Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Loxəbər” Bill Qeyts şübhələri yenə özünə yönəltdi

“Loxəbər” Bill Qeyts şübhələri yenə özünə yönəltdi

10.02.2022 [11:39]

Ürküdücü planları yaradan da, proqnozlaşdıran da eyni adamdır?

İlhamə RƏSULOVA

“Microsoft” şirkətinin banisi Bill Qeyts pandemiyanın qarşısının alınması haqqında kitab yazıb. Milyarder fevralın 8-də şəxsi bloqunda bu barədə məlumat paylaşıb. Kitab “Növbəti pandemiyanın qarşısını necə almalı” (How to Prevent the Next Pandemic) adlanır.

Qeyts kitabında gələcəkdə oxşar qlobal fəlakətlərin qarşısını almaq və planetdəki bütün insanlara daha yaxşı səhiyyə xidməti göstərmək üçün atılması vacib olan addımlardan söz açıb. Kitabda pandemiyadan çıxarılmalı dərslər, gələcəkdə bu kimi fəlakətlər baş verərsə, insan həyatını qurtarmaq üçün tətbiq edilməli olan innovasiyalar, infeksiyanın yayılmasının qarşısını alacaq tətbiqlər barədə danışılıb. Qeyts həm də öz fondu tərəfindən aparılan eksperimentlər barədə yazıb. O, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus ilə söhbətləri ilə bağlı kitabda maraqlı faktlar olduğunu söyləyib. İndidən hay-küyə səbəb olan kitab mayın 3-də işıq üzü görəcək. Bill Qeytsin bu paylaşımı pandemiyanın onun “əl işi” olması barədə şübhələri yenidən alovlandırıb.

Pandemiya başlayandan alim olmayan, lakin dünyanın taleyi sarıdan hamıdan çox canfəşanlıq edən bu insan dəfələrlə gələcək qorxunc epidemiyalar, bioloji silahlar barədə ürküdücü proqnozlar verib. O, dəfələrlə növbəti qlobal yoluxmaların qarşısını almaq üçün hökumətləri milyardlar xərcləməyə çağırıb. Ötən ilin dekabr ayında, “Bu pandemiya dəhşətlidir, ancaq gələcək pandemiya on qat betər ola bilər” deməklə Qeyts şübhəli baxışları özünə yönəldib. Arabir özünü təmizə çıxarmaq üçün açıqlamalar versə də, təkzibləri ağlabatan görünmür.

Norveçdə qiyamət gününə hazırlıq planı tutulması barədə yəqin çoxunuz eşitmişiniz. Bill Qeytsin rəhbərlik etdiyi bu layihəyə dünyanın zənginləri uzun illərdir böyük maliyyə ayırırlar. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında, nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn “Svalbard Qlobal Toxum Anbarı” 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etdirilməsi üçün yaradılıb. Niyə dünyanın gələcəyi Bill Qeytsi bu qədər narahat etməyə başlayıb? Planetdə insan sayının Yer kürəsinin təbii resurslarından çox olduğunu dəfələrlə dilə gətirən bu adamın adı qlobal böhranla bağlı da çəkilib, indi də pullarını ehtimal edilən bir sondan xilas olmaq yolunda “səpələyir”.

Konspiroloqların fikrincə, koronavirus iqtisadi baxımdan əsaslandırılan təxribat layihəsidir. Bu layihə bir sıra dövlətləri çökdürmək üçün ortaya atılıb. Maraqlıdır ki, Bill Qeyts bunun da anonsunu öncədən vermişdi.

Ötən əsrin sonunda qəbul edilmiş bu layihənin ABŞ-a məxsus olduğu  ehtimal edilir. Layihəyə görə, dünyada 2 milyard əhali yaşamalıdır, bunun da bir milyardı varlılar, bir milyardı isə onlara xidmət göstərəsi kasıblar olmalıdır. Qalan əhali artıqdır... Hazırda yer üzündəki maddi resursların 60 faizi bir qrup varlının sərəncamındadır. Orta təbəqənin əlində 20 faiz resurs var. Yerdə qalan 5,7 milyard əhali 20 faiz resursla dolanır. Sözügedən layihəyə görə, əsas məqsəd Asiyanı çökdürməkdir, çünki dünya əhalisinin yarıya qədəri Asiyada yaşayır.

