Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müasir dövlət quruculuğunun hüquqi əsasları

Müasir dövlət quruculuğunun hüquqi əsasları

25.10.2025 [13:02]

Ölkəmizdə Konstitusiya və Suverenlik İli çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Bu günlərdə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı təsis edilib. Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

Yubiley medalı haqqında əsasnaməyə görə, Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı ilə təltif ediləcəklər. Medalla təltif edən qurum qismində Konstitusiya Məhkəməsi müəyyənləşdirilib.

Müstəqil Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Əsas Qanunu

Konstitusiya və Suverenlik İlində “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalının təsis eddilməsi təsadüfi deyil. Konstitusiyamız dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası qismində çıxış edir.  Konstitusiyanın müddəalarına istinadən həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı zirvələrə yüksəldib, ölkəmiz son 200 ildə ən böyük zəfərlərini qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu il tarixi qələbəmizin 5, Konstitusiyanın qəbul edilməsinin isə 30 ili tamam olur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamda bildirilir ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş sovet respublikasının Əsas Qanunu ilə müstəqil Azərbaycanın yeni reallıqlarını uzlaşdırmaq və inkişafı təmin etmək əsla mümkün deyil. Beləliklə, Onun təşəbbüsü ilə müstəqil respublikamızın ilk Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Milli Məclis tərəfindən təsdiqləndi.

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya Konstitusiya layihəsinin hazırlandığı dövrdə bir neçə dəfə açıq müzakirələr keçirib. Müzakirələrdə Ulu Öndər müddəaların hər birinə şəxsən diqqət yetirib, mövqeyini bildirib və təkliflərini verib. Nəticədə, mükəmməl bir qanun layihəsi ərsəyə gəlib. Yeni Konstitusiya 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunub.

Hüquqi və demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hazırlanan Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Sənəd ölkəmizin hərtərəfli inkişafı üçün geniş hüquqi əsaslar yaradır. Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xüsusi yer tutan bu qanunun əhəmiyyətini belə dəyərləndirib: “Hesab edirəm ki, qanun demokratik prinsiplərə cavab verən, demokratik parlament yaratmaq üçün əsas olan və ümumiyyətlə, respublikamızda dövlət quruculuğu sahəsində apardığımız işlər sırasında çox görkəmli yer tutan sənəddir. Mən hesab edirəm ki, bu qanunun qəbul olunması respublikamızda dövlət quruculuğu sahəsində görülən işlərin bir mərhələsidir, addımıdır, bir irəliləyişdir”.

Heydər Əliyevin müəllifliyi ilə hazırlanan Konstitusiyada insan və  vətəndaş hüquq və azadlıqlarının qorunmasına əsaslar yaradan çoxsaylı müddəalar yer alıb. Əsas Qanunun insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yolverilən həddi təsbit edilib.

Eyni zamanda, Konstitusiyamızda demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Belə ki, Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Əsas Qanunumuza uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Həmçinin ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub.

Müxtəlif illərdə aparılan Konstitusiya islahatları

Zamanın iti axarında qarşıya yeni çağırışlar çıxır. Ölkəmizdə də sonrakı mərhələdə yeni inkişaf səviyyəsinə uyğun olaraq bir neçə dəfə Konstitusiya islahatları həyata keçirilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəfə  Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik olunub.

Bəhs olunan referendum ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım idi. Yeni Konstitusiya islahatlarına uyğun olaraq Azərbaycanda vitse-prezidentlik intitu formalaşdırıldı. Artıq tarixə dönən 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il oldu. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Hazırda respublikamızda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31