üzrə martın 8-də Qətərdə, martın 20-də Tailandda keçirilməli olan Qran-prilər təxirə salınıb.
Estoniyanın paytaxtı Tallində koronavirus şübhəsi ilə təcili tibbi yardıma edilən çağırışlara üç nəfərlik təcili yardım qrupuna əlavə olaraq bir tibb işçisindən və sanitardan ibarət xidmət qrupu da qoşulacaq. Hava limanı və dəniz limanı kimi ictimai yerlərə üçnəfərlik heyət bütün sutka ərzində növbə çəkəcək.
Tacikistanda isə koronavirus təhlükəsi ilə bağlı dünyanın 35 ölkəsindən nümayəndələrin gəlməsinə qadağa qoyulub. Tacikistan Mülki Aviasiya Agentliyi (MAA) yerli və xarici aviasiya şirkətlərinə müvafiq məktub göndərib.
Ölkəmizdə koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib
Ölkəmizə gəlincə, qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması və xəstəliyə yoluxanların müalicəsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Məlum olduğu kimi, koronavirusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Qərargahdan verilən məlumata əsasən, 2020-ci il mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Eyni zamanda təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi çərçivəsində Bakı Şəhəri Dezinfeksiya Stansiyası paytaxt məktəblərində təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər fevralın 21-dən bu günə qədər davam etdirilir. QSC-dən bildirilib ki, “Nərimanov” elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib. Dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir. Fevral ayının 26-dan başlayaraq, gündəlik olmaqla, koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər stansiyalarda da aparılır.
Martın 3-də Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı növbəti məlumata görə isə beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksəkixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Məlumatda o da qeyd edilir ki, digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır.
Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilir ki, koronavirus infeksiyalarının vaxtında aşkarlanması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-nin protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.
Sonda onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tövsiyələrinə uyğun olaraq, müvafiq qurumlar tərəfindən ölkədə koronavirusla bağlı ətraflı maarifləndirmə işləri də davam etdirilir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31