Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankın məzənnə siyasətində yeni keçid

Mərkəzi Bankın məzənnə siyasətində yeni keçid

17.02.2015 [12:31]

Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək
Hazırda qlobal miqyasda baş verən proseslər, o cümlədən də dünya birjalarında neftin qiymətinin ucuzlaşması ölkəmizdə də çevik və adekvat pul siyasəti həyata keçirilməsinin zəruriliyini gündəmə gətirib. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı vaxtında həyata keçirilən prevantiv tədbirlər və islahatlar nəticəsində beynəlxalq miqyasda müşahidə edilən mənfi proseslərə, iqtisadi-maliyyə kataklizmlərinə yüksək dayanıqlılıq nümayiş etdirir, eyni zamanda, manat digər valyutalara nisbətdə bahalaşır. Əlbəttə, milli valyutanın güclənməsi qürurverici amildir. Ancaq məsələlərə kompleks yanaşılmalıdır. Milli valyutamızın dollar və avroya nisbətdə çox bahalaşması ölkəmizin ixrac potensialı üçün müsbət hal deyil və mənfi nəticələrə gətirib çıxara bilər. Ölkədə makroiqtisadi sabitliyin qorunması, həmçinin əhalinin sosial müdafiəsi baxımından indiki halda milli valyutamızın avroya ekvivalentliyinin təmin edilməsi, yəni 1 manatın 1 avro səviyyəsində saxlanılması daha məqbul və daha praqmatik yanaşma olardı. Bunu nəzərə alaraq, Prezident İlham Əliyev yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda manatın məzənnəsi müəyyənləşdirilən zaman avronun kursunun nəzərə alınmasının vacibliyini bildirmişdi: “Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir... Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.
İkitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid
Dövlət başçısının müvafiq tapşırığının icrası məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Mərkəzi Bankdan verilən məlumata görə, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək. Mərkəzi Bankın dünəndən başlayaraq manat məzənnəsini yalnız dollarla deyil, eyni zamanda, avroya nisbətən müəyyənləşdirməsi məhz Prezidentin sözügedən tapşırığına uyğun olaraq həyata keçirilib.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə “Financial Times” qəzetinə müsahibəsində vurğulayıb ki, yeni qərarla avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək.
Mərkəzi Bankın İdarə Heyətinin sədri deyib ki, görülən tədbirlər manatın dollardan asılılığını azaltmağa xidmət edir. Onun sözlərinə görə, büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir: “Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”.
Bununla belə, E.Rüstəmov Azərbaycanın nə vaxt manatın dollardan faktiki asılılığından imtina edəcəyinə dair suala cavab verməyib. Baş bankir qeyd edib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank “bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq”.
Avrozonada baş verən dəyişiklikləri manatın məzənnəsində birbaşa nəzərə almaq mümkün olacaq
Mərkəzi Bank indiyə kimi manat məzənnəsini müəyyənləşdirən zaman faktiki olaraq yalnız doları birbaşa kurs kimi müəyyənləşdirirdi, digər valyutalara, o cümlədən, avroya nisbətən məzənnə müəyyənləşdirən zaman çarpaz kursdan istifadə olunurdu. Bu isə valyuta bazarlarında bəzi iqtisadi dalğalanmalara səbəb olurdu. Belə ki, əgər avronun məzənnəsi aşağı düşürdüsə, avtomatik olaraq manata nisbətən avronun məzənnəsi də azalırdı, avronun dollara nisbətən məzənnəsi isə yüksəlirdi. Bu isə avtomatik olaraq avronun da manata nisbətən dəyər qazanmasına səbəb olurdu. Məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid isə imkan verəcək ki, manatın kursunu müəyyənləşdirən zaman yalnız dollara deyil, eyni zamanda avroya birbaşa məzənnə müəyyənləşdirmək mümkün olsun. Bu zaman artıq avrozonada baş verən dəyişiklikləri manatın məzənnəsində birbaşa nəzərə almaq mümkün olacaq.
Manatın kursu yalnız dolların kursundan asılı olmayacaq
