Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Biznesin yeni təklifləri...

Biznesin yeni təklifləri...

14.09.2024 [10:16]

Sahibkarlar gömrük prosedurlarının sadələşdirilməsini istəyirlər

Sahibkarlar Dövlət Gömrük Komitəsi (DGK) qarşısında gömrük prosedurlarının rəsmiləşdirməsinin optimallaşdırılması təklifi ilə çıxış ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən sahibkar və brokerlərin gömrük orqanları əməkdaşları ilə görüşündə, həmçinin idxal-ixrac əməliyyatlarının və ticarətin daha da asanlaşdırılması məsələləri müzakirə olunub. Sahibkarlar Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov son illər gömrük sistemində aparılan islahatlar, prosedurların sadələşməsi, innovativ xidmətlərin istifadəyə verilməsini müsbət dəyərləndirərək, biznesin fəaliyyətinə müsbət təsir etiyini vurğulayıb. Ancaq bununla yanaşı, bəzi gömrük prosedurlarının biznesin  daha geniş ticari əməliyyatlar aparmasında çətinliklər yaratdığını və onların həllini tapması istiqamətində birgə əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb.

DGK sahibkarların irəli sürdüyü təkliflərin geniş formatda nəzərdən keçiriləcəyini və Sahibkarlar Konfederasiya ilə birlikdə biznesin azad fəaliyyəini təşviq edən islahatların yürüdüləcəyini, gömrük prosedurları ilə bağlı əlavə addımların atılacağını əmin edib.

Biznesin optimallaşdırma təkliflərinə nə daxildir?

Sahibkarları ən çox narahat edən məsələlərdən biri yüklərin sərhədlərdə yubanmasıdır. Son aylarda belə hallara daha çox təsadüf edilir. Bu, həm Gürcüstan, həm də Rusiya ilə sərhəd-keçid məntəqələrində müşahidə edilməkdədir. Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, sentyabrın ilk ongünlüyündə gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı bir qədər də artıb. Təkcə, Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı-Körpü” gömrük postunda 400 avtomobil gözləyir. Bundan başqa, “Samur” gömrük postunda 23, “Mazımqara” gömrük postunda 6, “Biləsuvar”da 13, “Astara” postunda isə 16 yük avtomobili gözləyir. Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.

Bu, yerli daşıyıcı və logistika şirkətlərini, ticarət iştirakçıları olan biznes subyektlərinin xərclərini artırır, onların gəlirlərinə təsir edir. Ona görə də, sahibkarlar sərhəd-keçid məntəqələrində uzun növbələrin yaranmasının qarşısının alınması üçün əlavə post məntəqələrin qurulmasını, gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılmasını, eləcə də tranzit yüklərin daşınması zamanı yüklərin bəyannaməsində meydana çıxan tarif anlaşılmazlıqlarının daha tez həllini tapmasını istəyirlər. Eləcə də tranzit daşınmalarının sürətləndirilməsi, e-TİR layihəsinin tətbiqinin genişləndirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərdə də optimallaşmanın tətbiqi vacib sayılır. Bunun üçün gömrük qaydalarında və qanunvericilikdə dəyişikliklərin edilməsi labüd hesab edilir.

“Şimal-Cənub” və Orta Dəhlizdə daşınmaların artması yeni tələbləri meydana çıxarır...

Əlavə post məntəqələrin qurulması və gömrük rəsmiləşdirmə prosedurlarının asanlaşdırılması və daşınmaların sürətləndirilməsi gömrük xidməti və hökumətin də marağındadır. Çünki Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində daşınmaların intensivləşməsi və axıcılığın artması, eləcə də Orta Dəhlizin Azərbaycan hissəsindən əlavə yüklərin daşınması müşahidə edilir. Cari ilin yanvar-iyul aylarında tranzit daşımaların həcmi 25 faizdən çox artıb. Beynəlxalq dəhlizlərdə daşınmaların artması və tələbatların daha da çoxalması isə ölkəmizin tranzit gəlirlərini yüksəldir. Bu baxımdan yükdaşımaların həcmini sürətlə həyata keçirmək üçün gömrük orqanları əlavə tədbirlərin görülməsinə çalışır.

