Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan sülhpərvər siyasət yürüdür - “Dəmir yumruq” isə yerindədir!

Azərbaycan sülhpərvər siyasət yürüdür - “Dəmir yumruq” isə yerindədir!

30.10.2025 [07:49]

Vətən müharibəsində qazanılan qalibiyyət 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Düşmən tapdağında olan torpaqlarımız, Azərbaycanın dünənini özündə əks etdirən tarixi məbədlərimiz öz azadlığına qovuşdu. Regionda yeni siyasi reallıqlar formalaşdıran Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bu gün qalib ölkə olaraq bölgədəki siyasi proseslər məhz Azərbaycanın iradəsi əsasında inkişaf edir. Hər zaman dayanıqlı sülhün tərəfdarı kimi çıxış edən ölkəmiz bu gün qalib ölkə olmasına baxmayaraq, bölgədə əməkdaşlığın, normal münasibətlərin formalaşdırılmasını istəyir. Avqust ayında imzalanan müvafiq sənəd və razılaşmalar, sülh istiqamətində pozitiv davranışlar gələcək üçün mühüm ümidlər formalaşdırır.

Bununla belə, Azərbaycan xalqı özünün dünənini unutmur, keçmişini yaddan çıxarmır. Çünki torpaqlarımızın azadlığı olduqca gərgin, keşməkeşli bir prosesin nəticəsi oldu - bu yolda canından keçən minlərlə igid Azərbaycanın ədaləti mövqeyinin bərqərar olunmasına töhfə verdi. Bu səbəbdən də tariximizi unutmamalıyıq - əksinə, ondan dərs çıxarmalı, gələcək üçün nümunə yaratmalıyıq.

Tariximizin ən parlaq səhifəsi...

Qarabağ müharibəsi də analoji bir prosesinin nəticəsi idi - zəfər yürüşü, qalibiyyət məhz Vətən sevgisinin, Vətənə bağlılığın simvolu kimi yadda qaldı. Cəmisi 44 gün ərzində yüzlərlə kənd, qəsəbə, şəhər, rayon öz azadlığına qovuşdu. Bu, Azərbaycanın qələbə təntənəsinin müjdəsi idi. Artıq o günlərdən 5 il ötür. Bu illər ərzində həmin torpaqlarımızda yenidən həyat canlanır - kəndlər salınır, şəhərlər abadlaşdırılır, həmin ərazilərin əsl sahibləri evlərinə dönürlər. Bu qayıdış isə Qələbənin ən əsas təminatçısı, təsdiqidir. Bir neçə gün öncə Cəbrayıl rayonunun Horovlu kəndinin sakinlərinə də öz evlərinin açarları təqdim edildi. Mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilmişdir və əslində, bizim Zəfər yürüşümüz bu bölgələrdən başlamışdır. Cəbrayıl, Füzuli istiqamətində irəli gedən bizim əsgər və zabitlərimiz düşmənin bir neçə müdafiə xəttini yara bilmiş, beləliklə, gələcək Zəfər yürüşümüzü şərtləndirmişlər: “Allah şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim bizim qəlbimizdə yaşayır, yaşayacaq. Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.

Biz sübut etdik ki...

Azərbaycan xalqı 30 illik işğalla barışmadı - hətta ən kritik məqamlarda belə içimizdəki inam ölmədi - biz o torpaqlara qayıdacağıq şüarı bir an fikrimizdən yayınmadı. Dövlət siyasətimizin özəyində, prioritetlərimizin əsasında, inkişafımızın təməlində, ordu quruculuğumuzun kökündə məhz Qarabağın azadlığı tezisi, şüarı dayanırdı. Ulu Öndərimizin “biz o torpaqlara qayıdacağıq” inamı ilə Prezidentimizin “Qarabağ Azərbaycandır!” bəyanatı doğma Vətənin bütövlüyü və birliyi üçün konsepsiyaya çevrildi. Xalqımız bir nəfər kimi Vətənin azadlığı üçün səslənən çağırışa cavab verdi - vahid amal uğrunda birləşməmiz bir daha göstərdi ki, Qarabağ bizim tariximizin, dünənimizin, bu günümüzün və sabahımızın ayrılmaz hissəsidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır: “Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu”.

Xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib

Azərbaycan bu gün qlobal münasibətlər sistemində Cənubi Qafqazın lideri kimi qəbul edilir. Bizim yalnız bir hədəfimiz var - əməkdaşlıq, sülh və sabitlik. İstər qonşu dövlətlərlə, istər qeyri-region ölkələri ilə, istər beynəlxalq təşkilatlarla əlaqələrimiz bərabərhüquqlu, beynəlxalq hüquq çərçivəsində, ədalət müstəvisində qurulur. Azərbaycan bütün davranışlarında ədalətə və beynəlxalq hüquqa əsaslanır - biz bu həqiqəti hər zaman sübut etmişik. Hələ 14 il öncə BMT TŞ-nın qeyri-daimi üzvü seçildiyimiz zaman, yaxın keçmişdə ard-arda Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə, kolonializmə qarşı mübarizədə ön sıralararda təmsilçiliyimizdə, qlobal pandemiyanın fəsadlarının aradan qaldırılması işində, bir sözlə, hər zaman öz nüfuzumuzu, ədalətimizi nümayiş etdirmişik. Biz həm döyüş meydanında qalib olmuşuq, həm də hüquq müstəvisində hər zaman haqlı olmuşuq. Diqqət yetirsək, dünyada baş alıb gedən kataklizmlərin fonunda Azərbaycanın son 5 ildə qazandığı uğurlar ölçüyəgəlməzdir - biz, ədalətin qələbəsi kimi bir presedent formalaşdırmışıq.  Dövlət başçısı bildirib ki, bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir: “Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”.

