Qəbulə xanım və I Pyotr
12.07.2025 [08:46]
Əvvəli ötən sayımızda
Qan düşmənçiliyinin qısa tarixi
Osmanlı Türkiyəsini önləmək üçün Xəzərətrafı bölgələrdə ilhaq planı ruslar üçün qaçılmaz idi. Bu torpaqlar təcili işğal olunmalıydı. Bakı, Salyan, Şirvan əhalisi rus işğalını dayandırmaq üçün istər Osmanlı sultanı III Əhmədə, istərsə də Səfəvi şahı II Təhmasibə müraciət etmişdilər. II Təhmasibin 1723-cü ilin avqustunda Bakı əhalisinə ünvanlanmış cavab məktubunda - fərmanında belə bir fraza var: Göstəriş buyurduq ki, Salyan hakimi öz qoşunu ilə birlikdə Bakının köməyinə gəlsin. Salyandan yardım üçün Bakıya göndərilməsi nəzərdə tutulan qoşunun say tərkibi 500 nəfərdən ibarət idi.
Tarixən Salyanda Osmanlı-Səfəvi münasibətləri ziddiyyətli və bəzən qanlı hadisələrlə müşayiət olunub. Tutaq ki, 1584-cü ilin yayında Səfəvi ordusunun komandanı Araz xan Rumlunın iqamətgahı Salyandaydı. “Tarixi-Osmani”nin yazdığına görə, o zaman Osman Paşa komandanlığı altında osmanlı ordusu Salyana girmiş və Səfəvi qüvvələrini zərərsizləşdirmişdi.
Nəzərə alınası məqamdır. Qəbulənin nəsli də məhz həmin illərdən etibarən Salyanı idarə etməyə başlayıb. Amma indi bunu dəqiqləşdirmək mümkün deyil ki, bu ailənin siyasi oriyentasiyası Səfəvi yönümlü, yoxsa Osmanlı istiqamətindəmi olub?
Maraqlıdır, Qəbulə xanımın timsalında salyanlılar bu torpaqlarda səfəvilər olmasa, o zaman osmanlıların hakimiyyətini istəyir, buna rəğmən, ruslara və Rusiyaya işğalçı gözüylə baxırdılar. Azərbaycan sovet tarixşünasları isə məsələnin tam əksini yazdılar. Guya yerli əhali Osmanlı və İran irticasından xilas olmaq üçün Rusiyadan imdad istəyir... Nicatı “moskvitlərdən” gözləyir. Amma tarixdə salyanlıların bu barədə Rusiyaya müraciət etmələri barədə heç bir məlumat yoxdur. Əksinə, Azərbaycan türklərinin Osmanlı Türkiyəsinə ünvanladıqları başqa məzmunlu məktublar var: “Siz də türksünüz, biz də. Gavurun əlinə düşməkdənsə sizin əlinizə düşməyimiz yaxşıdır, vaxtında gəlin. Şəhəri zəbt edin, rusları şəhərə buraxmayın”. Sovet tarixşünaslığında bütün bunlar ört-basdır edildi.
Əvəzində, kitablarda başqa mətləblərdən bəhs olundu. 1956-cı ildə nəşr olunmuş “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabında belə bir qənaət ifadə olunub: “Hələ XVII əsrdən başlayaraq, Qafqaz xalqları tez-tez Rusiyaya müraciət edir, İran zülmündən qurtarmaq üçün onları öz himayəsinə almalarını xahiş edirdilər. Xüsusən, Gürcüstan və Ermənistan Rusiyaya arasıkəsilmədən müraciət edib, onları himayə etməyi xahiş edirdilər. Eyni zamanda azərbaycanlılar da türk və İran zülmündən qurtarmaq üçün Rusiyadan kömək gözləyirdilər. Məhz buna görədir ki, rus qoşunları Dərbəndə və Bakıya girdikdə əhali onları məhəbbətlə qarşılayıb, türk və İran zülmündən qurtardıqlarına sevinirdilər”.
Azərbaycan tarixinin də, ədəbiyyatşünaslığının da XVIII yüzilin əvvəlləri üçün təlqin etmək istədiyi ideologiya bundan ibarətdir. Azərbaycana rus gəlir, Türk və İran zülmü bitir. Vaqifə, Vidadiyə qədərki ədəbiyyatımızın isə qəzəb və nifrət ünvanı əsasən osmanlı paşalarıdır. Yəni “Koroğlu” dastanı məhz bu dönəmdə intişar edir... Əslində, “Koroğlu” dastanının yarandığı dövrdə yadelli və işğalçı Rusiyadır.