Maraqlı məqam odur ki, son 400 ildə hər əsrdə bir dəfə yer üzündə epidemiya tüğyanı baş verib. Bu da məlumdur ki, koronavirus xəstəlik kimi ötən əsrin 60-70-ci illərindən elmə bəllidir. Ancaq bu virusun müxtəlif ştammlarla yayılması, genində mutasiyaların baş verməsi insanlarda qorxu yaradır. Hazırkı pandemiya şəraitində insanlar təkcə infeksiyanın yox, həm də qorxunun, işsizliyin, qapanmanın yaratdığı psixoloji stressin qurbanı olublar, bu gün də olmaqdadırlar. Özünəqəsd, intihar halları artıb. Virtuallaşma sürətlənib. Pandemiya, çox güman, məqsədi, niyyəti hələlik tam aydın olmayan, gizli saxlanan meqalayihənin bir pilləsidir.

Şübhələri artıran daha bir məqam insanın özünə planetdən kənarda sığınacaq axtarmasıdır. Marsda məskunlaşacaq ilk koloniyaya qatılası adamların siyahısı artıq məlumdur. Yer insanlarının əksəriyyəti aclıqdan, səfalətdən əziyyət çəkərkən Marsa köç layihəsinə 20 milyard vəsait ayrılması (düzdür, layihə İlon Maska məxsusdur, lakin Bill Qeytsin də bu işdə rolu var) hansı zərurətdən yaranıb?

Ötən ilin noyabrında “Microsoft” rəhbəri planeti gözləyən yeni təhlükə barədə daha bir “qara xəbər” yaydı.

Dünya əhalisinin 65 faizinin Çin və Hindistan daxil orta gəlirli ölkələrdə yaşadığını vurğulayan ?eyts: “Dünyada emissiyaların çoxu orta gəlirli ölkələrin payına düşür, iqlim fəlakətinin qarşısını almaq üçün açarlar bu ölkələrdədir” deməklə insan sayını süni yolla azaltmaq planlarına eyham vurmurdumu?

“Biz növbəti pandemiyaya hazır deyilik. Epidemiya hazırlıqlarına göstərilən marağın gözlədiyimdən aşağı olmasından narahatam. Dünya növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal edərək, sonrakı 100 gündə vaksinin milyardlarla insana çatmasına hazır olmalıdır. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Çatışmayan tək məqam lazımi addımların hələ də atılmamasıdır”, - deyə o hələ bir il öncə həyəcan təbili çalırdı.

Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu ölkələri səhiyyə sistemlərinə, o cümlədən peyvənd istehsalına daha çox sərmayə qoymağa çağırıb. Bu fondun hələ pandemiyadan öncə koronavirusla bağlı araşdırmalar apardığı da dünya ictimaiyyətinə aydın olub.

Pandemiyadan əvvəl Bill Qeyts və onun keçmiş həyat yoldaşı Melindanın fondu tərəfindən maliyyələşdirilən Britaniya Pirbrayt İnstitutu koronavirusun qarşısını almaq üçün virusun peyvənd kimi istifadə oluna bilən zəifləmiş formasının patentinə sahib idi. Hazırda bu institutun əməkdaşları “sui-qəsd nəzəriyyəsinə” inananların hücumlarına məruz qalırlar. Hücumçular qurumun laboratoriyalarında ölümcül viruslarla bağlı gizli sınaqların aparıldığına inanırlar.

Hələ 2015-ci ildə Afrikada Ebola virusu tüğyan edərkən Bill Qeyts TED Talks platformasındakı çıxışında “İndi dünya on milyonlarla insan ölümünü hədəfləmiş qorxunc virusla üz-üzədir. Mümkün epidemiyalarla mübarizəyə hazır olmaq lazımdır. Ebola xoşbəxtlikdən hava-damcı yolu ilə yayılmır, amma növbəti virus belə olmayacaq”, deyə xəbərdarlıq etmişdi. Beş il sonra dünyanı saracaq fəlakət barədə Qeyts haradan bilirdi? Qurbanların sayının belə öncədən deyilməsi hansısa plandan xəbər vermirmi? Bu qədər faktın üst-üstə düşməsi təsadüf ola bilərmi?..

O peyğəmbərdir? Yox, belə iddiada olmayıb. Cavabsız suallar çoxdur. Lakin düşünən beyinlərin də çıxaracağı çoxlu nəticələr var.  Bill Qeyts  peyğəmbərdən çox, mələk  donuna bürünmüş İblisi xatırladır.

Paylaş:
Baxılıb: 1269 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31