Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyev nümunəsi

İlham Əliyev nümunəsi

03.03.2022 [09:56]

Müharibə şəraitində xalqın və dövlətin lideri necə olmalıdır?

Nurlan QƏLƏNDƏRLİ

Rusiya-Ukrayna müharibəsi fonunda ekspertlər, siyasətçilər, sıravi insanlar - adi vətəndaşlar tərəfindən müxtəlif mövzularda müzakirələr aparılır, bənzər və fərqli fikirlər ifadə olunur. İnformasiya resurslarına, sosial şəbəkələrə nəzər saldıqda belə məsələlərdən birinin də  müharibə şəraitində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərə malik olmasıdır.

 Bu səpkidə Azərbaycanın Vətən müharibəsində qələbəsinə xüsusi diqqət yetirilir, qətiyyətli Lider, Müzəffər Ali Baş Komandan - yenilməz Sərkərdə kimi İlham Əliyev nümunəsi diqqətə çatdırılır.

Şübhəsiz ki, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Əsas məqamlardan biri odur ki, müharibə xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan - ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Dünya ictimaiyyəti müharibə vəziyyətində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərin daşıyıcısı olmasının həlledici və zəruri olduğunu gördü. İlham Əliyev nümunəsi, sözün əsl mənasında, Liderlik obrazı idi!

Cənab İlham Əliyev 31 oktyabr 2003-cü il tarixində andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyə qətiyyətlə bəyan etmişdi. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi döyüş meydanında ifadə olundu: “Qarabağ Azərbaycandır!”. Deməli, İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu!

İlham Əliyevin güclü strateq - cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir. İlham Əliyevin Ali Baş Komandan - cəsur və məğrur Sərkərdə kimi xalqın arasında, şəhid ailələrinin və qazilərin yanında olması isə Azərbaycan əsgərinin, zabitinin döyüş ruhunu artırdı, onlara əlavə güc və inam bəxş etdi! 

Müharibə dövründə Azərbaycana qarşı müxtəlif dairələrdən təzyiq cəhdləri olurdu. Xalqımızın, dövlətimizin haqq işinə - tarixi ədalətin bərpasına mane olmağa çalışan bəzi güc mərkəzləri var idi. Amma Azərbaycan Prezidenti təzyiqləri məharətlə dəf etdi, öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya müstəvisində də əks-hücumu uğurla davam etdirdi. Diplomatik hücum və ya hücum diplomatiyası Azərbaycana təzyiq cəhdlərinin qarşısını almağa imkan verdi. İlham Əliyev bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi!

Ekran qarşısında Ali Baş Komandanımız İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən - fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik. Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. İlham Əliyevin sözünün imzası qədər dəyərli - keçərli olduğu növbəti dəfə sübuta yetirildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistan üçün biabırçı kapitulyasiya aktı oldu! Ali Baş Komandanımız qürurla qeyd etdi ki, biz “dəmir yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq. Müharibə dövründə gördük ki, xalqın dəstəyini arxasına almış İlham Əliyevin “dəmir yumruğu” qətiyyət, güc və həmrəylik simvoludur. Ümumiyyətlə, dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz Liderinin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi - bütün bunlar “dəmir yumruğun” rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir!

Azərbaycan təkcə döyüş meydanında zəfər qazanmadı, eyni zamanda, informasiya cəbhəsində mütləq üstünlüyü ələ aldı. Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu nəşrlərə müsahibələri, həm də xalqa müraciətləri ilə reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Müharibə dövründə 30-dan çox KİV-ə müsahibə verən dövlət başçısının səsləndirdiyi fikirlər həm xalqın ruh yüksəkliyini artırdı, həm milli həmrəyliyin güclənməsini təmin etdi.

İndiyə qədər müharibə şəraitində olan bəzi və bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda savaş ərəfəsində ictimai-siyasi müstəvidə ziddiyyətlər, pərakəndəlik yaranmadı, sabitlik pozulmadı, yaxud milli birlik sarsılmadı. Xüsusilə də, siyasi partiyaların mütləq əksəriyyəti xarici təhdidlərə qarşı birlik nümayiş etdirdi, birgə bəyanat və müraciətlər imzalandı. Siyasi qüvvələr Ali Baş Komandanın yanında olduqlarını və ölkədə milli birliyin qorunub saxlanılmasının vacibliyini əks etdirən dəyişməz mövqe ortaya qoydular. Bu, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi səmərəli siyasətin real nəticəsi idi.

Müharibə ağır proses, mürəkkəb hadisədir. Bəzi ölkələr qalib gəlsələr də, ciddi demoqrafik, hərbi və iqtisadi itkilərə məruz qalır, beynəlxalq aləmdə sanksiyalarla, təcridlə üzləşir, imicini itirirlər. Yəni “pirr qələbəsi” (məğlubiyyətə bərabər qələbə) həmin ölkələr üçün ciddi problemlərə yol açır. Məğlub olan ölkələrin isə taleyi - aqibəti bəllidir. Haqq savaşını möhtəşəm qələbə - tarixi zəfər ilə yekunlaşdıran Azərbaycan isə postmüharibə dövründə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı - qələbə təntənəsidir. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Azərbaycanın milli gücünün artması deməkdir. Ən əsası, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdırıb. Bölgədə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Şərtləri isə qalib dövlətin Lideri İlham Əliyev diktə edir!

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31