Qəbulə xanım Azərbaycan tarixində bu faktı əyaniləşdirən yeganə qüvvə oldu. O, 1724-cü ildə Rusiya və Azərbaycan arasındakı siyasi əyarı müəyyənləşdirən tək adamdır. Amma əfsus ki, bilərəkdən unutdurulmuş milli simvoldur. Onu nə tarixçilərimiz dəyərləndirdi, nə də ədəbiyyatımızda Qəbulənin qəhrəmanlığını vəsf edən hansısa bədii bir mətn yarandı.
Qəbulə xanımdan əvvəl Salyan rəsmən rus istilasına uğramışdı. 1724-cü il iyunun 12-də İstanbulda Rusiya-Osmanlı dövlətləri arasında bağlanmış əbədi sülh müqaviləsinə əsasən, Şərqi Ermənistan, İrəvan, Qarabağ, Təbriz, Şamaxı, Kartli, Kaxetiya Osmanlıya birləsdirilmiş, Rusiya isə istədiyinə nail olmuşdu. Yaxud Osmanlı ilə müqavilədən əvvəl, 1723-cü ilin 12 sentyabrında Rusiya ilə İran arasında imzalanmış Peterburq müqaviləsinin ikinci maddəsinin şərtlərinə görə Astaraabaddan Dərbəndə qədər, Salyan da daxil olmaqla, Mazandaran, Gilan, Bakı, yəni Azərbaycanın Xəzərətrafı ərazilərinin əbədilik Rusiyaya verilməsi nəzərdə tutulmuşdu. Amma bu müqavilə tarixdə saxta müqavilə adlandırılır. Saxta müqaviləni İran şahı II Təhmasibin elçisi sifəti ilə İrana Rusiyadan yardım istəmək üçün Sankt-Peterburqa getmiş İsmayıl bəy imzalamışdı. Bu arada İsmayıl bəyin elçi statusunu ləğv etmiş II Təhmasib onun imzaladığı hər hansı bir sənədi, o cümlədən, Xəzərətrafı torpaqların Rusiyaya verilməsi barədə sənədi tanımayacağını bəyan etmişdi. Məsələ burasındadır ki, rus qurnazlığının və basqısının nəticəsi olaraq İsmayıl bəyin müqaviləyə atdığı imza Azərbaycanın ruslar tərəfindən işğalında həlledici rol oynadı. Rusiya torpaqlarımızı Pyotrun zamanından etibarən zəbt etməyə başlayıb. Hər şeyə rəğmən, yəni II Təhmasibin etirazına baxmayaraq imzalanmış müqavilədən dərhal sonra Salyan ruslar tərəfindən ələ keçirilmiş və Qəbulə xanım da əsl Azərbaycan knyaginyası kimi davranmış, bir il öncə İsveçlə müharibədən qalibiyyətlə çıxdığına görə rəsmən “Vətənin atası”, “Böyük Pyotr” və “Ümumrusiya imperatoru” adını qazanan I Pyotrun üzünə Azərbaycan adından ilk siyasi və milli şilləni çəkmişdi. Qəbulə xanımın 80 illik sovet tarixşünaslığında unutdurulmasının, adının tarix kitablarında yazılmamasının əsl səbəbi, heç şübhəsiz, onun Rusiyaya qarşı Azərbaycanda ilk dirəniş hərəkatının lideri olmasıdır. 1724-cü ilin sentyabrında rus zabitlərini məhv eləməsi Qəbulə xanımın müstəqil hərəkət etdiyinə tanıqdır. Yoxsa, hansı səbəbdən bu qadın 1724-cü ildən sonra tarix səhnəsində, hətta epizodik olsa belə görünmür? I Pyotrun elə öz sağlığında, onun öz şəxsi katibləri və generallarıyla söhbətində Salyan hakiməsinin adı keçirmi? Keçir. Pyotr ətrafındakılara bu qadından ehtiyatlı olmağı tapşırırmı? Tapşırır. Salyan hakiməsinin, Zambulatov başda olmaqla, Rusiyanın ilk Salyan alayının bütün zabit heyətini evinə dəvət edib onlardan qisas aldığı Rusiyanın çox mühüm qaynaqlarında, Saymonovun, Puşkinin, Butkovun əsərlərində qeyd edilibmi? Edilib. Elə isə sonrakı dövrlərdə niyə heç kəs, heç bir mənbə onu xatırlamır? Həyatının 1724-cü ildən sonrakı mərhələsi barədə heç bir iz, soraq yoxdur. Axı Pyotrun Azərbaycan əhalisinə göndərdiyi manifestində “bizə qarşı çıxanlara şahanə əzab veriləcək” deyilirdi. Görəsən, Qəbuləyə verilən şahanə əzab necə olub?
