Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məğlub Ermənistanda xaos daha da dərinləşir

Məğlub Ermənistanda xaos daha da dərinləşir

01.05.2021 [00:13]

Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Erməni mediasının yazdığına görə, Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri keçirməyə razı olması da məğlub ölkədəki siyasi böhranı aradan qaldırmayıb. Əksinə müxalifət hakim siyasi qüvvələrin seçkiləri saxtalaşdırmaq niyyətində olduğu barədə ittihamlarla xaosun daha da dərinləşməsinə rəvac verir. Belə ki, hətta seçkidə iştirak qərarı verən müxaliflər də seçkinin yeni böhran yaradacağı fikrindədirlər.

Onu da xatırladaq ki, N.Paşinyanın istefadan sonra da baş nazir vəzifəsinin icrasını davam etdirməsi cəmiyyətdə, siyasi dairələrdə, xüsusilə hüquqşünaslar arasında ciddi mübahisələrə səbəb olub. Məsələn, “Panorama.am” yazır ki, konstitusiya hüququ üzrə mütəxəssis, hüquqşünas Vardan Ayvazyan jurnalistlərə açıqlamasında deyib ki, Paşinyanın vəzifədə qalması Ermənistan konstitusiyasının kobud şəkildə pozulmasıdır: “3 il əvvəl Paşinyanın vəkilləri istefa verən baş nazirin vəzifələrini icra edə bilməyəcəyini əsaslandırırdılar. İndi əksini söyləyirlər, buna “analitik şizofreniya” deyilir”.

Bu arada R.Koçaryandan sonra eks-prezident Serj Sarkisyanın da parlament seçkilərində iştirakı dəqiqləşib. “Joğovurd” qəzeti yazır ki, onun sədri olduğu Respublikaçı partiyası iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyası ilə bir blokda gedəcək. S.Sarkisyanın kürəkəni, hazırda ölkədən kənarda olan Mikael Minasyan isə qəti şəkildə seçkilərdə iştirak etməyəcəyini bəyan edib.

Bu arada, paytaxt Yerevanda hakimiyyətə qarşı etiraz aksiyaları da davam edir. “News.am” yazır ki, sonuncu aksiyanı Ermənistan baş prokurorluğunun binası qarşısında “Daşnaksutyun” partiyasının üzvləri keçirib. Partiyanın nümayəndəsi Qeqam Manukyanın dediyi kimi, etiraz aksiyası ölkədə davam edən qanunsuzluqlara və repressiyalara qarşı təşkil edilib. Seçkidə R.Koçaryanın rəhbərliyi altında iştirak barədə qərar qəbul edən “Daşnaksutyun”un ali qurumunun nümayəndəsi İşxan Saqatelyan isə növbədənkənar seçkilərin ölkədə yeni böhrana səbəb ola biləcəyini deyib.

“Panorama.am” yazır ki, baş nazirin keçmiş müavini Armen Gevorkyan isə ölkənin ətrafında gizli-aşkar proseslər getdiyini və seçkilərin hadisələrin gələcək inkişafı üçün bir geosiyasi seçim olduğunu iddia edib. A.Gevorkyan ölkədə sabitliyin və siyasi böhrandan çıxışın yalnız Paşinyan hakimiyyətdən getdikdən sonra mümkün ola biləcəyini deyib: “Bu baş verənə qədər Ermənistanda davamlı xaos və mümkün vətəndaş qarşıdurması vəziyyətində siyasi təlatümlərin şahidi olacağıq, iqtisadi böhran daha da dərinləşəcək, miqrasiya artacaq”.

Göründüyü kimi, seçkilər baş tutsa belə, məğlub Ermənistanda xaos və iqtisadi böhran daha da dərinləşəcək.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31