Güllə qabağına getmək çox böyük cəsarət tələb edir

İllərlə Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan ötən dövr ərzində müəyyən “qaranlıq məsələlərə” ümid edib - Ermənistan istər ötən 30 ildə, istərsə də postmüharibə dövründə bəzi “dəstəyə” güvənərək sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün cəhdlər göstərirdi. Təbii ki, bəzi regionda marağı olan ölkələr, təşkilatlar bu münaqişəyə ədalət prizmasından yanaşmırdılar - həmin subyektlər Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışırdı. Amma bu “dəstəyin” altında bölgədə qeyri-adekvat müşitin formalaşması, Ermənistanın regional inkişaf tempindən aralıda saxlanılması kimi amillər dayanırdı. Ermənistanın siyasi rəhbərliyi düşünürdü ki, işğal əbədi olacaq - amma düşünməli idilər ki. Azərbaycan xalqı heç bir zaman bu ədalətsizliklə barışmayacaq. Zaman göstərdi ki, Azərbaycan xalqı işğalla barışmadı - Vətən həsrəti, ruh yüksəkliyi və torpağa bağlılıq işğal faktının aradan qalxmasında mühüm rol oynadı. Dövlət başçısı sakinlərlə söhbətində bildirib ki, biz qisasımızı döyüş meydanında aldıq. Şəhidlərimizin qanını da aldıq, ədaləti də bərpa etdik. Bütün düşmənləri də qovduq torpağımızdan: “Bunu deyirdik beynəlxalq təşkilatlara. Bir dənə beynəlxalq təşkilat bir şey elədi? Heç nə!  Bir nəfər gəlib erməniyə dedi ki, sən buradan çıx, bura sənin deyil? Hələ istəyirdilər ki, biz də barışaq bu vəziyyətlə. Hələ deyirdilər ki, sülh yolu ilə həll edin. Deyirdim, yaxşı, sülh yolu ilə edək, amma həll edək də. Yox, müharibə olmamalıdır. Sonra deyirdilər ki, müharibə heç bir nəticə verməz. Yəni, bu məsələ ilə məşğul olanların hamısı bizə qarşı birləşmişdi, hamısı Ermənistanın tərəfində idi. Bizim xalqımız da iradə göstərmişdir, barışmadıq, uşaqlar vətənpərvərlik ruhunda böyüdü. Ailələrdə, məktəblərdə uşaqlara verilən tərbiyə böyük rol oynamışdır. Yəni, bu torpaqları bizim gənclərimiz sinələrini qabağa verərək azad etmişdir. Özü də ən çox elə birinci mərhələdə bizim şəhidlərimiz olub. O müdafiə xətlərini keçəndə - həm buradan, həm Füzulidən. Onlar bu torpaq həsrəti ilə yaşayırdılar, güllə qabağına getmək çox böyük cəsarət tələb edir”.

Zaman göstərdi ki, Ermənistanın və onun havadarlarının bütün cəhdləri boşa çıxdı - artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. İrəvan onsuz da ötən 30 illik işğal dövründə bu kimi təhrik və “dəstək” nəticəsində iqtisadi - siyasi müstəvidə çox şey itirib - ən əsası bu dövlət müstəqil olmaq şansını itirib. Həm də bu mənada, İrəvan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır.

Heç kim bizə qarşı baş qaldıra bilməz...

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları ölkəmizdə ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə, yüksək inkişaf əldə olunmasına  əhəmiyyətli baza yaradıb. Bu isə son illərdə hərbi və müdafiə sənayesi sektorunda genişmiqyaslı kompleks islahatların daha da təkmilləşdirilməsi, bu sahələrin daha dinamik inkişafı üçün əlverişli imkanlar açır. Bu gün dünyada artan təhdidlər, qlobal təhlükəsizlik arxitekturasının zərər görəcəyi ilə bağlı proqnozlar dünyanı bu hədəfə fokuslayıb. Azərbaycan isə artıq bir neçə ildir ki, hərbi sənayesinin gücləndirilməsi yönündə fəal iş aparır. Təbii ki, artıq Ermənistan təhlükəsi bitib - bununla belə, ölkəmiz özünün təhlükəsizliyini təmin etmək üçün hər an hazır olmalıdır. Düzdür, Vaşinqton sammiti sülhün reallaşmasını artıq dəqiqləşdirib - amma erməni xislətinə bələd olan cəmiyyət kim, biz hər zaman ayıq-sayıq olmalıyıq. Hətta müharibədən sonra Ermənistanın özünəməxsus şəkildə “silahlandırılması” deyilənləri təsdiqləyir. Bu dövrdə bəzi dövlətlər tapıldı ki, Ermənistana ucuz qiymətə köhnə silahlar “təklif etdi”. Bu kimi faktları özü üçün “ordu quruculuğu” təbliğatına çevirmək istəyən Ermənistanın siyasi-hərbi rəhbərliyinin cəhdləri isə fiaskoya uğradı. Nəticə etibarı ilə Ermənistan bir daha yanlışlığa yol verməməlidir. “Dəmir yumruq” hər zaman öz yerindədir. Ermənilərin yanlışlıqla “revanşizm” arzusuna düşməsi onların sonunu gətirə bilər.

Prezident İlham Əliyev də bildirib ki, bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməz: “Heç kim, heç kim! Əgər kimsə baş qaldırsa, yenə də “Dəmir yumruğu” görəcək”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31