Qəbulə kifayət qədər siyasi fiqurdur. Mübaliğəyə varmadan deyə bilərik, Azərbaycan tarixində onu yalnız Tomrislə müqayisə etmək olar. Bu qadın bir az əvvəl xatırlatdığım kimi, Rusiyanın işğalçılıq siyasətinə qarşı hərəkatın ilk lideri olub. Azərbaycanda ilk antirus dalğanı ilk dəfə o, Salyanda hərəkətə gətirib.
Əhali də Qəbulə xanımın arxasındaydı. Təəssüf ki, Rusiya-Azərbaycan əbədi dostluğunun cizgisində olan sovet dövrü ədəbiyyatımızda bu reallıq təhrif olunub: “Ey əhli-Salyan!.. Qəbulə xanım əfsəri cəzalandırmaq istəyir. Bu yaxşı işdirmi? Bunlar böyük bir məmləkətin, əsrlərin sınağından çıxmış bir dövlətin elçiləridir, buraya dostluq məqsədilə gəliblər. Dosta əl qaldırmaq olarmı? Qəbulə xanım, bax, bunu fikirləşməyib”. Məlum kontekstdə isə tarixi faktın reallığı başqadır. Qəbulənin hakimliyi dönəmində Salyan iqtisadiyyatı balıqçılığın, tütün istehsalının, heyvandarlığın hesabına inkişaf edirdi. Bu mənada, Butkovun qeydləri çox diqqətçəkicidir: “Salyanın əhalisi Rusiyaya tabe olmaq istəmir...” Təbii ki, Rusiya bu yerlərə ordunu dostluq yaratmaq üçün deyil, torpaqları, yeraltı və yerüstü sərvətlərimizi mənimsəmək üçün göndərirdi. Ən başlıcası isə, Osmanlı dövlətinin Xəzər dənizinə çıxışının qarşısını almaq, o zamanın təbirincə, türkləri Xəzər sahillərinə buraxmamaq, Bakını Osmanlıya tərk etməmək üçün göndərirdi. Məsələnin siyasi tərəfi, yaxud siyasi pərdəarxası həm də və daha çox bundan ibarətdir.
Elə buna görə də hadisənin yalnız qisas amili ilə bağlanması problemin mahiyyətinə tam aydınlıq gətirmir. Doğrudur, Sara Aşurbəyli özünün böyük tarixçi entuziazmı ilə bunu 1670-ci ildə Stepan Razinin məhv etdiyi salyanlı xanımın qisası kimi dəyərləndirməsi qeyri-adi yanaşmadır.
Amma Qəbulə xanımın gerçəkləşdirdiyi aksiya, yuxarıda da qeyd etdiyim kimi, o dövrdə rus işğalına qarşı Azərbaycanda ilk böyük qiyam olaraq anlaşılmalı və dəyərləndirilməlidir. O dövrdə dirəniş hərəkatı nə Dərbənddə, nə Bakıda, nə Şamaxıda, nə də Gilanda var. Salyanda baş verən hadisə, dediyim kimi, 1724-cü il Azərbaycan reallığında müstəsnadır...
Dövr milli kimlik şüurunun hələ gəlişmədiyi dövrdür. Amma Qəbulənin bəsirəti milli kimlik anlayışının Azərbaycanda artıq pərvəriş tapdığının göstəricisidir. Rus tarixçiləri Pyotrun Qəbulədən ehtiyatlı olmağı tövsiyə etməsini müasirləri onun “peyğəmbər” uzagörənliyi ilə bağlayırlarsa, o zaman biz Qəbulənin qiyamını, cihadını necə adlandıraq? 1723-cü ildə 1990-cı ili fəhm etmək nədir?
Salyandakı hadisə ətrafa da sirayət etmişdi. Yaxud tarix Salyandakı hadisəni sistemli bir hərəkatın başlanğıcı kimi qavramağa əsas verir. Bu hadisənin kontekstində Bakı ilə bağlı “Azərbaycan tarixi”ndə yazılmış belə bir fraza diqqətimi cəlb etdi: “Salyanla eyni vaxtda Bakıda da çıxış olmalı idi. Ancaq yuxarıda bəhs edildiyi kimi, rus hakimiyyət orqanları Bakıda hazırlanan çıxışdan xəbər tutdular və cəza tədbirləri gördülər. 4 yüzbaşı, 250 xidməti şəxs və ticarət adamı həbs edildi. Həbs edilmiş bakılılar Rusiyaya sürgün olundular.”
