Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qeyri-neft sektorunun qızıl sütunu...

Qeyri-neft sektorunun qızıl sütunu...

11.07.2024 [10:30]

Azad olunmuş ərazilərdəki qızıl hasilatı ölkəmizin dividendlərini artıracaq

“AzerGold” QSC milli dağ-mədən sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı olan filiz, qeyri-filiz yataq və digər mədənçıxarma üzrə geoloji kəşfiyyat proqramının icrasını sürətləndirməkdədir. Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunan strateji inkişaf proqramına uyğun olaraq 15 min kv. km ərazinin 6 min kv.km-də tədqiqatlarını davam etdirməkdədir. Hiperspektral və aeroelektromaqnetik tədqiqatlar vasitəsilə icra olunan proqrama əsasən,  Gəncə-Daşkəsən iqtisadi rayonunun cənub-qərb, Şərqi Zəngəzur iqtisadi rayonunun şimal və  Naxçıvan Muxtar Respublikasının şimal-qərb hissəsində geoloji kəşfiyyat işləri aparılır. Yeni tədqiqat üsulları perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılmasına imkan verir. 

Yeni hasilat rayonlarında aparılan bu tədqiqat işləri yaxın vaxtlarda yeni qızıl mədənlərinin hasilata cəlb edilməsinə və Azərbaycanın qızıl ehtiyatlarının həcminin artmasına səbəb olacaq. Bu isə ölkəmizin strateji qızıl ehtiyatlarının beynəlxalq bazarlarda yerləşdirilməsi və əlverişli şərtlər əsasında gəlir əldə etməsi üçün də fürsətlər yaradır. 

Qeyd edək ki, hazırda dünya bazarlarında qızılın qiyməti son illər ərzində rekord həddə bahalaşaraq sənaye tarixində ilk dəfə bir troya unsiyası 2450 dollara qədər yüksəlib. Qızılın spot qiyməti heç vaxt bu satış əmsalına yüksəlməyib, 2022-ci və 2023-cü ilin əvvəllərində artım müşahidə olunsa da, bu qiymətli metalın unsiyası 1800 dollardan yuxarı olmayıb. Ümumdünya Qızıl Şurasının məlumatına görə, dünyada investisiya aləti kimi qızıla tələbat 4 faiz artaraq 3,5 min tonu ötüb.

Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasını, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasını stimullaşdırır. 

Qızıl investisiya aləti və yığım vasitəsi kimi digər maliyyə alətlərindən daha sərfəliliyini qoruyub saxlayır. Xüsusilə də son illərdə davamlı olaraq pul və digər qiymətli kağızların qızıla investisiya edilməsi də bunu təsdiqləyir. Qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı indi daha məqsədəuyğun sayır, eləcə də dünyanın iri şirkətləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. 

Göründüyü kimi, qlobal bazar konyukturası Azərbaycan üçün əlverişli mühiti formalaşdırır. Bu səbəbdən Azərbaycanın Dövlət Neft Fondundakı, həm Mərkəzi Bankdakı, həm də “Azərgold”un balansında olan qızıl ehtiyatlarının həcmi artırılır. Qızıl rezervlərinin saxlandığı əsas mənbələrdən biri olan Dövlət Neft Fondunun (DNF) investisiya portfelinin təxminən 15 faizi qızıl investisiyalarıdır. Eləcə də  “Azergold” il ərzində 2500-3000 unsiya qızıl satışından əldə etdiyi dividendlərin həcmini əhəmiyyətli dərəcədə artırıb. 

Bütün bunlar “Azergold”un yeni strateji inkişaf proqramı çərçivəsində apardığı tədqiqatların uğurla başa çatması fonunda yeni qızıl rezervlərinin formalaşmasını təmin etməklə ölkəmizin rezervlərini də möhkəmləndirəcək. Onu da qeyd edək ki, hazırda geoloji kəşfiyyatın davam etdirildiyi əsas mədənçıxarma zonalarından biri olan işğaldan azad edilmiş ərazilərdəki ehtiyatlar Azərbaycanın qızıl sənayesində yeni mərhələnin başlanmasına səbəb olacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə başlanmış yeni kontraktların icrası qızılçıxarma sənayesində yeni mərhələnin başlanmasını ehtiva edir. Bu sahəyə ən son texnologiyaların gətirilməsi, müasir emal avadanlıqlarının cəlb olunması hasilatda intensiv artımlara yol aça bilər.

Hazırda Azərbaycan hökuməti Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsindən xəbər verir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə çalışan investorlar torpaq, mənfəət, gəlir və s. vergilərdən, eləcə də qızıl və gümüş məhsullarının satışı əlavə dəyər vergisindən azad olunubr, bu halda qızıl sənayesinə marağın daha da artacağı şəksizdir.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. Bu rəqəmlər hazırkı şəraitdə qənaətbəxş hesab edilsə də, mövcud ehtiyatlar hasilatın ən azı 3-4 dəfə artmasını şərtləndirir. “Azərgold”un inkişaf proqramın 2026-cı ilin sonunadək ilkin texniki-iqtisadi hesablamaların aparılması, yekunlaşdırılması nəzərdə tutulub. Tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar yeni mədən layihələrinə yerli və xarici investorların cəlb edilməsinə imkan verəcək. Beləliklə, azad ərazilərdə başlanacaq yeni sənaye bumu Azərbaycanın qeyri-neft gözləntilərində strateji yer tutacaq qızıl dividendlərinin həcm və dəyərinin də artacağına dərin əminlik yaradır. 

ELBRUS 

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31