“Yaşıl dəhliz”in genişləndirilməsi, biznes üçün asan keçidin təmin edilməsi...

Gömrük orqanı biznesin bu tələbatlarını nəzərə alaraq “Yaşıl gömrük dəhlizi”nin (“Yaşıl dəhliz”) imkanlarını daha da genişləndirmək istəyir. Qeyd edək ki, “Yaşıl dəhliz” buraxılış sistemlərindən malların daha tez və asan hərəkə?inə imkan verir. İndiyə qədər sahibkarlara məxsus malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün bu dəhlizin imkanlarının təmin edilməsi ilə bağlı bir sıra addımlar atılıb. Artıq xeyli müddətdir ki, “Yaşıl dəhliz” sistemi beynəlxalq təcrübədə mövcud olan digər buraxılış mexanizmlərinin Azərbaycanda da tətbiqinə imkan verib və hazırda “Yaşıl dəhliz” xidmətləri bütün biznes icması üçün fasiləsiz asan rejimdə açıqdır. Bu baxımdan sahibkarların təklifləri əsasında birgə əməkdaşlıq çərçivəsində prosedurların asanlaşdırılması mümkündür.

Qeyd edək ki, kiçik və orta biznes (KOB) və gömrük orqanı arasında əməkdaşlıq təşəbbüsləri bir neçə ildir ki, davam etdirilməkdədir. 4 il əvvəl Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, sahibkarlığın inkişafına dəstək, idxal-ixrac əməliyyatlarında təcrübənin bölüşülməsi, fəaliyyətin asanlaşdırılması istiqamətində davamlı addımlar atılıb. Memorandumdan irəli gələn təşəbbüslər çərçivəsində gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi təmin olunub. Bir müddət əvvəl “KOB gömrük anbarı” yaradılması da kiçik və orta biznes (KOB) subyektlərinin işini daha da asanlaşdırmağa xidmət edir.

Gələcək fəaliyyət hədəfləri çərçivəsində gömrük xidmətlərinin bütün biznes icması üçün daha əlçatan və əlverişli səviyyəyə yüksəltmək, risklərin tamamilə minimallaşdırmaq, gömrük inzibatçılığını çevik və optimal vəziyyətə gətirməkdir. Eyni zamada, gömrük anbarının fəaliyyəti sayəsində KOB-lar üçün gömrük prosedurlarının rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması nəzərdə tutulur.

İdxaldan asılılığın azaldılması, ixracın artırılması...

Yerli sahibkarların digər bir istəyi yerli istehsalın həcminin artırılması və idxaldan asılılığın azaldılması, ixracın artırılmasıdır. Çünki ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlı təminatı və qida bazarında xaricdən asılılığın minimallaşdırılması yerli bazar qiymətlərinin sabitliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.  Ona görə də sahibkarlar müvafiq qurumlar qarşısında məsələ qaldıraraq idxalı əvəz edən yerli istehsala dövlətin daha əhatəli dəstək verməsini istəyirlər.

Hökumət bu imkanları dəyərləndirərək bazar araşdırması apararaq perspektivli milli istehsal sahələrinə dəstəkləyici təşviqləri davam etdiriləcəyini vəd edir. Xüsusilə də ət məhsulları istehsal edən fermer və sahibkarların təklifləri qiymətləndirilərək heyvandarlıq sahəsi ilə məşğul olanların yem tədarükü məntəqələrinin inkişaf etdirilməsi, örüş yerlərinin yaradılması, südçülük emalı müəssisələrinin yenidən formalaşdırılması üçün əlavə kredit resurslarının təmin edilməsi nəzərdə tutulur.

Elbrus

Paylaş:
Baxılıb: 383 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31