***
Razinin qurban verdiyi gözəl “tatar qızı” ilə Qəbulə xanım arasındakı qan bağlılığını ilk dəfə xatırlatdığım kitabında Sara Aşurbəyli irəli sürüb. Lüdviq Fabritsiusun qeydlərini də Azərbaycanda ilk dəfə tarixi kontekstə o daxil edib.
Stepan Razinin öldürdüyü salyanlı qızla Salyan qazisinin nəvəsi Qəbulə xanımın qohumluq əlaqəsi hansı dərəcədə olub, bunu aydınlaşdırmaq, əlbəttə, indi çox çətindir, bəlkə də heç mümkün deyil. Ancaq görünür, Salyanın xan ailəsində Qəbulə adı təsadüfən təkrarlanmır, nəsildən-nəslə səbəbsiz olaraq ötürülmür. Qəbulələr arasındakı irtibat və bağlılıq ardıcıl olaraq davam edir. Yuxarıda da xatırlatdığım kimi, bəzi qaynaqlarda Razinin əsir götürdüyü salyanlı xanım da Salyan xanının Qəbulə adlı qızı kimi təqdim edilir.
Qəbulənin əri, Salyan sultanı Həsən bəy, yaxud Qəbulənin nəsli
Bakıxanovun bildirdiyi kimi, “Salyan nahiyəsinin bütün əmirləri” Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilirdi. Bu mənada, Qəbulə xanım Azərbaycan tarixindən izsiz-soraqsız ötüb keçmir.
Bəs Qəbulə kiminlə ailə qurmuşdu? Kimliyini ətraflı bilmirik. II Təhmasibin fərmanında o, “Salyan hakimi Həsən bəy” adı ilə keçsə də, tarixi qaynaqlarda o, Salyan sultanı olaraq xatırlanır: Salyan sultanı Həsən bəy.
Fatimənin və Hüseyn xanın qızı Qəbulə xanım, dediyim kimi, Abbasqulu Ağa Bakıxanovun əsərində Salyan sultanı Həsən bəyin həyat yoldaşı olaraq tanıtdırılır və biz də onu belə qəbul edirik.
Amma bəzi rus qaynaqlarında, o cümlədən, general-leytenant Vasili Pottonun 1889-cu ildə yazdığı “Qafqaz müharibəsi” kitabında bildirilir ki, Zambulatovun batalyonunu qonaqpərvərliklə qarşılayan adam Salyan naibi Hüseyn bəydir. Rus zabitlərini öldürtdürən qadın isə Hüseyn bəyin anasıdır.
Həsən bəyin Hüseyn xanla əlaqəsinə gəlincə, bu barədə tarix yalnız sonrakı mərhələdə belə bir ipucu verir: Həsən bəydən sonra qaynaqlarda Salyanın hakimliyinə iddialı olan Sultanibrahim adlı bir rudbarlı görünür. Salyanı rudbarlı İbrahimdən alan yenə də Hüseyn xanın qohumu, Hüseynəli xanın oğlu Fətəli xan olub. “Hüseynəli xan hicri 1169-cu (1756) ildə oğlu Fətəli ağanı qoşunla göndərib, ata-baba mülkü olan Səlyan nahiyəsini, öz qohumu rudbarlı İbrahim xanın əlindən geri aldı”. Ehtmal etmək olar ki, Sultanibrahim elə Salyan sultanı Həsən bəyin qohumlarındandır və onların Quba xanları ilə, başqa sözlə, Hüseyn xanla qohumluq əlaqəsi barədə tarixdə bundan başqa heç bir cizgi yoxdur. Sadəcə, Hüseynəli xan Salyanı almaq üçün öz oğlunu öz qohumu Sultanibrahim Rudbarlının üstünə göndərir... Nəzərə alaq ki, Rudbarlı Sultanibrahim xandan sonra da onun oğlu Əli xan, yaxud 1797-ci ildən başlayaraq İbrahim xan Rudbarlının qardaşı Məhəmməd xan bir müddət Salyana hakimlik ediblər. Bu mənada, Salyanda hakimiyyətə iddialı olan şəcərənin əsası Qəbulənin ana babası Molla Məhəmməd Rudbarlının timsalında başlayıb və onların hakimiyyəti 19-cu yüzilin əvvəllərinə qədər davam edib. Həsən bəy isə tarix səhnəsindən qanlı hadisə baş verəndən dərhal sonra çəkilir. Daha doğrusu, o hadisədən sonra ruslar Bakıdan təkrar qoşun göndərib Salyanı işğal edirlər və Bakıxanovun bildirdiyinə görə, Həsən bəy də “qaçıb Dağıstan və Şirvan asilərinə qoşulur.”
Davamı növbəti sayımızda
Azər Turan
Xəbər lenti
Hamısına baxSiyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14

