Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ictimaiyyəti verilən bəyanatların əməldə əksini tapacağına ümid edir

Azərbaycan ictimaiyyəti verilən bəyanatların əməldə əksini tapacağına ümid edir

19.09.2009 [14:01]

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla Ermənistan arasındakı münaqişə həll olunmadan sərhəd qapılarını aça bilmərik
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edərkən Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını bəyan etmişdi. Eyni zamanda, avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı R.T.Ərdoğan Azərbaycanda verdiyi bəyanatların qüvvədə qaldığını, aparılan müzakirələrin və paraflanmış sənədlərin ciddi əhəmiyyət kəsb etmədiyini, onların parlamentdən keçmək ehtimalının olmadığını bildirmişdi. Həmçinin, baş nazirin təlimatı əsasında Türkiyə Xarici İşlər Nazirliyi Aparatının rəhbəri Firudin Sinirlioğlu və onun müavini Əhməd ünal çeviköz avqustun 29-da Bakıya səfərləri və Azərbaycan Prezidenti ilə görüşləri zamanı Ankaranın məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bəyan etmişdilər.
ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda ölkənin televiziya və qəzet rəhbərləri üçün iftar süfrəsi açıb. Orada media mənsublarının suallarını cavablandıran Baş nazir bəzi açıqlamalar da verib. Ərdoğan Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı prosesə növbəti dəfə münasibət bildirərkən “Azərbaycanla Ermənistan arasındakı münaqişə həll olunmadan sərhəd qapılarını aça bilmərik, bunu özlərinə də söyləmişik” deyib: “Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüşlər intensivləşib. Dağlıq Qarabağ məsələsinin həllinə yaxın nöqtədəyik. Bu problem həllini tapmadan, addım atmağımız mümkün deyil. Bir də erməni diasporu tutduğu mövqedən əl çəkməlidir. Diasporun Ermənistana bir faydası yoxdur. Onlar Ermənistanın adından faydalanır, yalnız bu işi görür”.
Türkiyə baş nazirinin müavini Cəmil çiçək isə bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanın probleminin həllinə də təsir göstərir. C.çiçək Ermənistanla Azərbaycan arasında 17 ildir ki, müharibə getdiyini, ATƏT-in Minsk qrupu da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların heç bir iş görmədiyini qeyd edib: “Türkiyə hər bir cəhdində Azərbaycanın mövqeyini qiymətləndirdi. Azərbaycanın mövqeyi bizim üçün hər zaman önəmlidir. Bölgədəki heç bir şey bizim Azərbaycanla qardaşlıq münasibətlərimizdən önəmli deyil. Biz bunu dəfələrlə demişik”.
Bölgədə bu gün həm qaynar, həm də soyuq savaş getdiyini bildirən baş nazirin müavini daha sonra bunları deyib: “Yanlış xəbərlə təbliğat aparıb qardaşlığımıza ziyan vuranlar var. Bununla bağlı dəfələrlə Türkiyənin həm baş naziri, həm xarici işlər naziri, həm də mən fikirlərimizi bildirmişik”.
C.çiçək onu da deyib ki, bütün proseslərlə bağlı Azərbaycan tərəfi məlumatlandırılır.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması istiqamətində aparılan danışıqlar barədə qardaş ölkənin mediası hələ də tənqidi fikirlər səsləndirməkdədir. Belə ki, “Akşam” qəzeti yazır ki, Ermənistanın müstəqilliyini ABŞ-dan öncə 1991-ci ilin dekabr ayının 16-da tanıyan Türkiyə 1993-cü ilin aprelində iki ölkə arasındakı quru sərhədi, 1994-cü ildə isə hava sərhədini bağlamışdı: “Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmaq üçün 3 təməl şərt irəli sürmüşdü: Qarşılıqlı olaraq sərhədlərin tanınması, Azərbaycan torpaqlarının işğalına son qoymaq, soyqırım iddialarından əl çəkmək”.
Qəzet yazır ki, Türkiyə soyqırımla bağlı şərtində sonrakı müddət ərzində “Ortaq komissiya” yaratmaq məsələsini ortaya atmaqla Ermənistanla danışıqlara hazır olduğuna işarə etmişdi: “Bununla kifayətlənməyən Ankara hava sərhədlərini açaraq özəl avia şirkətlərə uçuşlar həyata keçirməyə icazə verdi. Ermənistan vətəndaşlarının Türkiyəyə girməsinə və işləməsinə göz yumuldu. Lakin buna baxmayaraq, İrəvan nə Dağlıq Qarabağ problemində, nə də başqa məsələlərdə müsbət addım atmaq niyyətində olmadı. Başda ABŞ olmaqla Qərb isə sürəkli Ermənistana sahib çıxdı, İrəvanı Azərbaycan və Türkiyəyə münasibətdə yürütdüyü siyasətində cəsarətləndirdi. Soyqırım iddiaları Avropa ölkələrinin parlamentlərində tez-tez müzakirə obyektinə çevrildi, lakin Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində heç bir addım atılmadı. Həm də bunun qarşılığında ABŞ və Avropa İttifaqı Türkiyəni Şimali Kipr məsələsində sürəkli olaraq təzyiq altında saxladı”.
Qəzet sonda yazır ki, əgər Ankara və Bakı bu gerçəklikləri bilərək birgə hərəkət etsələr, onlar hədəfə daha tez çatarlar: “çünki, hədəfin nə olduğunu yalnız özləri müəyyənləşdirəcəklər”.
Əlbəttə, Ermənistanla sərhədlərin açılması istiqamətində aparılan danışıqlarda Ermənistan qarşısında Dağlıq Qarabağ məsələsinin qoyulmaması həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz.
Ona görə də, Azərbaycan ictimaiyyətinin narahatlıqlarını Türkiyə tərəfi normal qarşılamalıdır. çünki, ictimaiyyətimiz verilən bəyanatların əməldə əksini tapacağına ümid edir.
Ramil VƏLİBƏYOV


Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31