İqtisadçı ekspertlər də Mərkəzi Bankın İdarə Heyətinin qərarını düzgün və zamanında qəbul olunmuş qərar kimi xarakterizə edirlər. Ekspert Vüqar Bayramov vurğulayıb ki, bunun müsbət tərəfləri ondan ibarətdir ki, əvvəla, manatın kursu yalnız dolların kursundan asılı olmayacaq və bu, manatın kursunun müəyyənləşdirilməsinə və şaxələndirilməsinə imkan verəcək. İkincisi, məzənnə siyasəti diversifikasiya olunacaq: “Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının 60 faizi avrozonaya daxil olan ölkələrin payına düşür, faktiki olaraq bu imkan verəcək ki, Azərbaycanın avrozonaya daxil olan ölkələrə ixrac etdiyi məhsullar daha rəqabətli olsun. Bu da, əlbəttə ki, Azərbaycanın Avrozonaya ixracının yüksəlməsinə və qeyri-neft sektorunun ixrac potensialının artmasına gətirib çıxaracaq”.
Avroya nisbətdə məzənnənin yumşaldılması vacibdir
Əlbəttə ki, valyuta səbətindən istifadə olunması heç də Mərkəzi Bankın valyuta siyasətinin dəyişməsi anlamına gəlmir. Mərkəzi Bank mövcud məzənnə siyasətini davam etdirir, manatın məzənnəsi yenə də istər dollara, istərsə də avroya uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Amma nəzərə alınmalıdır ki, manatın məzənnəsinin yüksək olması qeyri-neft sektoruna aid olan məhsulların ixrac imkanlarını xeyli məhdudlaşdırır, çünki manatın məzənnəsinin yüksək olması yerli istehsal olan məhsulların dəyərinin yüksəlməsinə gətirib çıxarır. Bu isə qeyri-neft sektoruna aid olan məhsulların avrozonaya ixracını xeyli məhdudlaşdırır. “Biz əgər avronun manata nisbətən məzənnəsinin yüksək olduğu dövrlərdə 100 manatlıq məhsul istehsal edirdiksə, bu qiymət avroya çevriləndə 95 avro edirdisə, hal-hazırda avronun məzənnəsinin aşağı düşməsi səbəbindən Azərbaycanda istehsal edilən 100 manatlıq məhsulun avro dəyəri 114 dollardır. Bu isə o deməkdir ki, əgər 100 manatlıq məhsul avrozona bazarına çıxarılanda 95 avroya təklif olunurdusa və daha çox satılmaq imkanına malik idisə, hal-hazırda həmin məhsul Avropa bazarında 144 dollardır. Təbii ki, burda avroda qiymət yüksəldiyinə görə həmin məhsulun satılma imkanları da xeyli məhdudlaşır. O baxımdan avroya nisbətdə məzənnənin yumşaldılması vacibdir”, - deyən Vüqar Bayramov əlavə edib ki, ikili valyutadan və ya ikili valyuta səbətindən istifadə edilməsi Azərbaycana manatın avroya nisbətən məzənnəsinin yumşalmasına nail olmaq imkanı verəcək. Beləliklə də, Azərbaycan istehsalı olan məhsulların avrozonaya ixrac həcmi xeyli dərəcədə artacaq.
Ölkəmizdə manatın məzənnəsinin kəskin azalması aktual deyil
Bəs valyuta bazarlarında baş verən proseslər manatın devalvasiyasına necə təsir göstərəcək? Manatın kəskin devalvasiyası riski mövcuddurmu? Ekspertlər bu məsələdə də optimist proqnozlar verirlər. Vüqar Bayramov deyib ki, əgər manatın devalvasiyası baş verərsə, birmənalı şəkildə Azərbaycanda bir sıra qonşu ölkələrdə müşahidə edilən kəskin məzənnə azalmaları proqnozlaşdırılmır. Onun sözlərinə görə, nəinki 2015-ci ildə, hətta ondan sonrakı illər üçün də ölkəmizdə manatın məzənnəsinin kəskin azalması aktual deyil. Bu onunla əlaqədardır ki, Mərkəzi Bank yumşaq valyuta siyasəti həyata keçirmək niyyətindədir. Yəni, AMB devalvasiyaya getsə belə, bu, mərhələli, yumşaq devalvasiya olacaq. Bu isə manatın məzənnəsində kəskin azalmaların olmayacağından xəbər verir. Azərbaycan dövlət rezervlərinin ölkə iqtisadiyyatının 70 faizdən artıq olduğunu nəzərə alsaq, mövcud rezervlər qonşu ölkələrdən fərqli olaraq Azərbaycana imkan verir ki, manatın məzənnəsindəki hər hansı bir kəskin azalmaların qarşısını ala bilsin. Azərbaycan iqtisadiyyatının strukturu, dövlət rezervlərinin həcmi, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət manatın məzənnəsində kəskin azalmaların olmayacağından xəbər verir: “Bütün hallarda Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı olduqca vacibdir. İkili valyuta səbətindən istifadə edilməsi Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının xarici bazarda, xüsusən də avrozonada daha çox ixrac imkanlarının yaranmasına səbəb olacaq”.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31