Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir

Azərbaycan regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir

05.08.2015 [08:33]

Prezident İlham Əliyev: Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır
Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Ümumilikdə, müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar özündə kompleks məsələlər və istiqamətləri ehtiva edir.
İqtisadiyyatın şaxələndirilməsi kontekstində davamlı tədbirlər həyata keçirilir
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Ümumiyyətlə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası (şaxələndirilməsi) istiqamətində və digər bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən digər tədbirlər də milli dövlətimizin qüdrətinin artmasında ifadə olunur. Məsələn, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye sektorunun intensiv inkişafında ifadə olunur. Qeyd edək ki, sənayenin şaxələndirilməsi və modernləşdirilməsi mütəmadi olaraq dövlətin diqqət mərkəzindədir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Azərbaycanın regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb
Bütün bunlarla yanaşı, həyata keçirilən səmərəli strateji kursun fonunda milli və regional inkişafa mühüm töhfələr verən amillərdən biri də ölkəmizin bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir”.
Yeri gəlmişkən, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. İlk konteyner qatarının Bakıya çatması ilə əlaqədar keçirilən qarşılanma mərasimində Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, nəqliyyat nazirinin müavini Arif Əsgərov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Qazaxıstanın, Gürcüstanın dəmir yolları qurumlarının, Bakı, Batumi, Aktau limanlarının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərləri, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov vurğulayıb ki, hələ 1998-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək yolunun bərpasını təmin etmək idi. Bugünkü tədbir də məhz bu istiqamətdə səylərin davam etdiyini göstərir. Çindən ilk konteyner qatarının Bakıya gəlməsi 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən, Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir. Bildirilib ki, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.
Tədbirdə o da qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi logistik bir mərkəz kimi görmək istəyir. Bunun üçün də ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və gələcəkdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan addımlardır.
Qeyd edək ki, Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Liman”ı QSC ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin, yükdaşıma həcminin artırılması məqsədilə rəqabətədavamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir. Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb. Bu baxımdan, “Dəmir İpək yolu” adlandırılan, iştirakçı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də, Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcək BTQ layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında yeni körpüdür
Ümumiyyətlə, BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası TransAvropa və TransAsiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərinin ən iri regional layihələrindən biri olan BTQ perspektivdə nəhəng nəqliyyat infrastrukturuna və rentabelli nəqliyyat dəhlizinə çevriləcək. Həmçinin, layihə ölkəmizi Avropa ilə birləşdirəcək, eləcə də, Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirəcək. Məhz buna görə də, “Dəmir İpək yolu” layihəsini regional miqyaslı, qlobal xarakterli layihə kimi səciyyələndirmək mümkündür.
Əsas məqam isə budur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfələr verəcək. Digər tərəfdən, yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. Dövlətimizin başçısının bildirdiyi kimi: “Bizim nəqliyyat və enerji layihələrimiz Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır və mürəkkəb geosiyasi proseslər fonunda qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir”.
BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər.
BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımalarının həcminin mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Artıq Polşa, Macarıstan, Litva, Çin, Albaniya, Qazaxıstan, Əfqanıstan və digər ölkələr də bu dəmir yoluna maraq göstərirlər.
Şübhəsiz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzər hövzəsi ölkələrinin əməkdaşlığına yeni töhfələr verəcək. Prezident İlham Əliyevin vuğuladığı kimi: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Ümumilikdə, Xəzər dənizi region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyidir. Azərbaycan da, öz növbəsində, Xəzərdə əməkdaşlığı dərinləşdirmək və sahilyanı ölkələrin, xalqların mənafeyi naminə bu əməkdaşlığa sanballı töhfələr vermək əzmindədir. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir”.
Azərbaycan beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır
O da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi də mühüm yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”.
Qeyd edək ki, ölkəmizdə nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın sürətli iqtisadi inkişafı ilə bağlıdır. Respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biri, heç şübhəsiz ki, yol-nəqliyyat təsərrüfatıdır.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan, nəqliyyat-yol infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Prezident İlham Əliyev BTQ-nin əhəmiyyətini xarakterizə edərək qeyd edib ki, iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir: “Həmin xətt, öz növbəsində, multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də, sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 944 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31